Paşinyan “Putin NATO”sundan kömək istəyib, rədd cavabını alacağını bildiyi halda anti-Rusiya ritorikasını gücləndirir; rusiyalı analitik: “Ermənistanın hərbi dəstək üçün KTMT və Rusiyaya müraciət etməsi hüquqi baxımdan qanunaziddir”
Ermənistanın sərhəd təxribatından sonra baş nazir Nikol Paşinyanın sədrliyi ilə gecəyarı keçirilən Təhlükəsizlik Şurasının iclasında Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan da iştirak edib. “Yeni Müsavat” qeyd edir ki, “görüşdə Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı gecə yarısı başlayan təcavüzkar hərəkətlərinə qarşı mübarizə üçün gələcək addımlar müzakirə olunub”.
Ermənistanın suveren ərazisinə “təcavüz”lə əlaqədar Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) müddəalarının həyata keçirilməsi məqsədilə Rusiyaya rəsmi müraciət edilməsi qərara alınıb. Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarı da verib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT baş katibinin müavini Valeri Semerikovla telefon əlaqəsi saxlayıb. Mirzoyan sentyabrın 13-ü gecə saatlarında Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət barədə həmsöhbətinə məlumat verib. Telefon danışığı zamanı KTMT-nin mövcud mexanizmlərinin həyata keçirilməsi yolları müzakirə edilib.
Ermənistan müharibə zamanı da, müharibədən sonrakı təxribatlarında da “əmziyi düşən uşaq kimi” dərhal KTMT-yə müraciət etməyə öyrəncəlidir. Hətta bu ilin yanvarında məlum olaylar zamanı KTMT-nin Qazaxıstana qoşun yeritməsindən rəsmi İrəvanın yanlış nəticə çıxartmasını hamı xatırlayır. Paşinyan hakimiyyəti Kremlin KTMT üzərindən verdiyi Qazaxıstan qərarının bütün üzv dövlətlərin tələbi ilə təkrarlana biləcəyini düşündü. Dərhal da Azərbaycan-Ermənistan sərhəd bölgəsində silahlı təxribatlara başladı. Azərbaycan Ordusu bu təxribatlara yenə sərt cavab verdi. Ermənistan isə yenə ümidini KTMT-nın hərbi dəstəyinə bağladı. Ancaq KTMT rəsmi İrəvanın ümidlərinə adekvat reaksiya vermədi. Əksinə, bu qurumdan verilən açıqlamalarda Azərbaycan-Ermənistan sərhəd bölgəsində yaranmış gərgin vəziyyətin iki ölkə arasında danışıqlar yolu ilə həll edilməsinin vacibliyi vurğulandı.
Rusiya isə mövcud gərginliyin aradan qaldırılması üçün hər iki tərəfə mümkün qədər tez bir zamanda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağı məsləhət gördü. Nəticədə rəsmi İrəvanın KTMT-dən Ermənistanın maraqları çərçivəsində istifadə etmək niyyətləri boşa çıxdı. Ermənistan cəmiyyətində Rusiyaya və KTMT-yə qarşı narazılıq daha da gücləndi. Hətta Ermənistanın bu qurumdan çıxması barədə çağırışlar ön plana keçirildi. Belə görünür ki, Ermənistan KTMT-dən “yox” cavabı alacağını bilir, amma Qərb havadarlarının diktəsi ilə erməni cəmiyyətində anti-Rusiya (çünki bu təşkilatda söz sahibi Rusiyadır) əhvalını alovlandırmaq üçün bu addımı atır. Bu müraciətlərdə Rusiyanı şantaj etmək, Qərbə sığınmaq üçün bəhanə axtarmaq olduğunu Kremldə də bilirlər.
