Oktyabrın 2-də Ermənistanda Milli Azlıqlar Günü qeyd edilib. Bu tarix Ermənistan hökuməti tərəfindən ötən il təsis edilib və oktyabrın ilk bazar günü qeyd olunur.
Bu münasibətlə Baş nazir Nikol Paşinyan ölkədəki milli azlıqlara təbrik məktubu ünvanlayıb. Təbrik mətnində qeyd olunur ki, milli azlıqlar dünya xalqlar ailəsinin bir parçası kimi Ermənistan əhalisinin tərkib hissəsi olmaqla ölkəni öz unikallığı ilə zənginləşdirir.
Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti bu bayramı təsis etməklə ictimaiyyətin diqqətini onlarla çiyin-çiyinə yaşayan azlıqların kimliyi mövzusuna, onların problemlərinə cəlb etmək, həmçinin onların həlli yollarını təklif etmək istəyir. O, əmin edib ki, dövlət bu dəstəyi heç vaxt dayandırmayacaq.
Artıq qeyd edildiyi kimi, Ermənistanda Milli Azlıqlar Günü ikinci dəfədir qeyd olunur. Ötən il bu tarixin təsis edilməsi ərəfəsində Ermənistanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin və Ermənistan-İsrail dostluq xiyabanında ucaldılmış xatirə daşının bir daha təhqir olunması faktı ilə bağlı qalmaqal yaşanmışdı.
Son illərdə beynəlxalq sosioloji tədqiqatlar Ermənistan cəmiyyətində antisemitizmin kifayət qədər yüksək səviyyədə olduğunu göstərir. 2018-ci ildə “Pew” Araşdırma Mərkəzinin sorğusuna əsasən, Ermənistanda respondentlərin 32 faizi yəhudilərin qonşusu olmasını istəmədiyini bildirib. Bu, tədqiqatın aparıldığı 18 ölkə arasında ən yüksək göstəricidir.Bir neçə il əvvəl Antidiffamasiya Liqası da dünya miqyasında apardığı sorğuda Ermənistanda antisemit əhval-ruhiyyənin nisbətən yüksək səviyyədə olduğunu qeyd etmişdi. Antidiffamasiya Liqasının ekspertləri tərəfindən müəyyən edilən cəmiyyətdə antisemitlərin şərti nisbəti bu ölkədə 58 faiz təşkil edib.
Bu vəziyyət 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən sonra nəzərəçarpacaq dərəcədə pisləşib. İsrailin Azərbaycana verdiyi yüksək texnologiyalı silahları bir çox ermənilər müharibədə məğlub olmalarının əsas səbəblərindən biri kimi qiymətləndirirdilər. Müvafiq olaraq, bu vəziyyət Ermənistanda antisemitizmin artması üçün əlverişli emosional zəmin yaratdı. Nəticədə 2021-ci il fevralın 12-də İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış memorial vandalizmə məruz qalıb. Bu, son aylarda üçüncü belə fakt idi.
Qeyd edək ki, bu cür davranış təkcə yəhudilərə münasibətdə göstərilmir. Ermənistanda “Yezidi İnsan Haqları Mərkəzi” ictimai təşkilatının sədri Saşik Sultanyanın məhkəməsi hələ də davam edir.
Hüquq müdafiəçisinə qarşı Ermənistan Cinayət Məcəlləsinin 226-cı (Milli, irqi, dini düşmənçiliyin salınması) maddəsi ilə ittiham irəli sürülüb. Ermənistan hakimiyyəti Sultanyanın 2020-ci ilin may ayında İraqın “yezidinews.com” saytında yezidilərin hüquqlarının pozulması ilə bağlı dərc olunmuş müsahibəsində “etnik ədavəti qızışdırdığını” aşkar ediblər. 9 aydır davam edən məhkəmə prosesi zamanı hələ də Ermənistanda yezidilərə qarşı ayrı-seçkilikdən danışılarkən, prokuror Sultanyanın etnik ədavəti qızışdırdığına dair bir dənə də olsun sübut təqdim etməyib.
