Azərbaycanın əldə etdiyi strateji mövqelər nəyə hesablanıb? - İNCƏ MƏQAM...
İrəvanın diqqətinə təxribatlarının ağır bədəlini ödəyəcəkləri ilə bağlı hər gün mesajlar çatdırılsa da, bundan nəticə çıxarmadılar. Hər dəfəsində də Azərbaycan ordusunun “dəmir yumruğu”nu ənsəsində hiss edərək acı fəlakətlərlə üzləşiblər. Kəlbəcər, Laçın ərazisində sonuncu təxribat zamanı da belə oldu. Ən ağır bədəl ödəyən və itirən tərəf yenə də Ermənistan oldu.
İrəvan həm insani resurs, həm də hərbi strateji cəhətdən mövqelərin əldən verilməsi baxımdan növbəti ağır məğlubiyyətə uğradıldı.
Təxribat nəticəsində Ermənistan tərəfi ilkin məlumatlara görə Azərbaycandan 10 dəfələrlə artıq itki verib.
Baş nazir Nikol Paşinyan Ermənistan tərəfinin itkisinin rəsmi olaraq 49 nəfər olduğunu açıqlayıb və bunun artacağını da istisna etməyib.
İkincisi, İrəvan hərbi-psixoloji baxımdan növbəti dəfə də ağır zərbə alan tərəf oldu.
Üçüncüsü, hərbi strateji mövqelər və yüksəkliklər baxımdan da itirən tərəf Ermənistan oldu.
Ən ağır və sarsıdıcı zərbələr sırasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi-siyasi bloku da qatıldı. İrəvanın KTMT-yə müraciət edib, onu bu prosesə cəlb etmək niyyəti iflasa uğradı. Əksinə, KTMT İrəvanın diqqətinə ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların icrasını xatırlatdı. Bununla da ermənilərin təkcə KTMT-yə olan ümidləri tamamilə puça çıxdı. Bu da öz növbəsində gələcəkləri ilə bağlı depressiv vəziyyətdə ümidsizlik sindormunu yaşayan erməni cəmiyyətinə sarsıdıcı zərbə oldu. Bir sözlə, bütün parametrlər üzrə itirən tərəf yenə də Ermənistan oldu.
Bəs, Azərbaycan…
Düzdür, erməni təxribatı zamanı Azərbaycan tərəfi də canlı qüvvə baxımdan itki verdi. Şəhid və yaralıları var. Amma bu, Ermənistan tərəfindənkindən dəfələrlə azdır.
Qazandığına gəldikdə isə…
Təqdim edilən şəkilə baxmaq yetər…
Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin etmiş oldu. Bununla da Azərbaycan Ermənistan ərazisində Qərbi Zəngəzur, Basarkeçər, Göyçə bölgəsinə, o cümlədən həmin ərazilərdən keçən strateji əhəmiyyətli nəqliyyat kommunikasiya yollarını tam vizual nəzarətə götürmüş oldu. Bir sözlə, Azərbaycan ələ keçirdiyi mövqelərdə möhkəmlənməklə Ermənistanın şimalından cənub istiqamətinə və oradan da Xankəndinə gedən yola tam nəzarət etmiş olacaq. Bu yollara nəzarəti təmin etmək isə Azərbaycana əlavə üstünlüklər və imkanlar qazandıracaq. İstənilən vaxt Azərbaycan həmin yollarda hərəkəti iflic edib, dayandıra bilər. Digər mühüm cəhət isə Ermənistanın Gorus, Cermux, Vardenis, Qarakiləs (Sisian) kimi şəhər mərkəzləri Azərbaycan ordusunun atış məsafəsində olacaq. Bu da Ermənistan tərəfinin gələcəkdə istənilən revanşist niyyətlərini və cəhdlərini izləyib, onun vaxtında qarşısını almaq imkanı qazandıracaq. Azərbaycan ordusunun ələ keçirdiyi bu strateji əhəmiyyətli mövqelərə və yüksəkliklər gələcəkdə Zəngəzur dəhlizinin daha etibarlı şəkildə təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradacaq.
Ermənistan tərəfinin təxribatının iflasa uğraması, həm də Qərbi Zəngəzur, Basarkeçər, ümumiyyətlə, Ermənistanda həm əhali arasında, həm də orduda mənəvi-psixoloji ruh düşükünlüyü, gələcəyə ümidsizliyi yaratmaqla ermənilərin ölkədən köç prosesini sürətləndirəcək.
Ermənistanın son təxribatı eyni zamanda Qarabağda yaşayan ermənilərə də növbəti bir dərs oldu və bundan nə qədər tez nəticə çıxarsalar özləri üçün yaxşı olar.