“İran dronları Ukraynada çox səmərəli və təsirli işləyir. Ona görə də siz təkcə Azərbaycan mənbələrinə yox, həm də Ukrayna ilə işləyən mənbələrə baxsanız, onlar hamısı deyirlər ki, dronlar Ukraynaya böyük ziyan vurur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Zərdüşt Əlizadə deyib.
Politoloq İranın Rusiyaya satdığı “Geran” dronlarından, habelə ABŞ-ın Ukraynaya göndərdiyi silahların qısıtlı olmasından söz açıb:
“Uzağa getməyək, açın hərbi ekspert Aqil Rüstəmzadənin müsahibələrinə baxın. O, Gela Vaşadzeyə müsahibəsində deyir ki, “bəli, İran dronları tam müasir silah olmasa da, çox uzaq məsafəyə gedir və hərbi təsirini göstərir”.
Başqa məsələ də budur ki, mütləq silah anlamı yoxdur. Bütün silahlar, hətta qanadlı raketlər də mütləq silah deyil. Ona görə də Rusiya-Ukrayna müharibəsi yalnız İran dronlarından asılıdır və bu dronlar əlavə bir vasitədir. Hələlik hərbi üstünlük Rusiyanın tərəfindədir. Xüsusilə, Qərbin Ukraynaya göstərdiyi hərbi yardımlar çərçivəsində bunu görmək olur ki, bu hərbi yardımı da Bayden həzrətləri çay qaşığı ilə verir”.
Analitik deyib ki, ABŞ bu günə qədər Ukraynaya 30 dənə HIMARS verib ki, onların da 5-6-sı sıradan çıxıb:
“Bəs Rusiyanın nə qədər uzaqmənzilli topları var? Minlərlə! Baxmutun yaxınlığında ağır döyüşlər gedir. Ukrayna ordusu da artıq Baxmut tərəfdən addım-addım geri çəkilir. Nəyə görə? Üzərlərinə nəhəng mərmi axını gəlir və buna dayana bilmirlər. Eləcə də 1,000 km-dən uzun cəbhə xətti var. Belə olan halda 20-25 dənə HIMARS orada nə edəcək?!
ABŞ-ın özünün 700-800 HIMARS-ı və ordudan kənar ehtiyatda saxladığı 5,000-dən çox tankı var. Versin də 200 tank Ukraynaya! Yoxdur axı tankları. Bir dənə belə tank, yaxud təyyarə verməyib. Çay qaşığıyla verir ki, Ukrayna halsızlaşsın, Rusiya zəifləsin və onlar da kənardan baxıb işlərini görürlər”.
“Özü də Avropanın özünün silahı azdır. SSRİ çökəndən və Soyuq Müharibə qurtarandan sonra Avropa öz hərbi xərclərini, ordularının sayını və hərbi sənayesini kəskin azaltdı. Nəticədə də o oldu ki, indi Avropanın Ukraynaya verəsi silahı yoxdur. Lap 20%-ni versə də, heç olmasa, 80%-ni özündə saxlamalıdır. Çünki ölkədaxili qanunlara görə, ordunun silahı olmalıdır. Əgər ordusunun silahının hamısı ondan alıb Ukraynaya versələr, sonra həmin prezidenti qulağından tutub divardan asarlar ki, “sən niyə öz ölkəni tərksilah etmisən?!
Məsələn, yadınızdadırsa, Polşa bütün tanklarını götürüb Ukraynaya verdi. ABŞ söz vermişdi ki, onun əvəzində öz tanklarını verəcək Polşaya, amma tank filan gəlmir və ölkənin hazırda tank qoşunları demək olar ki, yoxdur. Yaxud Slovakiya. MiQ-29 təyyarələrinin hamısını verdi Ukraynaya. Əvəzində ABŞ onlara qırıcı təyyarə verməliydi, verməyib indiyə qədər. Faktiki olaraq, Polşa və Slovakiya hazırda silahsızdırlar. İndi bəxtləri gətirib ki, NATO üzvü dövlətləridir və heç kəs onlara hücum etməyəcək. Amma ki, öz silahını Ukraynaya verib. Balaca Estoniya, Latviya, Litva əlindən gələni edir və silah verir, amma ABŞ vermir. 20 dənə HIMARS veribsə, min şükür!”, – əlavə edib.
Müsahibimiz vurğulayıb ki, ABŞ bu aydan Ukrayna üçün ayrılmış 2 milyard 400 milyon dolları büdcəyə qaytarıb və onlara vermir:
“İndiyə qədər Lend-Liz işə düşməyib. Lakin 2 ay ərzində bunu işə salmalı və Konqresə hesabat verməliydi, amma Lend-Liz indiyə qədər işləmir. Yalnız əlavə ayrılmış pullar gedir. ABŞ əlavə ayrılmış pullardan da sentyabrın axırında 2 milyard 400 milyon pulu işlənməmiş pul kimi qaytarıb büdcəsinə. Necə ki, bizdə ilin sonunda istifadə olunmamış pullar xəzinəyə keçirsə, o cümlədən də ABŞ xəzinəsinə o pul gedir. Bu, Baydenin mövqeyidir.
Qaldı ki, İran dronlarının işləməməsinə, bu, boş söhbətdir. İran dronları mütləq silah deyil, lakin təsirli silahdır və Ukrayna ordusu həmin dronlardan böyük əziyyət çəkir”.
Tarix: 17-10-2022, 22:09