Avropa Siyasi Birliyi sammiti və “Rusiyasız yeni nizam”a Azərbaycanın töhfəsi




6-7 oktyabr tarixlərində Praqada Makronun təşəbbüsü ilə Avropa Siyasi Birliyinin sammiti keçirildi. Aİ-nin 27 üzvündən savayı sammitdə əlavə 17 ölkə iştirak edirdi: keçmiş Şərq Tərəfdaşlığının 5 ölkəsi (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan), qərbi və şərqi Avropanın 5 dövləti (Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn), 5 Qərbi Balkan ölkəsi (Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya və Şimali Makedoniya), 2 Aralıq dənizi dövləti (Türkiyə və İsrail). Sammitə Rusiya və Belarusiyadan savayı bütün Avropa ölkələri dəvət almışdı.

Sammitin əhəmiyyətini Aİ-nin üzvü olmayan, lakin, onun üçün strateji əhəmiyyət kəsb edən ölkələrlə dialoq platformasını yaratmaq zərurəti, Rusiyaya qarşı tarazlıq kimi vahid Avropanın yaradılmasının vacibliyi və Aİ-nın bütün Avropanın adından danışa bilmədiyini dərk edərək Britaniya, Türkiyə, Azərbaycan, İsrail kimi ölkələrlə məsləhətləşmələr aparmaq istəyi şərtləndirirdi.


Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi C.Borrell sammitin “Rusiyasız yeni nizam”a həsr olunduğunu bildirsə də, sammit ölkələr arasında əsas məsələlər üzrə ziddiyyətləri aradan qaldıra bilmədi. Polşa Almaniyanın enerji siyasətini yenə tənqid etdi. Almaniya isə Polşa və digər 14 Aİ ölkəsinin Norveç və ABŞ-dan alınan qazın qiymətlərinin azaldılması tələbi ilə razılaşmadığını bildirdi. Almaniya hesab edir ki, qiymətin azaldılması Norveç, ABŞ və Əlcəzair kimi ölkələri öz qazını qiymətlərin yüksək olduğu Asiyada satmağa stimullaşdıracaqdır. Macarıstan Rusiyaya qarşı tədbiq edilən sanksiyaların nəticə vermədiyini, müharibənin hələ də davam etdiyini, Avropanın “qan axıtdığı” vaxtda Rusiyanın pul qazandığı qeyd etdi və Brüsseli sanksiyalar siyasətinə dəyişikliklər etməyə çağırdı.

Əslində Praqa sammiti Aİ-nın strateji muxtariyyətini nümayiş etdirməyi hədəfləyirdi. Beynəlxalq əhəmiyyətli sammit təşkil etməklə Aİ xarici siyasətdə ABŞ-dan asılı olmadığını göstərmək istəyir. Sammitdə Rusiyaya qarşı yeni sanksiya paketi təsdiqləndi. Sanksiyaların nüvəsini Rusiya neftinə qiymət həddinin müəyyən edilməsi təşkil etdi. Sanksiyalar həmçinin Rusiyaya yeni ixrac-idxal məhdudiyyətləri tədbiq etdi, Aİ vətəndaşlarına Rusiyanın dövlət şirkətlərində rəhbər vəzifələr tutmağı qadağan etdi, Rusiyanın fiziki-hüquqi şəxslərinin kripto pul kisələri və kripto aktivlər saxlamasına məhdudiyyətlər tədbiq etdi.


“OPEC+”-un neft hasilatını azaltmaq qərarı, qışda əhalinin münasib qiymətə enerji ilə təmin edilməsi, Rusiya qazına yuxarı qiymət həddinin müəyyən edilməsi ilə elektrik enerjisinin qiymətinin aşağı salınması zərurəti Brüsselin hazırda qarşılaşdığı əsas problemlərdir. Bu problemlərin həllində Azərbaycan Avropaya kömək əlini uzadır. Çexiyanın ölkəmizi “Avropa ailəsinə dəvət etməsini” Azərbaycan prezidenti Aİ ilə əlaqələrin böyük perspektivləri bucağından qiymətləndirdi. Azərbaycanın coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Avropa üçün Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə nəqliyyat marşrutları təklif edir. Azərbaycan həm də Mərkəzi Asiyada yeni nəqliyyat layihələrinin icrasında iştirak edir.

Azərbaycan və digər neft-qaz ölkələrinin köməyi ilə sentyabrda Aİ-nin qaz anbarları 84%, oktyabrda isə 90%-ə qədər doldurulub. Buna baxmayaraq, Aİ-nin enerji nazirləri sentyabrın 30-da elektrik enerjisi istehlakının məcburi qaydada 5%, könüllü qaydada isə 10% azaldılması ilə bağlı razılığa gəliblər. Azərbaycan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılmasından əvvəl Avropaya qaz ixracını keçən illə müqayisədə 40% artırmışdı. Gələn il ixracın daha 30-40% artacağı gözlənilir. Aİ ilə imzalanmış Memoranduma əsasən isə növbəti illərdə Avropaya qaz ixracı ən azı iki dəfə artırılacaqdır. Hazırda Bakı Xəzərdə külək stansiyaları ilə əldə ediləcək elektrik enerjisinin Avropaya çatdırılması barədə müzakirələr aparır. Azərbaycanın Xəzər dənizində külək enerjisi sahəsində potensial istehsal gücü 157 qeqavatdır. Beləliklə, yaxın gələcəkdə Azərbaycan Avropaya neft və qazdan əlavə elektrik enerjisi də ixrac edəcəkdir.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi



Tarix: 13-10-2022, 08:19
Xəbəri paylaş





Xəbər lenti