Cümşüd Nuriyev: "III Dünya savaşı İraqda başladı" - DAĞILAN UKRAYNA və planetin SİYASİ BÖLGÜSÜ


NATO baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın qələbəsi Şimal Alyansının məğlubiyyəti deməkdir. NATO ölkələri Ukraynaya yardımı gücləndirəcək. Məgər bu, III Dünya müharibəsi deyil? Savaş yalnız tərəflərdən hansınınsa kapitulyasiyası, yaxud ordusundakı hərbçilərin hamısının ölümü ilə yekunlaşacaq? G20 sammitindən pozitiv nəsə gözləmək olar? Çünki orada Zelenski ilə Putinin görüşü baş verə bilər. İndoneziyanın Bali adasında sui-qəsd də mümkündürmü?
KONKRET.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban mövzu ilə bağlı belə deyib:
“Kim bu müharibənin Rusiya-Ukrayna danışıqları ilə bitəcəyini düşünürsə, bu dünyada yaşamır. Reallıq fərqli görünür. Ona görə də amerikalılar ruslarla razılığa gəlməlidirlər. Və o zaman müharibə bitəcək”.
Məsələnin detallı təhlili üçün politoloq Cümşüd Nuriyevdən aldığımız özəl müsahibədə maraqlı fikirlər yer alıb. Onun sözlərinə görə, NATO baş katibinin yuxarıda qeyd olunan fikri o qədər də uğurlu deyil:
“Ona görə ki, Rusiya NATO ilə müharibə aparmır ki, Şimal Alyansı məğlub olsun. Belə çıxır ki, Stoltenberq NATO-nun siyasətini açıb ortaya tökür ki, Ukraynanı ortalığa biz salmışıq və Kiyev uduzsa, məğlub olacağıq. Amma NATO-Rusiya qarşıdurması açıq müstəvidə deyil. Ukraynanın NATO üzvü olma ehtimalı da hələ yoxdur. Ona görə də Stoltenberq bu fikirlə bir növ “qarğa, məndə qoz var” məsələsini gündəmə gətirir. NATO ölkələri Ukraynaya yardımı gücləndirsin, amma buna alyansın məğlubiyyəti demək birmənalı şəkildə düzgün olmayan fikirdir. NATO bilavasitə kollektiv təhlükəsizlik təşkilatıdır. Rusiya-Ukrayna savaşı isə KTMT-nin aparıcı qüvvəsi olan Moskva ilə Kiyev arasında gedir. Yəni iki müxtəlif kollektiv təhlükəsizlik təşkilatına üzv olan dövlətlər olsaydı, Stoltenberqin fikri hardasa özünü doğruldardı”.
Cümşüd Nuriyev III Dünya müharibəsinə də toxunub:
“III Dünya müharibəsi heç də Rusiya ilə başlamayıb. XXI əsrdə birinci dəfə III Dünya savaşı İraqda başladı. ABŞ İraqı işğal etdi. Sonra bu, Liviyada davam elədi. Bilirsiniz ki, fransız qoşunları oranı bombaladı. Suriyada müharibə bu gün də davam edir. Əfqanıstanı da qeyd etmək lazımdır. İkinci dünya müharibəsində də ayrı-ayrı dövlətlər iştirak edirdilər. Əslində Rusiya-Ukrayna müharibəsi də üçüncü dünya savaşıdır. Çünki savaşda Ukrayna tərəfdən ABŞ başda olmaqla əksər Avropa ölkələri də iştirak edir. Çoxu Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bizim təsəvvür elədiyimiz dünya müharibəsi, ki, bütün dünya bir-birinə qarşı vuruşsun, tarixən elə şey olmayıb”.
