“RUSİYA ƏZİLMİŞ ƏYALƏT ÖLKƏSİNƏ ÇEVRİLƏCƏK...” – “Ukrayna məğlubiyyəti Putini hakimiyyətdən uzaqlaşdıracaq”




Ukrayna Ordusunun rus hərbi təcavüzünün nəticələrini aradan qaldırmaq üçün başlatdığı əks-hücum kampaniyası davam edir. Son bir həftədə böyük ərazilər rus ordusundan təmizlənib və hazırda hücumlar davam edir. Rusiya 5 ay müddətində işğal etdiyi əraziləri cəmi 3-4 günə əldən verib. Beləcə, hazırda Rusiya ordusu və rus siyasəti öz dövrünün ən biabırcı mərhələlərindən birini yaşayır.
Kreml isə artıq öz xalqına baş verən rüsvayçılığın səbəblərini izah edə bilmir. Görünən odur ki, bu gedişlə Ukrayna savaşının siyasi nəticələri Rusiyada daxili çaxnaşmalara səbəb ola və hakimiyyət uğrunda mübarizəni kəskinləşdirə bilər.
“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib.
- Qabil müəllim, hazırda Ukrayna Ordusu böyük əks-hücum əməliyyatı həyata keçirir, Rusiyanın işğal etdiyi əraziləri azad edir, rus ordusunu torpaqlarından qovur. Dünyanın geopolitik mənzərəsini dəyişdirəcəyi bildirilən bu müharibənin indiki mərhələsini necə qiymətləndirirsiniz?
- Situasiya köklü olaraq Ukraynanın xeyrinə dəyişib. Əgər bir ay əvvəl strateji təşəbbüsün Ukraynanın əlində olduğunu deyirdiksə, indi rahat deyə bilərik ki, Ukrayna qoşunları təşəbbüsü ələ alaraq əks-hücuma keçib, operativ-əməliyyat prosesinə nəzarət edir və düşmənin qüvvələrini təqib edərək torpaqlarını azad edir. Bu, qüvvələr nisbətində kəskin dəyişiklik baş verdiyini və bunun Ukraynanın xeyrinə olduğunu göstərir. Üstəlik, belə təsəvvür yaranır ki, Ukrayna ya bu ilin sonlarına, ya da gələn ilin əvvəllərinə qədər ən azından Xersonu azad etməklə Krım sərhədlərinə çıxa, hətta Krımı da götürə bilər.
Artıq Xarkov istiqamətində uğurlu hərbi əməliyyatlar Ukrayna Ordusunun Belqorod istiqamətində Rusiya ilə sərhədə çıxması ilə nəticələnib. Donetsk və Luqansk ərazilərinə də Ukrayna qoşunları daxil olmağa başlayıb. Bu fonda Rusiya tərəfinin müəyyən tədbirlər görməsinə - Ukraynadakı rus ordusunun komandanlığını dəyişməsinə, əlavə qüvvələr göndərməsinə, hətta yaxın vaxtlarda səfərbərlik elan edəcəyi ehtimalına və s. baxmayaraq, təşəbbüs Ukrayna Ordusunun əlindədir və Kiyev bu təşəbbüsü əldən vermək niyyətində deyil.
Əvəzində, Rusiya Cenevrə konvensiyasında nəzərdə tutulan müharibə qaydalarına uyğun hərəkət etmir. Xarkov, Sum və digər rayonları orta mənzilli raketlərlə atəşə tutur, elektrik stansiyalarını, ötürücüləri və digər infrastrukturu sıradan çıxarır. Bu, müharibənin aparılması qaydalarının pozulmasına əyani nümunədir. Mülki insanların atəşə tutulması isə ümumiyyətlə, heç bir qaydaya sığmır.

- Ukrayna Ordusu geniş miqyaslı hücumlara sentyabrın 8-də başlayıb. Ancaq Rusiya tərəfi hələ də müharibənin gedişatına dair cəmiyyətə real, həqiqi və ətraflı məlumat verməkdən yayınır. Rusiya Müdafiə Nazirliyi Xarkov istiqamətindəki ordusunun Donetsk istiqamətində qruplaşdırdığını elan etməklə kifayətlənib...
