Qabil Hüseynli: “Artıq İrəvanın Qarabağdakı separatçılarla təmasları və onlara dəstəyi Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiriləcək”
“Paşinyanın sülh müqaviləsinə imza atacağı şübhə doğurmur”Məlum olduğu kimi, son Praqa görüşündə rəsmi Bakı və İrəvan qarşılıqlı formada bir-birinin ərazi bütövlüyünü və suverenliyini siyasi bəyanatla qəbul edib. Görünən budur ki, iki ölkə arasında münasibətlər ilin sonuna qədər müəyyən dərəcədə yoluna qoyula və regionda əməkdaşlıq mühiti yarana bilər. Ancaq bu prosesə əsas maneə Rusiya və onun izləyəcəyi siyasətdir. Rusiyanın proseslərə hansı formada müdaxilə edəcəyi yəqin ki, yaxın dövrdə ortaya çıxacaq.“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor
Qabil Hüseynli ilə müzakirə edib:
- Praqada baş tutan Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı(Aİ) Şurası rəhbərlərinin müzakirələrini necə qiymətləndirirsiniz? Gözləntiləriniz nədən ibarətdir?- Mənim zənnimcə, Praqa görüşündə irəliyə doğru addim atıldı. Düzdür, bu, bütövlükdə prosesin nizama salınması demək deyil, amma Azərbaycan 44 günlük müharibənin nəticələrini siyasi baxımdan qəbul etdirə bildi. Üstəlik, Qarabağın dağlıq hissəsindəki məsələlərin də Ermənistana aidiyyəti olmadığı siyasi bəyanatda vurğulandı. Ölkə prezidentinin dediyi kimi, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlarla indiyə qədər qeyri-formal danışıqlar aparmışıq. Bundan sonra da danışıqlar başlayacaq. Söhbət artıq tezliklə onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunması məsələlərinin müzakirəsinə başlanmasından gedir.
Mənim qənatimcə, bu istiqamətdə atılan addımlar uğurlu ola bilər. Əks təqdirdə Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən şəxslər özlərinin yaşayış yerlərini dəyişmək məcburiyyətində qalacaqlar.Bu mövzuda həm ölkə prezidentinin bəyanatı, həm də Ermənistan baş nazirinin Praqa görüşünə getməzdən əvvəl “sülh müqaviləsini Qarabağsız bağlamaq lazım gələcək” fikri göstərir ki, Ermənistan Qarabağla bağlı siyasi və mənəvi məsuliyyəti üzərindən götürür. Bundan sonra Qarabağın separatçı hissəsi ilə təmaslar, ona göstərilən dəstək Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiriləcək. Azərbaycan isə xüsusilə, dinc mülki əhalinin indiki həyat şəraiti ilə müqayisədə daha yüksək yaşam şərtlərinə təminat verməklə paralel bu qeyri-formal danışıqları sürətlə davam etdirəcək.
- Ermənistan indiyə qədər 10 noyabr üçtərəfli razılaşmasında, 11 yanvar üçtərəfli bəyanatında, eləcə də Brüsseldə keçirilən görüşlərdə əldə olunan razılaşmaları pozaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Bəs, Praqa bəyanatından sonra anoloji hal təkrarlana bilərmi?- Bəli, Nikol Paşinyan daxili proseslərdə “Qarabağ klanı”, daşnaksütyun partiyası və buna bənzər digər siyasi qruplaşmaların ciddi siyasi təzyiqi altında işləyir. Amma o, sülh müqaviləsi imzalamaqda israrlıdır və özünün dediyi kimi, bu yolda ölümünü gözə alaraq addımlar atacaq. Əslində, müəyyən addımlar da atıb. Mənim zənnimcə, onun sülh müqaviləsinə imza atacağı da şübhə doğurmur. Çünki bu saat Nikol Paşinyan özünün dediyi kimi, əgər 29,5 min kvadrat kilometrlik ərazinin bütövlüyünü təmin edəcək sülh sazişinə imza atsa, bu, onun Ermənistan dövlətçiliyinin qorunub saxlanılmasında ən böyük xidməti olacaq.
Qeyd edim ki, Ermənistan Azərbaycanın tarixi torpaqları olan və azərbaycanlıları etnik təmizliyə məruz qoyduğu, Xocalı soyqrımı kimi anti-bəşəri aktlar həyata keçirdiyi ərazilərlə bağlı iddialarını qoruyub saxlaya bilməzdi. Ermənistanda sağlam düşünən insanların bir hissəsi hesab edir ki, bu gün əsas məsələ Ermənistanın 29,5 min kvadrat kilometrlik ərazisinin qorunub saxlanmasıdır. Bunun da həyata keçirilməsi sülh müqaviləsinin bağlanması ilə tənzimlənə bilərsə, bu, Ermənistan cəmiyyətini məmnun edər. Qarabağın dağlıq hissəsindəki separatçılara gəldikdə, onların “öz müqəddaratını təyin etmə”, “rus imperiyasının tərkibində yaşaya bilərik” kimi iddialarında dəyişiklik yoxdur. Azərbaycan tezliklə orada əhalinin siyahıya alınması prosesinə başlayacaq. Onsuz da Qarabağda maksimum 18-20 min erməni əhalisi yaşayır. Onların siyahıya alınması prosesi keçirildikdən sonra bu insanlara Azərbaycan pasportu verilməsinin perspektivləri nəzərdən keçiriləcək. Sözsüz ki, oradakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi, onalrın Azərbaycan vətəndaşlığına qəbul edilmələri, orada olan 5-10 separatçının ərazilərdən qovulub çıxarılması, Rusiya sülhməramlıları ilə danışıqlar aparılması və gələcəkdə onların ölkədən çıxarılması ilə bağlı məsələlər Azərbaycan hakimiyyət orqanlarının üzərinə düşəcək. Onlar da mərhələ-mərhələ öz həllini tapmalı olacaq.