Politoloqun fikrincə, sadəcə həmin müharibələrdə iştirakçı dövlətlərin sayı çox olub. Amma bu tendensiya Ukraynadakı savaşda da hiss olunmaqdadır. Cümşüd Nuriyev Rusiya-Ukrayna savaşını III Dünya müharibəsinin davamı adlandırıb. Tərəflərdən hansınınsa kapitulyasiyasına gəlincə:
“Kreml kapitulyasiya etməyəcək. Ukrayna bu savaşa təcrübəsiz daxil olub. Yəni bir qrup dövlətin Rusiyanı parçalamaq maraqları var. Artıq Rusiya da Hyuston sənədlərini açıb ortaya töküb ki, dövləti 4 yerə parçalamaq istəyirlər. Maraqlısı odur ki, həmin sənədlərin açılışından sonra ABŞ bunu təkzib etmədi. Hazırda Baydenin başçılığı ilə Ağ Evin yürütdüyü siyasət ABŞ-a yaraşmayan metoddur. Çünki Vaşinqton xarici siyasətini həmişə ağılla reallaşdırırdı. Amma indi yox. Ona görə də Rusiya-Ukrayna savaşının sülhlə yekunlaşacağı sual doğurur. Burda Macarıstanın Baş naziri ilə razıyam. Çünki Zelenskinin dövlətçilik təcrübəsi yoxdur, Putin də Ukraynanın hakimiyyətdə olan komandasını ustalıqla manipulyasiya edə bilir. Zelenski elə bilir ki, hər şey publikaya işləməklə həll olur, lakin savaşlar publika ilə həll edilmir. Çıxıb camaata ürək-dirək verir, amma dağılan Ukraynadır. ABŞ-ın marağı yoxdursa, niyə ora milyardlarla pul ayırıb və daha çoxunu nəzərdə tutub? Bircə, Əfqanıstanda 80 milyardlıq silahı qoyub çıxdı. O da Talibanın İrana qarşı proqramı var, istifadə olunacaq. Müharibə bir az da davam eləsə, Rusiya Nikolayev və Odessanı da götürəcək. Ukraynanın Qara dənizə çıxışını tam bağlayacaq”.
Politoloq G20-nin Bali adasında baş tutacaq tədbirində Zelenski və Putinin görüşünə də münasibət bildirib:
“Ərdoğan da onların danışıqlar masasına əyləşməsini istəyir. Amma Zelenski özünü qalib tərəf kimi göstərib Putinə meydan oxuyur və bu, onun şoumenliyindən irəli gəlir. Siyasətçilər edəcəklərini heç vaxt açıq şəkildə bildirmirlər. Yəni bu, bizim 1992-ci ildə Xankəndiyə gedə bilmədiyimiz halda Təbrizə bayraq sancmağımız kimi bir şeydir. Əvvəl elə bilirdim ki, Zelenskinin özü belədir. Amma onu yüksək səviyyədə idarə edirlər. Adam Ukraynanı bir az da çökdürəcək”.
Politoliq qeyd edib ki, Qərb bu savaşın Rusiya ərazisinə də keçməsini istəyir ki, rus əhali etiraza qalxsın. Və bununla Putini devirməyi planlaşdırırlar:
“Amma Putin onların fikirləşdiyi Putin deyil və hakimiyyətdən belə sakit getməyəcək. Ona görə də baş verənlər amerikan layihəsidir”.
Cümşüd Nuriyev amerikalıların ikibaşlı oyunlarına misal kimi, ərəb baharları, narıncı və qızılgül inqilablarını örnək gətirib. Hətta sual da qoyub:
“Niyə ABŞ Rusiyanı məcbur etmir ki, Moskva Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarsın? Amerika elə bilir ki, bu formada siyasət yürütməklə dünyanı idarə edəcək, amma bu, idarəolunan bir şey deyil. Obamadan sonrakı Amerika daha çox uduzmaqla məşğuldur. ABŞ, Rusiya, Avropa İttifaqı və Çin dördlük kimi multipolyar təhlükəsizlik sisteminə keçməlidirlər və dünya bunların arasında siyasi cəhətdən bölünməlidir. Əks təqdirdə dünyanın yeni dizaynını qurmaq mümkün olmayacaq”.
Müsahibədə yalnız sui-qəsd məsələsi cavabsız qaldı. Əlbəttə ki, bu riski zaman göstərəcək. Amma dünyada qəliz problemlərin asan həlli üçün qətl metodundan istifadə olunur. Nümunə kimi Con Kennedi və Lex Kaçinski sui-qəsdlərini göstərmək olar.
Tarix: 12-10-2022, 17:13
Xəbəri paylaş





Xəbər lenti