ABŞ-ı Bakıdan narazı salan nədir - sensasion versiya da var


 519 

Hakimiyyət deputatı: “Rəsmi Vaşinqton anlamalıdır ki, Azərbaycana münasibətdə atılan qeyri-səmimi addımlar...”

Son vaxtlar ABŞ Azərbaycanın siyasətinə mənfi reaksiya nümayiş etdirir. Dövlət katibi Entoni Blinken ATƏT-in Minsk Qrupuna həmsədr təyin edib, Qarabağ ermənilərinə maliyyə yardımı ayırıb. Hətta Azərbaycan ərazilərindəki separatçı-terrorçu erməni rejiminin  qondarma “xarici işlər naziri” David Babayanın Konqresdə çıxışı hazırlanır.
Ağ Evin bu siyasəti haqda ən müxtəlif versiyalar var. Məsələn, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki,  bu, ABŞ-ın daxili siyasətinə dair bir oyundur: “Çünki noyabr ayında konqresdə ara seçkiləri gözlənilir. Və belə görünür ki, hazırda demokratların mövqeyi o qədər də güclü deyil. Təhlükə var ki, respublikaçılar onlara qarşı güclü rəqabət təşkil edə bilərlər. Demokratların administrasiyası da təbii ki, həmişə olduğu kimi, müxtəlif diaspor təşkilatları, o cümlədən erməni təşkilatları arasında özünə dəstək axtarır. Və bu baxımdan ABŞ siyasətindəki erməni meylli addımlar bir növ  bu mövzu ilə bağlıdır”.  Politoloq belə düşünür ki, Ağ Ev eyni zamanda Ermənistanı Rusiyadan uzaqlaşdırmağa həvəsləndirməyə çalışır.
“Şərq-Qərb” Analitika Mərkəzinin direktoru Ərəstun Oruclu isə “Turan”a deyib ki, ABŞ Azərbaycanın son addımlarından narahatdır. Ə.Oruclu buna misal olaraq, Bakıdakı silah sərgisində Rusiya şirkətlərinin iştirakını göstərib. “Dünya Ukrayna hadisələrindən Rusiya silahının nə olduğunu görür. Rusiya küncə sıxışdırılıb, hətta Çin belə Rusiyaya qarşı sanksiyalara riayət edir və birdən məlum olur ki, Bakıda Ukraynaya qarşı istifadə olunan silahlar - helikopterlər, zirehli maşınlar, haubitsalar sərgilənir”, - deyə o bildirib.
Politoloq hesab edir ki, Vaşinqton Bakının bu cür siyasətinə cavab olaraq ermənilərə yaxınlıq göstərir. ""DQR-in xarici işlər naziri" ABŞ-a gedir və orada konqresmenlərlə və universitetlərdə görüşlər keçirirsə, bu, Bakının xarici siyasətini dəyişdirməsi üçün Amerikanın Azərbaycana mesajıdır" - deyə, o bildirib.
Bəs ABŞ-ın bu davranışının gerçək səbəbləri nədir, bu addımların atılmasının arxasında hansı niyyət dayanır?

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son dövrlər ABŞ-ın Cənubi Qafqaz siyasətində xoşagəlməz, anlaşılmaz bir tendensiya müşahidə olunmaqdadır: “Açıq şəkildə erməni separatçılara dəstək mənasını özündə ehtiva eləyən bir davranış tərzi nümayiş olunur. Onun bütün elementləri göz qabağındadır. Bir yandan ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edir, bir yandan Qarabağ ermənilərinə əlahiddə yardım göstərilir, bir yandan da Qarabağdakı separatçı rejimin tör-töküntülərinin və konkret halda qondarma "xarici işlər naziri" David Babayanın ABŞ-a səfəri təşkil edilir, onun Konqresdə görüşü, universitetlərlə təmasları üçün şərait yaradılır. Bu nə deməkdir? Bu deməkdir ki, ABŞ separatizmə dəstək siyasəti verməyə başlayıb?! Bu, ümumiyyətlə, ABŞ-ın özünün də Rusiya ilə birlikdə dəfn etdikləri ATƏT-in Minsk Qrupunu dirilməyə çalışmasıdırmı?! Ölmüş bir quruma yenidənmi süni nəfəs vermək vermək istəyirlər?! Amerikanın Ermənistandakı xanım səfiri tez-tez status söhbətini dilinə gətirir və bu baxımdan onun davranışı Paşinyanın davranışı ilə bir sinxronluq təşkil edir. Nikol Paşinyan da tez-tez Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyindən bəhs edir və bu kontekstdə onların statusu ilə bağlı məsələni hallandırır, eyni zamanda Minsk Qrupunun canlandırılması məsələsini gündəmə gətirir. Yəni rəsmi Vaşinqtonun postmüharibə dövrünün reallıqlarına münasibətdə davranışı ilə rəsmi İrəvanın davranışı üst-üstə düşür, sinxronluq təşkil edir. Təbii ki, bu reallıq çoxsaylı suallar doğurmağa başlayıb. Mənə belə gəlir ki, bu mənzərənin ortaya çıxmasında ABŞ-dakı erməni diasporu və onların təsiri altında olan qüvvələrin fəaliyyəti qeyd olunmalıdır. İndiki halda, hətta nə qədər paradoksal səslənsə də Paşinyan qat-qat, dəfələrlə ABŞ-dakı erməni diasporundan çox sülh istəyir".
Deputatın sözlərinə görə, ümumiyyətlə, xaricdəki erməni diaspor təşkilatları və lobbisinə Azərbaycanla Ermənistan arasında sülh lazım deyil: “Onlar istənilən vasitələrdən istifadə edib bu problemin nə qədər mümkündürsə, uzunmüddətli mövcudluğunda maraqlıdırlar. Ona görə də bütün güclərini işə salıb Ağ Evə, Konqresə təsir göstərirlər, təzyiq edirlər, bütün maliyyə imkanlarını işə salırlar. Amma hər halda, ABŞ hesab edirəm ki, Azərbaycanın yerləşdiyi coğrafiyanı yaddan çıxarmamalıdır. Unutmamalıdırlar ki, Azərbaycan hansı geostrateji əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonla isti münasibətləri heç bir halda Moskvanın əleyhinə deyil, eyni zamanda Azərbaycanın Moskva ilə münasibətlərinin inkişafı heç bir halda Vaşinqtonun əleyhinə deyil. Bunu hər iki paytaxtlarda gözəl bilirlər. Rəsmi Vaşinqton anlamalıdır ki, Azərbaycana münasibətdə atılan qeyri-səmimi addımlar, reallığa uyğun gəlməyən davranış ABŞ-ın bölgəmizlə bağlı geostrateji maraqları üçün də ciddi problemlər və suallar yaradır, Azərbaycanın öz xarici siyasət prioritetlərində dəyişiklik etməsi üçün də süni şəkildə şəraiti yaratmış olur. Ona görə də Vaşinqton həssas və diqqətli davranış ortaya qoymalıdır”.   
Tarix: 14-09-2022, 09:22
Xəbəri paylaş





Xəbər lenti