Körpülər yandırıldı: Zelenski Putinlə danışıqların mümkünsüzlüyünə dair sərəncam imzaladı
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın Ukraynanın “ərazilərini ilhaq etmək cəhdinə” cavab verən qərarını təsdiqləyib.Bu barədə məlumat Ukrayna Prezidentinin saytında dərc olunub.
Bildirilib ki, V.Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyünə dair sərəncam imzalayıb.
Sərəncamda həmçinin Ukraynanın müdafiə qabiliyyətinin artırılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.
Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.
Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.
Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.
Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.
Tarix: 4-10-2022, 14:25