Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin HacıbəyliRusiya 1992-93-cü illərdə Azərbaycanda demokratiyanın qarşısını almaq, öz vassalı olan Ayaz Mütəllibovu yenidən hakimiyyətə qaytarmaq üçün Şuşa və Laçını ermənilərə təslim etdi, sonra demokratik yolla seçilmiş və Rusiya qoşunlarını ölkədən çıxarmış qərbyönümlü Əbülfəz Elçibəyi devirmək məqsədilə xəyanət planı qurub Nəcməddin Sadıqovun əli ilə Kəlbəcəri ermənilərə verdi və ardınca Azərbaycanda silahlı hərbi qiyam gerçəkləşdirib legitim hakimiyyəti devirdi.
Silahlı hərbi qiyam nəticəsində hakimiyyətə yiyələnən Heydər Əliyev öz iqtidarına təhlükə hesab etdiyi AXC-nın döyüşən 33 batalyonunun ləğv etdi, nəticədə müdafiəsiz qalan Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ermənilər tərəfindən işğal edildi. Heydər Əliyev prezident seçiləndən həmən sonra Nəcməddin Sadıqovu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin etdi və o 28 il bu vəzifədə kök saldı.
Rusiya 2008-ci ildə Gürcüstanın demokratik yolla seçilmiş qərbyönümlü prezidenti Mixail Saakaşvilini devirmək və Gürcüstan demokratiyasını məhv etmək üçün Abxaziya və Cənubi Osetiyanı işğal etdi. Rus qoşunları Tiflisin 30 km. yaxınlığınadək gəldilər və yalnız ciddi beynəlxalq dəstək Saakaşvili hakimiyyətini xilas edə bildi.
Rusiya 2020-ci ildə Ermənistanda yeni başlayan demokratikləşmə prosesinin qarşısını almaq, demokrat və avrointeqrasiya tərəfdarı Nikol Paşinyanı devirmək üçün 1992-93-cü illərdə özü işğal edib ermənilərə verdiyi aşağı Qarabağ torpaqlarının işğaldan azad olunmasına yaşıl işıq yandırdı. İlham Əliyevə aşağı Qarabağın işğaldan azad etmə əməliyyatına başlamaq icazəsi verib əvəzində yuxarı Qarabağı öz nəzarətinə götürüb orada faktiki olaraq Rusiya hərbi bazası yaratdı.
44 günlük savaşın Ermənistan üçün ağır nəticələri fonunda da Paşinyanı devirmək mümkün olmadıqda Ermənistan Ordusunun Baş Qərargah rəisi Onik Qasparyanın əlilə hərbi qiyam cəhdi gerçəkləşdirildi. Bu cəhd Ermənistan cəmiyyəti tərəfindən dəstək almayandan və Paşinyan hakimiyyətini qorumağa nail olandan sonra Rusiya legitim hökuməti devirmək üçün Köçəryan layihəsinə start verdi və bu işdə ona İlham Əliyev yardımçı oldu.
İlham Əliyevin və ondan təlimat alan adlı-adsız trollar ordusunun “Lazım gələrsə Zəngəzuru zorla alacağıq” ritorikası Xocalı qatili Robert Köçəryanın səslərini az bir müddətdə 4 faizdən 22 faizədək artırıb onu Ermənistanın ana müxalifəti etdi.
Bu da Paşinyanı devirmək, “Sorosun uşaqlarını Cənubi Qafqazdan qovmaq”, “küçədən (yəni, demokratik seçki ilə) hakimiyyətə gəlmək təcrübəsinə son qoymaq” üçün yetərli olmayanda hazırda Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə iddialar gündəmə gəldi.
Dünən Azərbaycanın 20 faizini işğal edib 30 il işğal altında saxlamağa yardım edən Rusiya bu gün Ermənistanı işğal etməyə hazırdır.
Geopolitikanı boş verin. Ən bəsit, ən primitiv qarın davası gedir. Diktatorların xalqlarından oğurladıqları yüz milyardları, bu milyardların və şəxsi təhlükəsizliyin təminatı olan hakimiyyətlərini qorumağın savaşı, hikkəsidir bu.
Və Cənubi Qafqazın hər üç xalqı 30 ildir bu hikkənin girovudur.
Tarix: 15-10-2022, 22:07