“Azərbaycan dövləti Rusiyanın da, İranın da parçalanmasına hazır olmalıdır…”


“Bu yaxınlarda Amerika nümayəndələri mənim uzun illər öncə dediyim fikri bir daha təsdiqlədilər ki, 1990-cı illərin əvvəllərində ABŞ SSRİ-nin parçalanmasına hazır olmayıb. Və əlavə etdilər ki, ona görə də biz müəyyən planlama işləri aparmalıyıq ki, Rusiyanın parçalanmasına hazır olaq. Ancaq böyük imperiyaların, xüsusi ilə də indiki dövrdə Rusiya kimi nüvə silahına malik bir imperiyanın dağılması olduqca təhlükəli bir prosesdir”. 
Siam.az xəbər verir ki, bu fikirləri Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov Rusiya imperiyasının mümkün parçalanma ehtimalı haqda söylənilən mülahizələrə münasibət bildirərkən söyləyib.
“İmperiyalar dağılan zaman çox sayda problemlər, suallar ortaya çıxır. Həmin imperiyanın yerində əmələ gələcək dövlətlər  nə cür olacaq, onlar buna hazırdırlar-hazır deyillər? Bununla bağlı onların daxilində vətəndaş müharibəsi baş verə, müxtəlif terrorçu qruplar meydana çıxa bilər. İndiki halda məsələn, Azərbaycanın şimal sərhədlərində - şimali Qafqazda bir vətəndaş müharibəsinin başlaması ölkəmiz üçün təhlükə yarada bilər. Bundan əlavə, müharibələr nəticəsində ətraf dövlətlərə qaçqın axını ola bilər. Və s. və i.a. Bir sözlə, hər hansı bir imperiyanın  parçalanması çox ağır və ağrılı bir prosesdir. Lakin Rusiya kimi bir imperiyanın dağılması labüddür və bu, əvvəl-axır baş verəcək. Ona görə də yalnız Amerika yox, Avropa yox, biz də Rusiyanın parçalanmasına hazır olmalıyıq. Ümumiyyətlə, mən öncələr də dəfələrlə dediyim kimi,  Azərbaycan dövləti Rusiyanın da, İranın da parçalanmasına hazır olmalıdır. Və bir dövlət olaraq dövlət təhlükəsizlik konsepsiyamızda gizli də olsa, bu prosesə hazırlığı qeyd etməliyik. Hesablamalıyıq ki, hər iki ölkədə bəhs edilən parçalanma hadisələri baş verəndə Azərbaycana hansı təsirlər göstərə bilər və belə bir vəziyyətdə özümüzü necə aparmalı, hansı tədbirlər görməliyik”- açıqlamasının davamında bu fikirləri ifadə edən həmsöhbətimiz Ukraynaya ədalətsiz təcüvüzündən sonra Rusiya daxilindəki narazılıqların daha da artmasının bu imperiyanın dağılma prosesini sürətləndirə biləcəyinə də diqqəti çəkib. 
“Onu da deyim ki, Rusiyanın parçalanması məsələsi bu dəqiqə aktual olmasa da,  yaxın gələcəkdə aktuallığa çevrilə bilər. Çünki Rusiyanın öz içərisində digər sosial-iqtisadi problemlərlə yanaşı, Ukraynaya təcavüzdən narazılıq prosesi də getdikcə artmaqdadır. Xüsusən  son “qismən səfərbərlik” adlanan tədbirlərlə bağlı etirazlar bu narazılığı daha da gücləndirməkdədir. Korrupsiya, rüşvət olan bir ölkədə isə 300 minlik səfərbərlik o deməkdir ki, təxminən 1,5 milyon adamı həmin prosesə cəlb edirlər və onların 1 milyonundan rüşvət alıb səfərbərlikdən kənarlaşdırırlar, 300 min nəfəri isə hərbi əməliyyatlara göndərirlər. Bu da insanların incidilməsi, təqib olunması ilə müşayiət olunur. Rusiya isə onsuz da işçi qüvvəsi çatışmayan ölkələrdən  biridir. Və azı 300 min kişinin orduya cəlb olunması eyni sayda işçinin iş yerindən kənarlaşdırılması deməkdir. Bəs bunun yerini Rusiya hökuməti doldura biləcək, yoxsa yox? Bu da sual altında olan bir məsələdir. Ümumiyyətlə, Rusiyanın iqtisadiyyatı hazırda satılan qazın, neftin hesabına itkilərin yerini doldurur. Bir azdan yeni itkilərin yerini doldura biləcək, yoxsa bilməyəcək? Qərbin tətbiq etdiyi sərt sanksiyaların nəticəsi bir müddət sonra daha ağır şəkildə özünü göstərəcək. Bütün bunlar kompleks şəkildə bir-birinə bağlı məsələlərdir. Və birlikdə Rusiyanın bir imperiya olaraq sarsılmasına doğru aparır”- deyə partiya lideri vurğulayıb./Moderator.az
Tarix: 13-10-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti