Milli Məclisdə Fransa və Ukraynadakı səfirimizə sərt tənqid

Milli Məclisdə Fransa və Ukraynadakı səfirimizə sərt tənqid

YAP-çı deputat: “Çox təəssüf ki, bizim Ukraynada olan səfirimiz bu məsələyə laqeyd yanaşır”; yaxın günlərdə Fransa və digər dövlətlərin parlamentlərində Azərbaycan əleyhinə qəbul ediləcək qətnamə və qərarların...

Oktyabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova əvvəlcə İndoneziyanın paytaxtı Cakarto şəhərində keçirilən G20 Parlament spikerlərinin 8-ci Sammitində iştirakı barədə deputatları məlumatlandırdı.


Deputat, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov rəsmi Parisin sərgilədiyi anti-Azərbaycan siyasətinə etirazını ifadə etdi. Öncə bildirdi ki, Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri arasında oktyabrın 6-da Praqada keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru olmaqla bərabər, Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edən məqamlarla yadda qaldı: Təəssüf ki, bəzi qüvvələr prosesi ləngitməyə, regionda gərginliyi artırmağa xidmət edən təşəbbüslərlə çıxış etməkdədir". S.Məmmədov xatırlatdı ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın bir neçə gün öncə Milli Assambleyanın ermənipərəst üzvünün Azərbaycana qarşı əsassız ittihamlarla dolu sualını cavablandırarkən söylədiyi fikirlər də bu qəbildəndir. Deputat bildirdi ki, ki, Fransa indiyə qədər Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı heç vaxt konkret münasibət ortaya qoymayıb: “Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşının həlak olması və ya yaralanması, 4000-ə yaxın azərbaycanlının itkin düşməsi, yüzlərlə həmvətənimizin qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunması faktları ilə bağlı mövqe bildirməyib. Əlbəttə ki, Fransada Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini düzgün qiymətləndirən, regionda baş verən proseslər haqqında obyektiv təsəvvürü olan, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı kimi çıxış edən siyasətçilər də var. Onlar yaxşı bilirlər ki, bölgəmizdə əməkdaşlıq, sabitlik və rifah dövrünün başlanması üçün unikal fürsət yaranıb. Biz regionun tarixində yeni bir səhifə açmışıq. Ona görə də Azərbaycan-Fransa parlamentlərarası İşçi qrupu adından fransalı parlamentariləri, siyasətçilərinə müraciət edərək, belə bir tarixi mərhələdə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə xidmət edən təşəbbüslərdən çəkinməyə çağırırıq”.


Komitə sədri Musa Quliyev bildirdi ki, son günlər Avropadakı siyasətbazlar reallığı əks etdirən sözlər demirlər, ermənipərəst mövqe tuturlar, Azərbaycana qarşı şər-böhtan səsləndirirlər: “Tarixi reallıq ondan ibarətdir ki, 11 oktyabr Ermənistanın Gəncə sakinlərinə qarşı törətdiyi terror aktının ikinci ildönümüdür. Avropadakı siyasətbazlar bunları görsünlər, eşitsinlər, dilə gətirsinlər”. Komitə sədri bildirdi ki, dinc əhaliyə qarşı törədilən hadisələr bütün bəşəriyyətə qarşı cinayətdir: “Cinayətkarların tezliklə tutulmasını və beynəlxalq aləmdə məhkəmə qarşısına çıxarılmasını təmin etməliyik. Avropa siyasətbazları bu günü gözləyir və bu da çox yaxındadır. Avropadakı bəzi nümayəndələr ermənipərəst mövqe tutub öz arzularını Azərbaycana şər atmaqla bildirirlər. Xocalı, Edilli faciəsi, eləcə də iki il bundan əvvəl Gəncənin dinc sakinlərinin raket atəşinə tutulması terror deyil, nədir? Ermənilər daha nə etməlidir ki, Avropada terror dövləti kimi tanınsın?!”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc bildirdi ki, bir ildən çoxdur Fransa dövləti Azərbaycanla hələ müəyyənləşməmiş sərhəddə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır və dövlətimizə hər cür təzyiq edir: “Son Praqa görüşündə yalnız mülki missiyanın, özü də bizim ərazilərə deyil, Ermənistana göndəriləcəyi qərarı Prezident İlham Əliyevin hərbi qələbəmizi beynəlxalq diplomatiya səngərində də qətiyyətlə qoruduğunu göstərdi”.

