Avropa İttifaqı İranı yeni sanksiyalarla vurur

İranda həbsdə olan gənc qadının ölümü və ardınca ümummilli etirazların amansızlıqla yatırılmasına görə, İranın informasiya naziri, ölkənin əxlaq polisi və digər yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib.
Blok oktyabrın 17-də rəsmi inzibati səhifəsində 11 nəfərin və 4 qurumun adı daxil olmaqla, sanksiyalara məruz qalanların siyahısını dərc edib.
Siyahıya əxlaq polisi adlanan yüksək vəzifəli məmurlar, İslam İnqilabı Keşikçiləri Korpunun hərbiləşdirilmiş “Bəsic” qüvvələri və milli polisin uniformalı bölməsi daxildir.
Tehran oktyabrın 17-də sanksiyalara “dərhal” cavab verəcəyini vəd edib.
Məhsa Əmini baş örtüyünü düzgün taxmadığı iddiası ilə sentyabrın 16-da Tehranda əxlaq polisi tərəfindən nəzarətə alındıqdan üç gün sonra vəfat edib. Şahidlər onun təhlükəsizlik işçiləri tərəfindən döyüldüyünü gördüklərini deyib
Lakin hökumətin rəsmi hesabatında Əmininin ölümünə səbəb başına və ya başqa yerlərinə vurulan zərbələr deyil, xəstəliklə əlaqəli olduğu bildirilib. Ailəsi isə 22 yaşlı gəncin nəzarətə götürülərkən sağlamlığının yaxşı olduğunu iddia edib.
Onun ölümündən sonra hökumətin təhlükəsizlik qüvvələrinin hər hansı iğtişaşa qarşı sərt davranacağına dair xəbərdarlıqlarına baxmayaraq, iranlılar hökumətin onlara qoyduğu məhdudiyyətlərə etiraz etmək üçün bütün ölkə boyu küçələrə çıxıb.
Sentyabrın 25-də Avropa İttifaqı Əmininin ölümündə əli olanlar “məsuliyyət daşımalıdır” – deyə, bəyanat yayıb.
Avropa İttifaqı həmçinin İran rəsmilərini İnternetə çıxışı “ciddi” şəkildə məhdudlaşdırdığına görə ifadə azadlığını pozmaqda ittiham edib və bildirib ki, o, “Məhsa Əmininin öldürülməsi və İran təhlükəsizlik qüvvələrinin nümayişlərə reaksiyası ilə bağlı ixtiyarında olan bütün variantları nəzərdən keçirəcək”.
Osloda yerləşən İran İnsan Haqları Qrupu oktyabrın 17-də bildirib ki, repressiyalar zamanı 27-si uşaq olmaqla, azı 215 nəfər həlak olub.
İran hökuməti heç bir sübut təqdim etmədən etirazların arxasında Qərbin dayandığını deyir.
ABŞ, Britaniya və Kanada insan haqlarının pozulmasına görə artıq İrana qarşı sanksiyalar elan edib.
Tarix: 18-10-2022, 10:43
Xəbəri paylaş





Xəbər lenti