İran sərhəddə kimə güc göstərir - suallar çox, cavablar yanıltmac kimi...


 

Ölkəsi daxilində bu qədər problem varkən, Tehran hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır?

İran növbəti dəfə Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Hərbi təlimlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları tərəfindən Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında keçirilir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlərinə izahı da kifayət qədər mübahisəlidir.  SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur təlimlərin məqsədi ilə deyib ki, guya bu hərbi tədbirləri, qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır. O zaman ortaya haqlı sual çıxır: sərhəddə hərbi təlimlərlə dostluq mesajının nə  əlaqəsi ola bilər? Amma Məhəmməd Pakpurun sonrakı fikirləri təlimlərin əsl məqsədini açır: “Hərbi təlimlər düşmənlər üçün İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır”. O zaman daha bir haqlı sualı da cavab vermək lazımdır: İran ölkə sərhədlərinə təhdid dedikdə Ermənistanı, Azərbaycanı, yoxsa Türkiyəni nəzərdə tutur, gerçəkdən belə bir təhdid varmı?
“Regionun dəyişən coğrafiyası İran üçün “qırmızı xətdir”. İranın IRNA agentliyi xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Hüseyn Səlami Azərbaycanla sərhəddə keçirilən irimiqyaslı təlimlərdən danışarkən deyib ki, “İran dostluq və qardaşlıq siyasətinə sadiqdir, nə qədər ki, düşmənlər ona qarşı hiylə qurmasınlar”. “Biz qonşularımızı əməkdaşlıq və qeyri-hərbi yanaşmalar vasitəsilə problemlərini həll etməyə təşviq edirik. Bizim bu regionda maraqlarımız var, ona görə də regionun hansısa guşəsində insident baş verərsə, maraqlarımıza təhlükə yaranarsa, o zaman biz bitərəf qalmayacağıq və öz maraqlarımızı müdafiə edəcəyik”, - deyə general əlavə edib.
O, həmçinin bildirib ki, qonşu ölkələr “İsraili öz torpaqlarına buraxmamalıdırlar”. Bu arada İranın “Yekta Press” adlı saytı  iddia edib ki, İsrail Rusiyadakı yəhudiləri Azərbaycanda yerləşdirir.
İranın Azərbaycandakı səfiri Abbas Musəvi isə bildirib ki, İran sərhəddə keçirilən hərbi təlimlər barədə Azərbaycanı məlumatlandırıb. “Biz bu hərbi təlimlər barədə qardaş Azərbaycana məlumat vermişik... Bunlar sülh naminə keçirilən təlimlərdir”, - səfir əmin edir. Səfir İran rəsmilərinin tez-tez Ermənistanın xeyrinə bəyanatlar verməsi faktına da aydınlıq gətirib. “Bu, İranın hansısa tərəfi dəstəkləməsi ilə bağlı deyil, sadəcə olaraq, İranın strateji maraqları ilə bağlı məsələdir. Biz öz maraqlarımız çərçivəsində mövqeyimizi bildiririk” deyə, diplomat əlavə edib. Azərbaycan və İran prezidentlərinin Astana görüşündə dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir.
Ona görə də sual yaranır ki, İran daxilində bu qədər problem varkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır?
 