Komitə rəhbəri avropalı müfəttişlərin regiona gəliş səbəblərindən danışdı: “Bəs avropalı müfəttişlər regiona niyə gəlir? Çünki qəfil başlayan Vətən müharibəsi Qərbin və ayrıca Fransanın uzun illər bölgəni iqtisadi və siyasi təsir altında saxlamasına zərbə vurdu və 10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa ortük altında sərhədə can atırlar. Məkrli plana dövlətimizin haqlı etirazı əleyhimizə ikinci cəbhənin açılması, sərhədin səngərə, döyüş zolağına çevrilməsi təhlükəsi ilə bağlıdır. Ona görə də prezident İlham Əliyev Şarl Mişelin ləyaqətli, əsl Avropa lideri kimi davranışları ilə müqayisədə Emmanuel Makronun apardığı oyunu pozur. Yaxın günlərdə Fransa və digər dövlətlərin parlamentlərində Azərbaycan əleyhinə qəbul ediləcək qətnamə və qərarların səbəbi ölkəmizin Qərb hərbi kontingentinin regiona gəlişinə sərt müqaviməti ilə bağlıdır”.
Deputat Aqil Abbas çıxışına “dünya çox böyükdür, dünyadan danışmayacağam, Ağcabədidən danışacağam” - deyərək başladı. Dedi ki, Ağcabədidə 115 artezian qazılıb, amma işləmir: “Cəmi 11 artezianın bərpasına pul ayrılıb. Camaat zəng edir, məktub yazır, deputatdan da, başçıdan da artezian tələb edir. Görüşəndə deyirəm ki, qardaş, mən artezian vura bilmərəm, buna pulum çatmaz. Bir artezian 50 min manata qazılır. Əhmədzadədən sonra camaat susuz qalıb. Şəmkirdə də camaatın əkin-biçini yanır. Həmin kəndli məcbur olub Bakıya qaçıb gələcək”. A.Abbas problemin təcili həlli zəruri saydı: “Sərsəng su anbarı bizdə deyil, nümayəndələrimiz gedib baxdılar, amma hələ bir yenilik yoxdur. Xahiş edirəm, bu məsələni yoluna qoysunlar”. Deputat qeyd etdi ki, “Azərsu”nun məsul olduğu sahədə, içməli su artezianları ilə bağlı da bərbad vəziyyət hökm sürür. “Yaponlar sağ olsun, o vaxt onlar Ağcabədidə artezianlar qazdırdılar. İndi gərək Yaponiya səfirliyinə müraciət edim ki, artezian vurdursunlar, camaat susuz qalıb”. Sonda A.Abbas “təzə kadrlar nədənsə özünü doğrultmur, sağ olsunlar”, - deyə deputat bildirdi.


Milli Məclisdə “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı. Komitə sədri Siyavuş Novruzov çıxışında bildirdi ki, belə konvensiyalar qəbul olunanda qarşılıqlı şəkildə öhdəliklərə əməl olunmalıdır. S.Novruzov dedi ki, Azərbaycandan hansısa öhdəliklərə əməl etməyi tələb edənlərin yadına nədənsə özlərinin hansı öhdəliklər götürdükləri düşmür. “Bu gün Avropa ölkələrində Azərbaycana qarşı fəaliyyət göstərən kifayət qədər adamlar var. İnsanları təhqir edirlər, şərəf və ləyaqətini təhqir edirlər, dövlət başçısına, deputatına, sənət adamına qədər hər kəsi. Amma bu barədə məsələ qaldırılan kimi, həmin şəxsləri Fransa İtaliyaya, İtaliya Almaniyaya ekstradisiya edir. Halbuki Azərbaycana ekstradisiya olunmalıdır, məsələnin Almaniya, ya İtaliyaya aidiyyəti yoxdur”. Komitə sədri parlamentin yaxın tarixində baş vermiş hadisəyə də toxundu: “Rəhmətlik həmkarımız Şamil Qurbanov bir kəlmə söz işlətdi, buradakı müzakirələrdə iştirak edən səfirlər durub Milli Məclisi tərk etdilər”. S.Novruzov dedi ki, professorun bir kəlməsinə dözə bilməyənlər nədənsə erməni lobbisinin maliyyəsi ilə xaricə sığınan, Azərbaycana qarşı həqarətlər yağdıranları himayə edirlər: “Gələcəkdə belə konvensiyalara qoşulanda şərtlərimizi də ortaya qoymalıyıq. Bildirməliyik ki, şərtlər hamı üçün bərabər olmalıdır”.