Ötən ilin oktyabrında Ermənistanın yezidi icmasının nümayəndələri hüquq müdafiəçisi Saşik Sultanyanın müdafiəsi üçün imza toplanması təşkil ediblər. Müraciətin mətnini imzalayanlar hüquq müdafiəçisinə qarşı cinayət təqibi ilə bağlı narazılıqlarını və hiddətlərini bildiriblər.
Öz bəyanatlarında Sultanyanla bağlı vəziyyətə BMT-nin milli azlıqlar, söz azadlığı üzrə xüsusi məruzəçiləri, hüquq müdafiəçiləri, o cümlədən “Freedom House”, “Human Rights Watch”, “Frontline Defenders” kimi beynəlxalq hüquq müdafiə təşkilatları toxunub və hüquq müdafiəçisinə qarşı əsassız cinayət təqibini dayandırmaq üçün Ermənistan hakimiyyətinə çağırış edib.Ermənistanda fəaliyyət göstərən insan haqları təşkilatları bu presedentlə yerli hakimiyyət orqanlarının milli və ya etnik azlıqların nümayəndələrinin və ya başqalarının ayrı-seçkiliyə və ya azlıqların hüquqlarına təsir edən məsələlərlə bağlı açıq bəyanatına müdaxilə etməsindən narahatlığını ifadə ediblər.
Yeri gəlmişkən, oxşar faktlar Ermənistanın Assuriya icması ilə bağlı da qeydə alınıb. Belə ki, ötən payızda assuriyalılar kənd icmalarının genişlənməsinə etiraz ediblər. Hakimiyyət orqanlarının kənd icmalarını genişləndirmək qərarı nəticəsində əhalisinin əksəriyyəti assuriyalıların yaşadığı Dimitrov kəndinin ləğv edilməsi qərara alınıb. Kənd sakinləri parlament binası qarşısında piket keçiriblər. Onlar xatırladıblar ki, Ermənistan qanunvericiliyində icmaların birləşməsi prosesinin milli azlıqların nümayəndələrinin kompakt yaşadığı kəndlərə təsir etməməsi nəzərdə tutulur. Onların fikrincə, genişlənmədən sonra kəndlər, sadəcə olaraq, assuriyalı olmaqdan çıxacaq, çünki onlar daha böyük erməni kəndləri tərəfindən mənimsəniləcək. Lakin heç kim piket iştirakçılarını dinləməyib.
Həmin Dimitrov kəndində ermənilər dini tikilinin assur icmasına aid olduğunu göstərən tarixi sənədlərin olmasına baxmayaraq, yerli kilsəni assuriyalılardan mənimsəməyə çalışırlar.Ermənistanda milli azlıqlara bu cür münasibət təəccüblü deyil. Doğrudan da, bu ölkədə alman faşistlərinin əlaltısı Qaregin Njdeyə abidə ucaldılır, prospekt və küçələr onun adını daşıyır. Njdenin işləyib hazırladığı, ona görə fərd üçün ən yüksək dəyərin öz milləti olduğu, onsuz tam mövcud ola bilməyəcəyi tsexakronizm ideologiyası erməni nəsillərini başqa xalqlara nifrət ruhunda tərbiyə edir. Əslində Ermənistanda başqa xalqlara qarşı dözümsüzlük, türkofobiya və islamofobiya kimi erməni millətçi şüurunun eyni tərkib hissəsinə çevrilib.
Eyni zamanda, Ermənistan Avropanın ən monoetnik dövlətlərindən biri olaraq qalır və burada milli azlıqlar ölkənin ümumi əhalisinin 2 faizindən çoxunu təşkil etmir. Bəs necə olur ki, belə bir vəziyyətdə milli azlıqlar Ermənistan əhalisinin tərkib hissəsi olur, hətta ölkəni öz unikallığı ilə zənginləşdirə bilir?