BMT-yə müraciət də növbəti dəfə Azərbaycana qarşı beynəlxalq qınaq təşkil etmək, ölkəmizin nüfuzuna xələl gətirmək, sülh prosesinin pozmağa görə özünü sığortalamaq məqsədi daşıyır. Rəsmi İrəvan hər mümkün bəhanədə, planlaşdırdığı təxribatlarda KTMT-dən Azərbaycana qarşı faydalanmaq niyyətindən də, sülh prosesini əngəlləməkdən artıq əl çəkməlidir. Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi xahişi ilə müraciət daxil olub: “Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək”. Paşinyan da məlumat verib ki, KTMT Daimi Şurasının iclası keçirilib, gecə Rusiya prezidenti, Fransa prezidenti, İran prezidenti, ABŞ dövlət katibi, Aİ Şurasının sədri Şarl Mişellə telefon danışıqları olub. Paşinyan bununla nəyə ümid edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Ermənistanın baş naziri yenə Moskva, Paris və Vaşinqtonu ayağa qaldırmağa çalışır, zənglər edir və Azərbaycan əleyhinə ittihamlar səsləndirir, işə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qarışmasını da istəyir. Politoloqun fikrincə, onun məqsədi bu dövlətlərin və KTMT-nin Azərbaycana təzyiq etməsi və durdurmasıdır: “Bu dövlətlərin hər birində ermənipərəst mövqedə dayanan mərkəzlər olsa da, rəsmi səviyyədə Azərbaycanı qarşılarına almayacaqlar, hər birinin Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı davam etdirməyə ehtiyacı var. KTMT-yə gəldikdə, bu təşkilat ümumi narahatlığını ifadə edəcək. Ermənistan xaricində KTMT üzvlərinin tamamı Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malikdirlər. Buna baxmayaraq, Ermənistan həmişə olduğu kimi Azərbaycana qarşı dezinformasiya müharibəsini genişləndirməyə çalışacaq, Rusiya və Qərbdəki tərəfdaşlarından dəstək umacaq”.
Politoloqun sözlərinə görə, baş verənlər gözlənilən idi: “Nə qədər ki, sülh sazişi imzalanmayıb, Azərbaycanla Ermənistan arasında toqquşmalar fasilələrlə davam edəcək. Rəsmi Bakı xoş niyyət göstərərək, erməni diversantları Ermənistana iadə etdi. Ancaq İrəvan bu xoş niyyətə Kəlbəcərə və Laçına atəş açmaqla cavab verdi, axşamlar yollara yenə minalar döşədi. Azərbaycan yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracaq. Bu baxımdan imkan vermək olmaz ki, Laçın və Kəlbəcər atəş altında olsun. Ona görə də Ermənistandan Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var idi. Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olurlar, İrəvan razılaşmaları daima pozur. Onlar qarşılarında güc gördükdə geri çəkilirlər. Demək, biz daima bu alətdən qarşı tərəfin təxribatlarına qarşı istifadə etmək məcburiyyətindəyik”. E.Şahinoğlu düşünür ki, bu zaman Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək: “Ancaq zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir. Rusiya ordusu geri çəkilir, imicinə zərbə dəyib, dünyanın ikinci böyük ordusu məğlub duruma düşüb. Belə vəziyyətdə olan Rusiyanın Azərbaycanın sərhəddə və Qarabağda qayda-qanun yaratmasını əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq”.
ALDP sədri Fuad Əliyev hesab edir ki, KTMT proseslərə müdaxilə etməyəcək: “Paşinyan çox çalışır ki, Rusiya ilə bizi üzbəüz qoysun, amma qulağının dibini görəcək. Ermənistan mövqelərimizi atəşə tutur, biz cavab veririk, nə üçün sözügedən təşkilat müdaxilə etməlidir? 44 günlük müharibədə də Paşinyan dəridən-qabıqdan çıxırdı ki, bu təşkilat işə qarışsın, Putin bəyan etdi ki, döyüşlər Ermənistan ərazisində getmir. Hazırda Ermənistan KTMT-yə sədrlik edir, iki illik bu postda formal sədrlik Paşinyandadır, amma onun sözü keçərli deyil. Buradan onun qazancı budur ki, biz dünyaya və tərəfdaşlarımıza müraciət edirik, amma dəstək verilmir deyə daxili auditoriyanı inandırmağa müvəffəq olur. Erməni cəmiyyətində Putinə qarşı bir qəzəb yaratmağa çalışır ki, "görürsünüz, bizi müdafiə etmirlər, Ermənistan Rusiya orbitindən qoparaq Avropaya sürətlə getməlidir". Yəni Paşinyan bu kartdan hər dəfə istifadə etməkdədir. Sülh sazişinə doğru irəli addım atmaqdan başqa hər şey edir".
“Ermənistanın hərbi dəstək üçün KTMT və Rusiyaya müraciət etməsi hüquqi baxımdan qanunaziddir”. Bunu isə rusiyalı siyasi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, söhbət lokal sərhədyanı insidentdən gedir, eyni zamanda Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası olmayıb. Korotçenko deyib ki, silahlı insidentin mənbəyi erməni tərəfi və onun silahlı təxribatlarıdır: “Azərbaycanın addımları cavab və məcburi xarakter daşıyır, başqa sözlə, "özünümüdafiə" kateqoriyasına daxil olur. Azərbaycan azad edilmiş ərazilərin dinc bərpası və inkişafı üzrə irimiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il əvvəlki vəziyyətdədir".
Emil SALAMOĞLU
Tarix: 14-09-2022, 09:57