- Aydın məsələdir ki, Rusiya Praqa görüşünün nəticələrindən heç də razı qalmayıb. Əslində, Qarabağ separatçılarına Moskvanın təsiri Paşinyan hökumətindən daha çoxdur. Bu baxımdan rusların aranı qatmasını, Xankəndində hansısa ssenarilər həyata keçirilməsini gözləyirsinizmi?- Ruslar Praqa görüşünün nəticələrinə çox qısqanclıqla yanaşır. Bu regionu ruslar öz “arxa bağçası” hesab edir. İndi isə sülhyaratma prosesindən kənarda qaldığını düşünür. Bu məqsədlə Azərbaycan və Ermənistan rəhbərliyini Moskvaya dəvət etmək niyyətindədirlər. Yeni müzakirələrin olacağı da şübhə doğurmur. Mənim zənnimcə, ruslar Brüssel prosesinə alternativ ortaya qoya bilməyəcəklər. Üstəlik də Brüssel formatını ABŞ öz himayəsi altına alıb. Rusiyanınsa bölgədəki vəziyyəti getdikcə pisləşir. Eyni zamanda, Rusiyanın əvvəlki gücü və qüdrəti qalmayıb.
Bəli, Rusiyanın bölgədə Azərbaycan və Ermənistanla danışıqlardan sonra nələrisə irəli sürməsi mümkündür. Bu, daha çox sülhməramlı qüvvələrin qalmasına aid ola bilər. Hər halda, nəzərə almalıyıq ki, onlar cəfəng ideyalar irəli sürməyi bacarırlar. Vaxtilə SSRİ-yə mənsubluğu baxımından indi də həmin ərazilər üzərində Rusiyanın müəyyən hüquqlarının ola biləcəyi iddiasını səsləndiriblər. Həmçinin, Qarabağda qalan bir ovuc insanın rəy sorğusu gündəmə gətirilə bilər. Hətta kimlərsə qalxıb bu ərazinin Rusiyaya birləşdirilməsi kimi zərərli ideyalar səsləndirilə bilər. Amma bunların hamısı boş fikirlərdir. Necə ki, Ukraynada işğal edilən ərazilərdəki “referendum” son məqsədinə çatmadı, üstəlik dünya tərəfindən pisləndi. Belə bir addımın burada atılmasına isə Azərbaycan yol verməməlidir.
Qeyd edim ki, Azərbaycanın Rusiya ilə münasibətləri qaydasındadır. Güman edirəm ki, ölkə prezidenti bu məsələdə Putinlə ortaq nöqtəni tapmağa çalışacaq və buna nail olacaq. Yox, əgər Rusiya öz hikkəsinin arxasınca gedəcəksə, bu zaman ciddi qarşıdurma olacaq və Azərbaycan, eləcə də qardaş Türkiyə prosesə daxil olmaqla pozucu niyyətləri aradan qaldırmağa çalışacaq və buna mütləq nail olacaqlar.- Praqa razılaşmasına əsasən Ermənistanda Avropanın mülki missiyası qərargah quracaq, iki ay müddətində burada qalacaq və əsasən sərhəd məsələlərinə dair tərəflər arasında problemləri həll etməyə çalışacaq. Ermənistanda rus hərbi bazası da var. Ruslar İrəvandakı revanşistlər, eləcə də erməni ordusundakı agentləri vasitəsilə Paşinyan hökumətinə qarşı 1997-ci ildə Levon Ter-Petrosyanla bağlı gerçəkləşdirdikləri ssenarini təkirarlaya bilərlərmi?-Mən belə riskləri gözləmirəm. O dövrdə Rusiya güclü və qüdrətli idi, həm də Ermənistanın başçıları Rusiyanı müdafiə edirdilər. Ondan sonrakı dövrdə erməni parlamentinə hücum da Köçəryan-Sərksiyan cütlüyünün iştirakı ilə hazırlanmışdı. Rusiya bu proseslərə sadəcə dəstək vermişdi. İndi isə belə bir atmosfer yox dərəcəsindədir. Paşinyan Rusiya ilə müəyyən məsafə saxlamağa, Qərbyönümlü siyasət yürütməyə, Rusiyanın Ermənistana təsir rıçaqlarını azaltmağa çalışır. Bu baxımdan ehtimal edirəm ki, Rusiyanın təxribatları daha çox Qarabağın dağlıq hissəsində olan separatçılarla bağlı olacaq. Bu baxımdan Azərbaycan nəyin hesabına olursa-olsun Qarabağda proseslərin idarə edilməsini öz əlinə alacaq və bu prosesi uğurla başa çatdıracaq.
Tarix: 10-10-2022, 16:54