Partiyalar haqqında qanun hüquqdankənar təşəbbüsdür

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Rusiya-Ukrayna müharibəsində vəziyyət hər gün artan dinamika ilə sürətlə Ukraynalıların xeyrinə dəyişir. Ukrayna gündən-günə artan templərlə rus ordusunu çökdürür və Rusiyanın labüd məğlubiyyəti çox da uzaqda deyil.
Bəs Putin necə, hakimiyyətini qoruya bilərmi? Mümkündür, çünki Rusiya bu gün nəinki hüquqi, heç monarxiyalı dövlət də deyil, hətta monarxiya sistemində də monarxın və təəbələrin hüquqlarını çərçivələyən, nizamlayan qanunlar və qaydalar var. Rusiyada bu gün bu yoxdur. Bir-birinin ardınca qəbul edilən qanunlar hüquq müstəvisindən uzaq, kriminal bir qrupun reallıqla heç bir əlaqəsi olmayan absurd iddialarının qorunmasına xidmət edən, ölkədə sözün əsil mənasında hakimiyyət “bespredeli” yaradan sənədlər toplumu, insanlara eşitməyi, görməyi, dinməyi qadağan edən hüquqi aktlardır. İstənilən adam xarici agent elan edilib tutulur, kimsə nəyisə eşitdisə 5 il, gördüsə 10 il, dedisə 15 il müddətinə həbsə atıla bilir.
Bu, sözsüz ki, xüsusilə sanksiyalar altında günü-gündən pisləşən sosial vəziyyət fonunda uzun çəkə bilməz, belə sosial-siyasi mühitin yaradacağı partlayış Rusiyanı tikə-tikə edəcək.
Amma günü bu gün Putin müharibəni dayandırıb hakimiyyətini qorumağa nail olsa belə, o daha keçmiş SSRİ coğrafiyasında hökm sahibi deyil. Ukrayna xalqı onun yaratdığı mifləri dağıtdı, xarizmasını qırıb taxtdan saldı.
Bundan sonra Putinin hökmü, o hökmü istəyənlərdən, öz varlıqlarını Putini yenidən ata mindirməkdə görənlərdən başqa heç kim üçün keçərli deyil. Putin gedəcək və üzəngisini tutanları, özlərini söykənəcək edənləri də özü ilə aparacaq.
Bu baxımdan İlham Əliyevin hazırladığı “Siyasi partiyalar haqqında” yeni qanun da qarabaqara Putinin izləri ilə yerimək cəhdləridir. Bu qanun hüquq müstəvisindən kənar siyasi “bespredel”dir, dövlət sisteminin institutsional və kommunikativ dayaqlarını dağıdır, kleptokrat-avtoritar ailə hakimiyyətini uzatmağa xidmət edir.
Və ömrü Putinin siyasi ömrü qədərdir.
Tarix: 9-09-2022, 22:44
Xəbəri paylaş





Xəbər lenti