- Bəli, onlar iddia edirlər ki, taktiki baxımdan bəzi əraziləri tərk edirlər, qoşun birləşmələrini yenidən qruplaşdırır, zərbə qüvvələri hazırlayırlar və Ukrayna qoşunlarının tutduğu əraziləri geri qaytarmaq üçün yaxın vaxtlarda həlledici hücumlar olacaq. Məncə, bunların hamısı cəmiyyət qarşısında məsuliyyətdən qaçmaq niyyətindən irəli gəlir. Cəmiyyətə doğru-dürüst məlumat verməyənlər, onu qələbə ümidi ilə aldadanlar indi cəmiyyətə belə yalanı təqdim etməklə onu yuxulamağa sövq edirlər. Amma reallıqlar ortadadır. Hətta bu günə qədər Kremlə məddahlıq edən media qrupları - Solovlyov, Simonyan və digərləri təqdimat tonunu dəyişib. Solovlyov iddia edir ki, dünyada həmişə qələbə olmur, bəzən qələbə geriçəkilmələrlə də müşayiət oluna bilər. Simonyan rus və Ukrayna xalqlarının qardaşlığından danışır, onların əbədi dost olacağını vurğulayır və s. Qısası, rus ordusunun ciddi məğlubiyyət mərhələsi yaşadığı göz önündədir. Ən azındna rus cəmiyyətinin ziyalı elitası bu məddahların nə demək istədiyini anlayır və bundan sonra hadisələrin necə inkişaf edəcəyini də proqnozlaşdırır. Dünənə qədər lovğa-lovğa danışanlar indi vəziyyətin təqdimetmə formasını dəyişməyə başlayıblar. Bu da rus cəmiyyətinin əhvalına təsir etməyə bilməz. Məsələn, Sankt-Peterburq Bələdiyyəsi Şurasının, eləcə də Moskvanın Lomonosov rayonunun Bələdiyyə Şurasının üzvləri Putinin dövlətə xəyanət ittihamı ilə məsuliyyətə alınmasını və vəzifədən kənarlaşdırılmasını tələb ediblər. Təxminən iki ay əvvəl isə Primorsk diyar məclisinin kommunistlərdən ibarət olan bir neçə deputatı Dumaya müraciət edərək Putinin vəzifədən kənarlaşdırılmasını tələb etmişdilər. Görünən odur ki, rus cəmiyyətində anti-müharibə əhval-ruhiyyəsi baş qaldırmaqda və özünü müxtəlif formalarda büruzə verməkdədir.
- Sizcə, Ukraynadakı biabırçı məğlubiyyət Rusiya cəmiyyətinə hakimiyyəti dəyişəcək qədər ciddi formada təsir edə bilərmi?

- Müharibənin nəticələri rus cəmiyyətinə ciddi surətdə təsir edəcək. Ehtiyatla olsa da, demək lazımdır ki, Rusiyanın məğlubiyyəti göz qabağındadır, bu məğlubiyyət rus siyasi elitasına da təsir edəcək, hətta hakimiyyətin siyasi olimpində kürsü dəyişikliklərinə gətirib çıxaracaq. Putin və ətrafında olanların böyük qismi siyasi hakimiyyət olimpindən uzaqlaşdırılacaq. Əlbəttə, Rusiyanın indiki imperiya quruluşunda da müəyyən proses yaşana, azsaylı xalqların, ələlxüsus rus dövlətinin qurulmasında böyük rolu olan türkdilli xalqların hərəkətə gəlməsi sayəsində indiki imperiya dağıla, federativ quruluşda müstəqilliyi xeyli artırılan yeni ərazi vahidləri, eləcə də idarəetmə strukturları formalaşa bilər. Hətta onların müstəqilliyə yaxın status da əldə edə biləcəyini istisna etmək olmaz.
- Ukrayna Ordusunun potensialı hara qədər irəliləməyə imkan verəcək?
- Zənnimcə, Qərb vacib silahları vaxtında yetişdirsə, Ukrayna Orudusunun potensialı tükənməyəcək. Ukrayna Ordusu şəxsi heyət baxımındn Rusiya ordusundan iki dəfə az olmasına baxmayaraq, güclüdür. Bunun əsas səbəblərindən biri Ukrayna Ordusundakı şəxsi heyətin ən azı 6-8 ildir cəbhədə olmasıdırsa, digər səbəb onun iradəsi və motivasiyası ilə əlaqəlidir. Rus ordusunda isə psixoloji vəziyyət acınacaqlıdır. Bundan sonra da bu vəziyyəti tarazlaşdırmaq mümkün olmayacaq. Nəticədə rus ordusu beynəlxalq birliyin 1991-ci ildə qəbul etdiyi və tanıdığı Ukrayna sərhədlərini tərk edəcək. Ən azından buna məcbur olacaq.
- Sizcə, Ukraynanın uğurlu əks-hücumunda Qərb kəşfiyyatının və mütəxəssislərinin rolu nə qədərdir?
