Politico: Aİ-də Rusiyaya qarşı səkkizinci sanksiyalarla bağlı razılığa gəliblər


Politico: Aİ-də Rusiyaya qarşı səkkizinci sanksiyalarla bağlı razılığa gəliblər

Avropa İttifaqı(Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi, o cümlədən Rusiya neftinin qiymətinin məhdudlaşdırılması ilə bağlı razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, layihənin yekun variantı oktyabrın 5-də təsdiqlənəcək. Eyni zamanda, Rusiya Federasiyasından neftlə bağlı tədbirlər çərçivəsində faktiki qiymət və ya qiymət həcmi ilə bağlı qərar hələ qəbul edilməyib.
Bundan əlavə, yeni paket Rusiya Federasiyasının polad sənayesinə qarşı tədbirləri əhatə edir. O, həmçinin Aİ vətəndaşlarına Rusiyanın dövlət müəssisələrində rəhbər vəzifələr tutmağı qadağan edir.
Qəzetin qeyd etdiyi kimi, tankerləri Rusiya neftinin böyük hissəsini daşıyan Malta, Yunanıstan və Kipr məhdudiyyətlərin Rusiya neftinə təsirindən narahat olduqlarını bildiriblər. Ona görə də sənədin layihə variantına əsasən, onlara müəyyən güzəştlər edilib.
“Yeddilik” qrupunun maliyyə nazirləri daha əvvəl Rusiya neftinə qiymət həddini tətbiq etmək niyyətlərini bəyan etmişdilər. Bunun üçün onlar “geniş beynəlxalq koalisiya” yaratmaq və neftin koalisiyanın razılaşdırdığı limitdən yüksək qiymətə satıldığı halda Rusiya Federasiyasından dənizlə daşınması üçün hər hansı xidmətin göstərilməsini qadağan etmək istəyirlər.
Rusiya baş nazirinin müavini Aleksandr Novak sentyabrın 1-də jurnalistlərə bildirib ki, Moskva Rusiya Federasiyasından neftin qiymətini məhdudlaşdırmaq qərarına gələn ölkələrə neft və neft məhsullarının tədarükünü dayandıracaq.
Baş nazirin müavininin vurğuladığı kimi, Rusiya “qeyri-bazar şərtləri ilə” fəaliyyət göstərməyəcək. Eyni zamanda Novak Rusiya neftinin qiymətinə məhdudiyyətlərin tətbiqi təklifini “tamamilə absurd” adlandırıb.
Tarix: 5-10-2022, 09:42
Xəbəri paylaş





Xəbər lenti