ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfəri çərçivəsində Ermənistanda olub.
Rikerin Ermənistana səfəri çərçivəsində üç gün bu ölkədə qalması diqqət çəkib. Qeyd edim ki, ABŞ Dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Filip Riker həmçinin “ABŞ-ın Minsk Qrupundakı həmsədri” titulunu da daşıyır. Rəsmi Bakı indiki məqamda bu titulu qəbul etmir. Bu mənada Riker İrəvana “ABŞ-ın Minsk Qrupundakı həmsədri” olaraq gəlsə də, Bakıda o, sadəcə ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi kimi qarşılanacaq. Paşinyanla görüş Filip Riker İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib. Ümumiyyətlə, ABŞ mövcud münaqişənin qısa zamanda bitməsini və tərəflər arasında sülhün əldə edilməsini istəyir. Digər tərəfdən Vaşinqton vasitəçilikdə Moskva və Brüsseldən geri qaldığını da yaxşı başa düşür. Ona görə də rəsmi Vaşinqton Filip Rikeri bölgəyə göndərir və bununla “bölgədə biz də varıq” mesajını verməyə çalışır. Lakin Vaşinqtonun regiona və münaqişəyə baxışı Bakı üçün heç də məqbul və konstruktiv deyil. Amerikalı diplomat səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb. Ararat Mirzoyan Filip Rikerlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıyla yanaşı, Qarabağ mövzusunu da müzakirə edib. Əlbəttə ki, Riker səfər çərçivəsində istədiyi erməni rəsmisi ilə görüşə bilər, lakin istədiyi mövzunu müzakirə edə bilməz. Xüsusilə də Ermənistan-Azərbaycan münsibətlərinin normallaşmasında maraqlı olan bir ölkə indiki məqamda İrəvanda rəsmi Bakının qırmızı xətti olan Qarabağ mövzusunu müzakirə etməməlidir. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir və bu mövzu üçüncü ölkələrin müzakirə predmeti ola bilməz. Rikerin erməni rəsmilərlə bu mövzunu müzakirə etməsi özlüyündə ərazi bütövlüyümüzə hörmətsizlikdir. Riker - Rubinyan görüşü və Ankara-İrəvan münasibətləri Filip Riker Ermənisana səfəri çərçivəsində Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanla görüşüb. Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsindən bəhs edib. Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsini və Ermənistanın mövqeyini Filip Rikerə təqdim edib. Görüş zamanı Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların həyata keçirilməsinin vacibliyi də vurğulanıb. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ABŞ üçün də maraqlıdır. Ermənistanın Qərbə inteqrasiyası və Rusiya təsirindən çıxması üçün bu həyati əhəmiyyət kəsb edən məsələdir. Türkiyə-Ermənistan sərhəddinin bağlı olması hazırda bu prosesə əsas maneədir. Ankarının mövqeyi isə bu məsələdə Bakı ilə eynilik təşkil edir. Bu baxımdan Rubinyan Rikerdən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında ABŞ-ın vasitəçi olmasını istəyə bilər. Bununla belə, Türkiyənin bu məsələdə mövqeyinin dəyişəcəyini düşünürəm. Bakı və Ankara strateji tərəfdaşdır və Ermənistan-Azərbaycan münasibətləri normallaşmadığı təqdirdə Ermənistan-Türkiyə münasibətlərinin də normallaşması real deyil. Digər tərəfdən, ABŞ-ın bu məsələyə də yanaşması konstruktiv deyil. Məsələ ondadır ki, Filip Riker Ermənistana səfəri çərçivəsində ilk olaraq qondarma “erməni soyqırımı” memorialını ziyarət edib. Baydenin “soyqırım” ifadəsini dilə gətirməsindən sonra Rikerin də memorialı ziyarət etməsi Vaşinqtonun bu məsələyə real yanaşmasını göstərir.
Müəllif: Politoloq Turan Rzayev
Siam.az