Azərbaycan və Ermənistanın şərti sərhədində erməni təxribatlarının motiv və nəticələri




Niyə məhz indi?
 
Ermənistanın Azərbaycanla şərti sərhəddə həyata keçirdiyi gecə təxribatı bir çox hadisə və proseslər fonunda baş verib. Təxribatın motivlərini anlamaq üçün bəzi hadisə və prosesləri nəzərdən keçirmək vacibdir:
 
31 avqust tarixində baş tutmuş Brüssel görüşünün nəticələrinə uyğun olaraq ayın sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişinin mətninin tərtibi ilə bağlı görüş keçirilməlidir. 
 
Rusiya Brüssel görüşündən sonra diplomatik aktivliyini artırdı. Azərbaycan Prezidenti Rusiya Prezidenti ilə telefon vasitəsilə, N. Paşinyan isə V. Putin ilə Vladivostokda əyani formada danışıqlar apardı. 
 
Azərbaycan və Ermənistan liderləri 15-16 sentyabr tarixlərində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməlidilər.
 
ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə nümayəndəsi F. Riker hazırda regionda səfərdədir və yaxın vaxtlarda Azərbaycana baş çəkəcəkdir.
 
Nə baş verir?
 
Beləliklə, Ermənistan istər Brüssel, istərsə də Rusiya formatlarında qərar qəbul etmək məcburiyyəti ilə üzləşmişdir. Hər iki formatda Ermənistandan sülh gündəliyi yaradan qərar verməsi gözlənilir.
 
Sülh prosesini diplomatik yollarla uzatmaq mümkün olmadığından Ermənistan prosesi ləngitmək üçün sərhəddə təxribat variantını seçmişdir. Prosesi ləngitməklə yanaşı, Ermənistan bu təxribatla Rusiya və KTMT-ni də prosesə cəlb etməyə çalışır. Xatırladaq ki, bütün bu proseslər F. Rikerin Qafqaz səfəri zamanı baş verir. 
 
Danışıqlara ayrılmış vaxt tükənmək üzrə olduğundan Azərbaycan Ermənistan təxribatına maksimal sərt cavab verdi. Ermənistanın sülh sazişindən yayınma cəhdləri, Minsk Qrupu və “status” məsələlərinə israrla istinad etməsi Qarabağda hərbi birləşmələrin saxlanılması ilə paralel şəkildə edilir. 
 
Nə baş verəcək?
 
Proseslərin necə gedəcəyi tam olaraq Ermənistan rəhbərliyindən asılıdır. Ermənistanın baş naziri razılaşmaların pozulması üzrə destruktiv addımlar atmaqda davam etsə, Azərbaycanın cavabı özünü çox gözlətməyəcəkdir. Başqa bir variant da mümkündür: erməni cəmiyyətinə sülh gündəliyini qəbul etdirmək üçün Ermənistan rəhbərliyi bir daha eskalasiyaya getmək qərarını verə bilər.
 
Dəqiq olan bunlardır: Azərbaycanın mövqeyi maddi resurslarla möhkəmlənmiş, aydın və ardıcıldır. Ermənistanın mövqeyi isə ziddiyyətli və yayındırıcıdır. Ermənistana ümid verən qüvvələr İrəvanı inandırmalıdırlar ki, götürülmüş öhdəliklərin icra edilməməsi Ermənistanın əvvəlkindən daha ağır şərtlərlə qarşılaşmasına səbəb olacaqdır. Belə şəraitdə Ermənistanın Qarabağdan hərbi birləşmələrinin tam çıxarılmasını gözləyə bilərik. Həm Ermənistan, həm də onun himayədarları Qarabağ ermənilərinin hüquqları və gələcək təhlükəsizliyi ilə bağlı müzakirə açmamışdan əvvəl birmənalı və aydın şəkildə aşağıdakı şərtləri qəbul etməlidirlər: 
 
1) hansısa xəyali Dağlıq Qarabağ adlı obyekt və ya ərazi vahidi yoxdur və müzakirə predmeti ola bilməz; 
 
2) keçmiş “Dağlıq Qarabağ” adlı ərazi birmənalı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsindədir, gələcəkdə də bu məsələ hansısa nəzəri müzakirənin belə predmeti olmayacaq və ola da bilməz
 
Bu şərtlərin əksinə atılan hər hansı bir addım dərhal Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təhdid kimi qiymətləndiriləcəkdir və müvafiq cavab veriləcəkdir.
 
Ona görə də əgər Ermənistanın himayədarları özlərinin erməni xülyalarının sönməsinə imkan verməsə bu ilk növbədə Ermənistanın özünə mənfi təsir göstərəcək və bunun məsuliyyəti tam olaraq himayədarların üzərinə düşəcəkdir.
 
“Cənubi Qafqaz” Tədqiqatlar Mərkəzi




Tarix: 14-09-2022, 09:32
Xəbəri paylaş





Xəbər lenti