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, İran İslam Respublikası regionda ümumi dini maraqların tələbinə uyğun olaraq müsəlman ölkələrini dəstəkləməkdənsə, Ermənistanı dəstəkləyir. İranın Ermənistana 30 ildən artıqdır dəstəyi ən müxtəlif istiqamətlərdə və formalarda olub. Azərbaycana qarşı açıq və ya gizli formada aparılan fəaliyyət Ermənistana dəstək fəaliyyəti ilə paralel aparılıb. Bir çox hallarda isə Ermənistana dəstək fəaliyyəti məhz birbaşa Azərbaycan əleyhinə olub: “Özünü islam dininin hamisi, müsəlmanların hamisi elan, haqqın tərəfdarı elan edən İran əməldə tamamilə bunların əksini nümayiş etdirib və bu gün etdirir. Müsəlman azərbaycanlılara, müsəlman ölkəsi olan Azərbaycana qarşı 30 ildən artıq işğalçılıq siyasəti həyata keçirən, vandallıq edən Ermənistanı müdafiə etməyin, haqqı pozulan tərəf Azərbaycan olduğu halda haqsız tərəfin yanında dayanmağın başqa adı yoxdur. İndi isə Azərbaycan sərhədlərində geniş miqyaslı hərbi təlimlər keçirməsi həm də Zəngəzur dəhlizinin açılmasına qarşı güc nümayişidir. Deməli, həm də Azərbaycana qarşı fəaliyyətdir. Bu hərbi təlimlərin keçirilməsi Tehranın öz aləmində Azərbaycana, eləcə də Türkiyəyə hədə, güc nümayişi göstərmək istəyindən irəli gəlir. İran regionda türk dövlətlərinin birləşməsi prosesindən narahatdır. Hesab edir ki, Zəngəzur dəhlizinin açılması bu prosesi daha da sürətləndirəcək və türk dünyası birləşəcək. Ona görə də çalışır ki, bu prosesin qarşısını alsın. İran görür ki, türk dünyasının birləşməsində Azərbaycan xüsusi rola malikdir, bu prosesdən Cənubi Azərbaycandakı azərbaycanlılar ruhlanacaqlar. Ona görə də Tehran əsas təzyiqi Azərbaycana edir. Ancaq İran Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilməyəcək”.   
Politoloq İranın keçirdiyi hərbi təlimlərə çıxarılan texnikaların, silahların köhnə olduğunu da qeyd etdi: “İranın keçirdiyi hərbi təlimlərdə istifadə olunan hərbi texnika və silahlara diqqət etdik və bəlli oldu ki, 1960-cı illərin istehsalı olan T62 Rusiya tankları, köhnə nəsil reaktiv yaylım atəş sistemləri və digər bu kimi köhnə qeyri-modern texnikalar və silahlardır. 1960-70-ci illərin istehsalı olan köhnə texnikalarla hərbi təlim keçirirlər. Sadəcə olaraq çıxarılan texnikaların, silahların və hərbçilərin kütləviliyi bir az təsirli görünə bilər. Azərbaycan ordusu isə hərbi təlimlərini müasir yeni nəsil silahlarla, hərbi texnikalarla keçirir. Ona görə də 44 günlük Vətən müharibəsində sübut elədi ki, müasir, modern, yeni nəsil hərbi texnikalarla, silahlarla təlimlərin nəticələri döyüş meydanında necə olur. Diqqət edirsinizsə, indi İranın keçirdiyi həmin təlimlərə Azərbaycanın heç rəsmi reaksiyası yoxdur. Azərbaycanın müttəfiqləri də bu təlimlərə reaksiya vermirlər. Bu onu göstərir ki, İranın öz aləmində bizə təzyiq kimi keçirdiyi hərbi təlimlər bizə təsir etmir. Tehran başa düşəcək ki, Azərbaycana təzyiq vasitəsilə nəyəsə nail ola bilməz. Azərbaycanın çox güclü müttəfiqləri də var. Azərbaycanın ərazi bütövlüyü 1 santimetr də olsa pozulsa regionun güclü dövlətləri Türkiyə, Pakistan, İsrail Azərbaycanın yanında dayanacaq, İranda yaşayan 10 milyonlara Azərbaycan türkü Azərbaycanın müdafiəsinə qalxacaq. Ona görə də İran hakimiyyəti təzyiq üsulunun perspektivinin onun özü üçün acı nəticələrini yəqin ki, düşünür. İran Azərbaycana qarşı hərbi addım atsa dünyanın əksər böyük gücləri, hətta Azərbaycanı ümumən xoşlamayan böyük dövlətlər də dərhal Azərbaycanın yanında olacaq və İrana qarşı böyük bir dəhşətli dalğa işə düşəcək”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov isə İran bizə gücünü nümayiş etdirir, amma   Azərbaycanın da döyüş təcrübəsi qazanmiş güclü ordusu var: “44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, biz torpaqlarimizi müdafiə etməyi  və şəhid verməyi də bacarırıq. Buna baxmayaraq,  SEPAH qoşunlarinin generalı Azərbaycana İran mətbuatında hədə-qorxu gəlir, Azərbaycanın xarici və daxili siyasətinə müdaxilə edir. Yəni onlar təkcə sərhəddə hərbi təlimlərlə kifayətlənmirlər, Azərbaycana təzyiq xarakterli bəyanatları da paralel olaraq davam etdirirlər. İran hakimiyyəti bir müstəqil dövlət olaraq anlamalıdır ki, İranda 35 milyon türklər yaşayır və yaxşı olardi ki, əvvəla öz daxillərində olan problemləri aradan qaldırsınlar. Öz problemlərini həll etməmiş başqasının daxili işlərinə qarışmasınlar. Birdəfəlik bilsinlər ki, Azərbaycana hansısa köhnə silahları sərhədə yığıb hərbi təlimlər keçirməklə təsir edə bilməzlər. Azərbaycanla-Türkiyə arasında Şuşada imzalanmiş hərbi müttəfiqliyi nəzərdə tutan Şuşa Bəyannaməsi var. Həmin bəyannamədə açıq-aydın yazılıb ki, tərəflərdən hər hansı birinin ərazisinə müdaxilə olduğu halda, hər iki dövlət bir-birinin ərazisini müdafiə etməyə borcludur. Əgər İran generalı bu razilaşma haqqinda xəbərsizdirsə, xəbəri olsun. Azərbaycana hədə-qorxu gəlmək yersizdir. Azərbaycanin ərazisinə soxulmaq, razılaşmaya əsasən Türkiyəyə müharibə elan etmək deməkdir. İranın cənubunda Azərbaycana dost dövlət olan Pakistan var. Azərbaycanin İsrail dövləti kimi dostu var. Mən hesab edirəm İran generalının çıxışı və hərbi təlimlər yersiz addımlardır. Bizə hədə-qorxu gəlməklə bizi haqq yolumuzdan döndərə bilməzlər. Dövlət maraqlarımız tələb edən anda bizim xalqımız siyasi, dini mövqeyindən asılı olmayaraq tam olaraq dövlət başçımızın ətrafında birləşməyi də bacarır. Bunu bizim xalqımız 44 günlük Vətən müharibəsində bir daha bütün dünyaya sübut etdi. O İranlı generala sualımı yönəldirəm ki, sizin ərazinizdə yaşayan xalqlar bizim kimi birləşə  biləcəklərmi? Mən buna inanmıram”.
Tarix: 19-10-2022, 09:22
Xəbəri paylaş





Xəbər lenti