Xeyli müddətdir davam edən Rusiya-Qərb savaşında Türkiyə ilk günlərdən tərəf deyil. Xatırlayırsınızsa, Ukrayna-Rusiya müharibəsi başlayanda da Türkiyə bunun qarşısının alınması, müharibənin dayandırılması üçün maksimum səylər göstərdi və göstərməkdədir.
Eyni zamanda bu ilin fevralından davam edən müharibənin gedişində qardaş ölkə dəfələrlə barış missiyası ilə çıxış edib, tərəfləri bir araya gətirib, dəhşət dolu müharibəyə son qoyulmasından ötrü təşəbbüslər göstərib. Qeyd edək ki, savaşın ilk günlərində Ukrayna prezidenti Zelenski də danışıqlara tərəfdar olduğunu deməklə yanaşı, bu danışıqlar üçün ev sahibliyi edə biləcək ölkələr arasında Türkiyə və Azərbaycan paytaxtlarının da adını çəkmişdi. Azərbaycan humanitar sahədə Ukraynaya dəstək verməklə yanaşı, sülhün əldə olunması üçün də əlindən gələni edir. Qardaş Türkiyə hətta Ukrayna taxılının dünya bazarına çıxarılması üçün dəhlizin yaradılmasınadək bir çox uğurlara imza atıb. Eyni zamanda Ukraynanın işğala qarşı dirənişində önəmli rol oynamış “Bayraktar”larla təchizatla da Rusiyanı çətin vəziyyətə salmağı bacardı. Amma beynəlxalq oyunçuların seyrçi qaldığı dönəmdə Ukraynanın qısa müddətdə ilhaqına imkan verməyən hərbi dəstək göstərməsinə rəğmən, Türkiyə Rusiya ilə də münasibətlərdə balanslı mövqe sərgiləməklə uğurlu siyasət yürüdür.
Təəssüflər olsun ki, sülhü bərqərar etmə cəhdləri hələlik nəticəsiz qalıb. Burada Türkiyənin vasitəçilik səylərinin hətta Qərbdə də birmənalı qarılanmaması, daha doğrusu, qısqanclıq doğurması da öz sözünü deyir. Verilən incə mesajlar isə bu qənaəti yaradır ki, Türkiyə Rusiyanı yola gətirə bilər, ancaq Ukrayna Qərbin diqtəsi ilə davranır və ona görə də müharibəni dayandırmaq mümkün olmur. Faktiki olaraq Qərb Rusiyanı ciddiyə almır. Bu kontekstdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belqradda Serbiya dövlət başçısı Aleksandar Vuçiçlə birgə mətbuat konfransında xüsusi bir mesaj verib. Ərdoğan deyib ki, Rusiya ciddiyə alınmayacaq ölkə deyil. O qeyd edib ki, Qərb bu məsələdə səhv edir. Sitat: “Hazırda Qərbin sərgilədiyi davranışı düzgün hesab etmirəm. Təhrik üzərinə qurulmuş bir siyasət var. Bu savaşın qazananı var deyə bilərikmi?” O qeyd edib ki, müharibədə qalib yoxdur, məğlub isə çoxdur: “Biri Ukraynaya bu qədər verdim, o biri isə bu qədər verdim deyir. Yaxşı bəs bu pul haradadır? Silahlar göndərildiyi deyilir. Nə qədər xurd-xəşil varsa, Ukraynaya göndərirlər...”
Əlbəttə, R.T.Ərdoğan daim Qərbin səhvlərini üzünə açıqca söyləyən bir xarizmatik liderdir. Bu baxımdan Türkiyə prezidentinin mesajının arxasında çox ciddi mətləblər dayanır. Bəs ekspertlər nə düşünür, Türkiyə prezidenti bu açıqlaması ilə nə demək istədir? Son açıqlamaları ilə hansı duyuruları vermiş oldu? Türkiyə liderinin açıq və konkret mesajları Rusiyaya dəstəkdir, yoxsa sadəcə, obyektiv mövqe?
