Qarabağda SÜLH: Nə qədər REALDIR? - Nə qədər ki regionda Rusiya var...
İrəvan və Bakı arasında sülh müqaviləsi noyabrın birinci ongünlüyündə Brüsseldə imzalanacaq. Azərbaycan və Ermənistana oktyabr ayının sonuna qədər sənədlərdəki dəyişikləri etmək tövsiyə olunub. Bu barədə Ermənistanın “Past” qəzeti yazıb. Nəşrin məlumatına görə, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana son səfəri zamanı sülh müqaviləsi mətninin yekun variantının oktyabrın sonunda yekunlaşacağı vurğulanıb. Hətta Moskvanın da müqavilənin Brüsseldə imzalanmasına razılıq verdiyi qeyd olunub. Bənzər informasiyalar ermənilərə məxsus digər media orqanlarında da tirajlanıb. Sülh xəbərləri yayan qəzet və portalların hamısının hakimiyyətə yaxın media qurumları olması diqqət çəkib.
SİAM.AZ-ın məlumatına görə, politoloq Azər Rəşidoğlu "Şərq"ə bildirib ki, hazırda cərəyan edən prosesləri nəzərə alsaq, yaxınlarda sülh sazişinin imzalanacağı inandırıcı deyil. Analitik vurğulayıb ki, Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Ermənistan xarici işlər naziri arasında görüş olub və müzakirə olunan məsələlərdə İrəvanın mövqeyi öz əksini tapıb:
"Birmənalı göstərilib ki, məsələ ilə bağlı Ermənistan sərt mövqe tutmaqdadır. İrəvan hökuməti "Azərbaycana qarşı hansısa tədbirlər görülməlidir" deyə düşünür. XİN başçıları arasında Cenevrədə keçirilən görüşü də birmənalı olaraq Ermənistanın öz köhnə siyasətinin davamı kimi qəbul eləməliyik. Məqsəd vaxt almaq, real danışıqlara getməmək, müxtəlif bəhanələrlə sülh sazişinin əldə olunmasına maneələr törətmək və delimitasiya və demarkasiya prosesini uzatmaqdır. O ki qaldı Rusiyaya, reallıq odur ki, Kremlin Qarabağ prosesinə aktiv müdaxilə imkanları azalır. Əvəzində, ABŞ və Fransanın timsalında bölgəmizdə Qərbin aktivləşməsi müşahidə olunur.
İrəvanın xilaskar rolunu daha Rusiyada deyil, ABŞ-da axtardığı məlumdur. Ukrayna müharibəsi fonunda Moskvanın Qarabağ probleminin həllinə təsir imkanları müəyyən dərəcədə zəifləyib. Ukrayna savaşı Kremlə digər problemlər, o cümlədən Azərbaycan-Ermənistan məsələsi ilə ciddi məşğul olmağa imkan vermir".
Ekspertin fikrincə, nə qədər zəifləsə də, Moskvanın bölgəmizdə əsas təsir gücünə malik ölkə olaraq qalır:
"Yəni Rusiyanın bölgəmizdə müəyyən dərəcədə zəifləməsi o anlama gəlmir ki, Cənubi Qafqazda Moskva öz yerini kiməsə güzəştə gedəcək. Rusiyanın Qərbi bölgəmizə sərbəst buraxacağı inandırıcı deyil. Moskvada Avropa İttifaqının moderatorluğuna belə qısqanclıqla yanaşır. Rusiyanın bir əli hələ də bölgəmizdədir.
Moskva buradan çıxmaq fikrində deyil. Son olaylar göstərir ki, ATƏT-in Minsk qrupunu yenidən diriltməyə çalışan Qərbdəki qüvvələr maraqlıdır. ABŞ və Fransa Bakı ilə İrəvan arasında özlərinin iştirakı olmadan hər hansı bir sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Bu baxımdan, prosesin uzanacağını düşünürəm".