Ermənistan Moskvanın sərhəd xəritələrindən qorxur - Brüssel təklifinin “sirri”


İrəvan Bakıya Brüsseldə delimitasiya üzrə komissiya iclasını keçirməyi təklif edir, xəritələr isə Rusiya Baş Qərargahındadır; iki politoloqdan fərqli rəy: “Paşinyan Qərbin kadrı olduğu üçün danışıqları Brüssel müstəvisinə çıxarmağa çalışır”

Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiya iclasını keçirməyi təklif edib. “Yeni Müsavat”ın xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün tvitter hesabında məlumat verib. Müvafiq məsələ oktyabrın 2-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyanın Cenevrədə keçirilən görüşündə müzakirə olunub. Komissiyalara Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan rəhbərlik edir. Qriqoryan və Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş mayın 24-də Ermənistan və Azərbaycan sərhədində, ikinci görüş avqustun 30-da Moskvada Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.
Məlumdur ki, Rusiya Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmağı təklif edir. Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır. Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib. Baş Qərargahdakı hərbi xəritələrdən ona görə istifadə olunur ki, onlar ən dəqiq xəritələr hesab olunur. Həmin xəritələr bir növ kartoqrafik və ya topoqrafik etalon sayılır. Rusiya Dövlət Kitabxanasında Azərbaycana aid 9 ədəd xəritə mövcuddur.
Həmin xəritələrdən ən qədimi 1925-ci ildə çap olunan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən 15 mahalı, bir muxtar vilayəti və muxtar respublikası qeyd olunub. 1925-ci ildə çap olunmasına baxmayaraq həmin xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi ermənilərin sonradan adlandırdığı Stepanakert kimi deyil, qədim adı olan Xankəndi şəhəri kimi göstərilib. Bu arxivdə olan digər xəritələr isə Yermakovun 1928-ci və 1931-ci illərdə tərtib etdiyi “Qafqaz” adlı xəritələri, 1936-cı ildə çap olunan ağ kağız üzərində qara rəngli ştrixlərlə cızılan və sərhədlərin qeyd olunduğu “Z.S.F.S.R” xəritəsi, 1938-ci ildə Ümumrusiya Geoloji Fondu tərəfindən nəşr olunan xəritə, 1975, 80, 84 və 85-ci illərdə nəşr olunan SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xəritələridir. Bu xəritələrdə Ermənistan Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirdiyi də ortaya çıxır. Qars müqaviləsinə daha yaxın xəritə məhz 1925-ci ilin xəritəsidir.
Məhz bu xəritənin əsasında Cənubi Qafqaz respublikalarının inzibati-ərazi bölgüsü aparılıb. Ona görə də əksər ekspertlər Sovet İttifaqının ən gənc dövrünə aid 1925-ci ilin Zaqafqaziya siyasi xəritəsi əsasında sərhədin delimitasiyası aparılmasını vacib sayır. Ermənistanın niyə görə sərhədlərin delimitasiyasının sovetlər dövründəki xəritələr, xüsusi ilə də 1920-ci ilin xəritələri əsasında aparılmasına qarşı çıxdığının səbəbi də aydındır. Bu səbəbdən Ermənistan rəhbərliyi komissiyanın iclaslarının Moskvadan kənarda keçirməyə, bununla da Rusiya xəritələrindən yayınmağa cəhd edir. Avropa Birliyinin müşahidə missiyasının da Ermənistan sərhədlərinə yerləşdirilməsin də əsas  məqsədi bu prosesi ya uzatmağa və öz xeyrinə müəyyənləşdirməyə xidmət edir. Ermənistan Moskvanın sərhəd xəritələrini qəbul etmək istəmirsə, nə təklif edir?

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə, Qərb və Rusiya 1920-ci ilin Qafqaz xəritəsinə qayıtmalıdırlar: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Azərbaycan sərhədinin sovet vaxtından mövcud olması və 1991-ci ildə MDB-yə daxil olarkən qarşılıqlı tanınması barədə bəyanatı absurddur. Aydın məsələdir ki, Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir. Ona görə də Ermənistan tərəfi SSR xəritələrinə istinad etmək istəyir. Son variant kimi, İrəvan Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də müəyyənləşən sərhəd xəttinə istinad etmək istəyir. Rusiya isə ən son xəritələr haqda danışarkən 1974-cü il SSRİ xəritələrinə əsasən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını nəzərdə tutur. Vurğulamaq lazımdır ki, bu təklif Ermənistan tərəfinin də xoşuna gəlməmişdi. Belə ki, 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib ki, bu dəyişikliklər SSRİ-nin sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb. Yuxarıdakı deyilənləri nəzərə alaraq 1991-ci il Alma -Ata sammiti zamanı qəbul edilən sərhəd xətti ciddi sual altına qoyulur. Belə ki, 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının bir hissəsinin, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. Daha sonra isə, 1984-86 cı illərdə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi”.
Politoloq qeyd edir ki, XX əsrin 80-ci illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-nin o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməyib: “SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan etmişdi. Beləliklə, SSRİ dövrü zamanı, 1920-ci ilin sonundan 1991-ci ilə qədər Ermənistana verilən bütün torpaqlar qeyri-qanunidir və bu məsələnin beynəlxalq arenada qabardılması indiki şəraitdə mümkünsüz kimi görünməməlidir. Əgər söhbət Azərbaycan və Ermənistan arasında torpaqların tənzimləməsindən gedirsə o zaman, 1920-ci ilə qədər hər iki dövlətin sərhədinə baxmaq lazımdır. Aydın məsələdir ki, SSRİ işğalı zamanı sərhədlərin dəyişdirilməsi birtərəfli və qeyri - qanuni xarakter daşıyıb. Hazırda Rusiyanın özünün  bir çox qonşu dövlətlərin sərhədlərini 1920-ci il kontekstində sual altına qoyduğu, Qərbin SSRİ kommunist rejimini qanunsuz qara yara adlandırdığı bir zamanda Azərbaycanın delimitasiya ilə bağlı ən azından 1920 -ci ilə qayıtması tutarlı arqumentlərlə doludur. 1920- ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən 9 000 kv km əraziyə malik idi. Buna görə də, hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcan keçirmələrinin heç bir hüquqi və məntiqi əsası yoxdur”.

Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, Ermənistan danışıqların Qərb platformasında davam etməsində maraqlıdır: “Avropa Birliyinin aparıcı ölkəsi isə Fransadır və onun bizə münasibəti hamıya bəllidir. Fikrimcə, Qərbdən gələn hər hansı təklif ümumi işin xeyrinə olmayacaq, çünki Avropa dövlətləri Azərbaycana münasibətdə qərəzlidirlər. Ancaq xəritələr Rusiyadadır, işçi qrupu da yaradılıb, Moskva formatında bu iclasların keçirilməsi daha düzgün olardı. Çünki 10 noyabr sənədinin müddəaları da Rusiyanın vasitəçiliyi ilə razılaşdırılıb. Sadəcə, Paşinyan Qərbin kadrı olduğu üçün danışıqları Brüssel müstəvisinə çıxarmağa çalışır”.
Tarix: 19-10-2022, 09:36
Xəbəri paylaş





Xəbər lenti