- Ədalət naminə deyək ki, Qərb Ukrayna Ordusunun həm yenidən qurulmasında, həm də təlim keçməsində əhəmiyyətli rol oynayıb. Böyük Britaniyada, Almaniyada, Polşada təlim mərkəzləri var. Hətta, ABŞ-da təlim mərkəzlərinin olması haqda fikirlər səsləndirilir. Bunun nəticəsində hər gün yüzlərlə təlim görən ukraynalı zabit, gizir, çavuş və ya sıravi əsgər Ukrayna Ordusunun sıralarına qayıdır. Üstəlik, Ukrayna Ordusunun gündəlik fəaliyyətinə cəlb olunan yüksək rütbəli təlimatçı zabitlər var və onların içərisində generalların da olduğu qeyd edilir. Beləliklə, Qərbin həm silah dəstəyi, həm də əməliyyatların hazırlanması və həyata keçirilməsindəki rolu danılmazdır. Amma sözsüz ki, həlledici söz qəhrəman Ukrayna xalqındadır.
- Rusiya elan edir ki, ordusunu dislokasiya edir, qruplaşdırır. Bəs, onun Ukrayna ordusuna həlledici əks-zərbə vurması ehtimalı hansı dərəcədədir?
- Rus ordusu əlində olan bütün arsenaldan, ələlxüsus orta mənzilli və qanadlı raketlərdən istifadə edib və hazırda da edir. Rusiya hərbi qüvvələri müasir silahlarla silahlanmışdı və iki ay əvvələ qədər Ukrayna səmasında “ağalıq” edirdi. İndi bu hökmranlıq Ukraynaya verilən müasir hava hücumundan müdafiə sistemləri vasitəsilə dayandırılıb. Hazırda Ukrayna hava məkanına daxil olan istənilən rus təyyarəsini vurmaq mümkündür.
Taktiki nüvə silahının Ukraynada tətbiq edilməsinə gəldikdə, məncə, bu, mümkünsüzdür. Əvvəla, Rusiya bu silahı tətbiq edəcəyi təqdirdə Qərb də öldürücü nüvə cavab zərbəsi vuracaq. Bunu diplomatik kanallarla Rusiya rəhbərliyinə çatdırıblar. Ən başlıcası ondan ibarətdir ki, Rusiyanın taktiki silahlarının hamısı anbarlardadır. Onların döyüş vəziyyətinə gətirilməsi üçün ən azı 10 saat vaxt tələb olunur. 10 saat ərzində nüvə başlıqlarını anbarlardan yığıb taktiki raketlərə yükləmək və s. əməliyyatları həyata keçirmək mümkündür. Ancaq bütün bu əməliyyatlar havadan və digər vasitələrlə kəşfiyyat aparan strukturlar tərəfindən dərhal qeydə alınacaq. Bu da Qərbin Rusiyaya qabaqlayıcı nüvə zərbəsi endirməsinə səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, döyüş əməliyyatlarında ruslar qanadlı raketlərdən, ”İskəndər”lərdən, orta mənzilli raketlərdən istifadə edəcəklər. Onlar daha çox infrastruktura, yaşayış yerlərinə və digər mümkün hədəflərə zərbə vurmaqla Ukraynadan qisas almağa çalışacaqlar. Eyni zamanda, Ukrayna Ordusu bu müddətdə Donbas və Krım istiqamətlərində rusları sıxışdırıb çıxarmağa çalışacaq. Onu da nəzərə almaq lazımdır ki, ABŞ, Böyük Britaniya, İspaniya, Almaniya və digər ölkələr Ukraynaya daha ölümcül silahlar verməyə razılaşıb.
- Bu müharibənin siyasi nəticəsi nədən ibarət olacaq, Rusiya dünya güclərindən biri kimi rolunu itirə bilərmi?
- Bu, mütləq baş verəcək. Rusiya indiyə qədər özünü super güc hesab edirdi, amma əslində regional gücdür. Məncə, bu savaşın nəticəsindən asılı olaraq Rusiya yorulmuş, taqətdən düşmüş, əzilmiş əyalət gücünə çevriləcək. Buna daxili didişmələri, müharibəyə qədər yüksələcək vətəndaş qarşıdurmalarını əlavə etsək, Rusiya müharibədən sonra bir neçə il özünə gələ bilməyəcək, başı daxili problemlərinə qarışacaq, çox sıxıntılı və gərgin dövr yaşamalı olacaq. Bu nöqteyi-nəzərdən bölgədə yeni güc doğulacaq. Bu müharibə ilə başqa bir millət, dövlət və güc olan Ukraynanın sıçrayışı başlayacaq. Onun bölgənin regional gücünə çevrilmə şansı yaranacaq. Rusiya isə bir daha keçmiş sovet məkanındakı ölkələrə təcavüz etmək, güc mövqeyindən siyasət yeritmək kimi sərsəm fikirlərə əl atmayacaq.
Tarix: 14-09-2022, 09:24
Xəbəri paylaş





Xəbər lenti