Sahib Alıyev: “Türkiyə də Azərbaycan kimi Ukraynanın torpaq bütünlüyünü tanıyır, Rusiyanın o ölkəyə qarşı apardığı savaşa haqq qazandırmır və qazandıra da bilməz”
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, nə Türkiyəyə, nə də Azərbaycana Rusiya ilə Ukrayna arasındakı savaşın Qərbin arzuladığı yöndə getməsi əl vermir: “Açığı, ilk baxışda Qərbin Ukraynanı dəstəklədiyi görüntüsünün olmasına baxmayaraq, düşünmürəm ki, onların məqsədləri ukraynalıları xoşbəxt etməkdir. Qətiyyən belə deyil, qərbdəkilər Ukraynanı özlərinin geosiyasi maraqlarını reallaşdırmaq üçün platsdarma çeviriblər. Ümumiyyətlə, Əfqanıstandan üzü bəri Qərb harada əməliyyat aparıbsa, o ölkəyə və regiona xoşbəxtlik gətirməyib”. S.Alıyev onu da xüsusi vurğuladı ki, Rusiya Ukranaya soxulmasını özəl əməliyyat adlandırsa da, onun apardığı savaşdır: “Həmin Ukraynada özəl əməliyyatı məhz Qərb Rusiyaya qarşı reallaşdırır. Ona görə də imperiya xislətinin diqtəsi ilə hərəkət edən Rusiya Ukraynada qələbə əldə etsə belə, bu, pirr qələbəsi olacaq. Rusiya Ukraynaya soxulduğu gündən savaşın necə nəticələnməsindən asılı olmayaraq, artıq onu uduzmuşdu. Çünki o, savaşı özü planlaşdırıb reallaşdıran yox, buna təhrik edilmiş ölkədir”. Deputat hesab etmir ki, cənab Ərdoğan Serbiyadakı açıqlaması ilə Rusiyanı dəstəkləyirdi: “O, Qərbin xislətini açıb göstərirdi. Ümumiyyətlə isə Türkiyə də Azərbaycan kimi Ukraynanın torpaq bütünlüyünü tanıyır, Rusiyanın o ölkəyə qarşı apardığı savaşa haqq qazandırmır və qazandıra da bilməz”.
Elxan Şahinoğlu: “Ərdoğanın Qərbə olan tənqidi münasibəti bu nöqtədə onu Putinlə bir qədər yaxınlaşdırır”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, həqiqətən də Ərdoğan Rusiya-Ukrayna savaşında balansı qorumağa çalışır: “Bəli, Krımın ilhaqını pisləyir, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma Qərb kimi Rusiya əleyhinə açıqlamalar vermir. Həmçinin Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Çünki Türkiyə-Rusiya əlaqələri Ərdoğan üçün vacibdir. Enerji əməkdaşlığı var. Balansı qorumağa çalışır, amma həm də vasitəçidir”.
E.Şahinoğlu bildirdi ki, taxıl anlaşması məhz Ərdoğanın sayəsində reallaşdı: “Buna baxmayaraq, Ərdoğanın Qərbə olan tənqidi münasibəti bu nöqtədə onu Putinlə bir qədər yaxınlaşdırır. Çünki bu gün Putin də Qərbi sanksiyalara görə sərt şəkildə tənqid edir, Ərdoğan da. Bu nöqtədə əlbəttə ki, Putinlə Ərdoğanın mövqeləri istər-istəməz üst-üstə düşür. Ərdoğanın Serbiyada verdiyi açıqlamalar da əlbəttə ki, Putinin xoşuna gələcək. Amma bütün hallarda yenə də Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, bu ölkəyə ”Bayraktar" satdığını, Krımın ilhaq olunduğunu bəyan etməsini də gərək heç vaxt unutmayaq".
E.PAŞASOY
Tarix: 9-09-2022, 10:00