Deputat Məlahət İbrahimqızı Ukraynada həbs edilən Qarabağ qazisi Misir Qasımlı barədə danışdı. Bildirdi ki, artıq il yarımdır M.Qasınlı heç bir sübut olmadan həbsxanada yatır və məhkəmənin iclasları əsassız olaraq gecikdirilir. “Çox təəssüf ki, bizim Ukraynada olan səfirimiz bu məsələyə laqeyd yanaşır”, - deyə deputat bildirdi. Qeyd etdi ki, M.Qasımlının vəkili də süründürməçilikdən şikayətçidir: “Hər dəfə məhkəmə olur, amma heç bir dəlil-sübut olmadığı üçün təxirə salınır. M.İbrahimqızı bildirdi ki, Qarabağ döyüşlərində iştirakına görə dövlət başçısı tərəfindən təltif edilmiş Misir Qasımlı 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunub, ailə üzvlərini itirib, işgəncələr görüb. Deputat M.Qasımlı ilə bağlı ədalətli qərarın verilməsinə nail olmaq üçün Azərbaycan-Ukrayna dostluq qrupunu da Ukraynadakı həmkarlarına müraciət etməyə çağırdı.
Deputat Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (birinci oxunuşda) danışarkən vacib bir mövzuya toxundu.


Deputat dedi ki, Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklə hüquqi şəxslərə münasibətdə üzərlərindən məhkumluğun götürülməsi çox aydın şəkildə görünür. Onun sözlərinə görə, fiziki şəxslərə münasibətdə də belə müddəa var: “Ombudsmanla bağlı qanuna da dəyişiklik edəcəyik. Burada da bununla bağlı müddəa var. Bildirilib ki, əvvəllər məhkumluğu olmuş şəxs namizəd ola bilməz. Yəni dövlət vətəndaşa müəyyən müddətdən sonra məhkum olunmamış sayılması üçün hüquq verir, amma qanunlarda bunu nəzərə almırıq. ”Media haqqında" Qanuna da biz bu müddəanı salmışıq. Əvvəllər məhkumluğu olan şəxsləri heç bir vəzifəyə getməyə qoymamaqla bağlı bu müddəalar bizim qanunlarımıza ziddir".

Q.Həsənquliev dedi ki, əvvəllər məhkum olunmuş şəxslərə qarşı məhdudiyyət qoyulması doğru deyil. Q.Həsənquliyev qanunvericilik təşəbbüsü ilə çıxış edən Prezident Administrasiyasına da müraciət edərək, müvafiq şəxsləri bu məsələnin üzərində düşünməyə çağırdı. Spiker Sahibə Qafarova komitə iclasında bu təklifin müzakirə olunmasını zəruri saydı.


İclasda “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunaraq qəbul edildi. Sənədə əsasən, razılığa gələn tərəflərdən birinin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin digər razılığa gələn tərəfdə və ya razılığa gələn tərəfin ərazisində təsis edilmiş beynəlxalq təşkilatda rəsmi akkreditə olunmuş üzvlərini müşayiət edən şəxslərə, bu sazişə əsasən, qəbul edilən dövlətdə və müşayiət etdikləri şəxslər eyni evdə yaşadıqları təqdirdə, qarşılıqlı şəkildə qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə veriləcək.

Elşad PAŞASOY
Tarix: 12-10-2022, 10:27
Xəbəri paylaş





Xəbər lenti