Azərbaycan beş nizamlanma prinsipinin “geniş versiyasını” Ermənistana təqdim edib – Bayramov


Bakı “beş təməl nizamlanma prinsipinin geniş versiyasını” Yerevana təqdim edib. Bu barədə çərşənbə günü Bişkekdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi təkliflərin tədqiq edilməsi üçün vaxt istəyib. “Hələlik Ermənistan cavab verməyib, onların reaksiyası hələlik bizə aydın deyil”, deyə o qeyd edib.
Xatırladaq ki, 2022-ci ilin martında Azərbaycan Ermənistana aşağıdakı prinsiplər əsasında sülh sazişi bağlamağı təklif edib:
–  Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Yerevan bu prinsipləri qəbul etdiyini, amma Dağlıq Qarabağın statusu məsələsinin Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə aidiyyatı olmadığını və ona ayrıca baxılmalı olduğunu hesab edir.(Contact.az)

Tarix: 12-10-2022, 21:47
Xəbəri paylaş





Xəbər lenti