Rusiya ilə Türkiyə Avropanın enerji bazarını iki yerə böləcək - İNCƏLƏMƏ...

Rusiya ilə Türkiyə Avropanın enerji bazarını iki yerə böləcək
Rusiya prezidenti Vladimir Putin Avropa üçün Türkiyədə təbii qaz mərkəzi qura biləcəyini açıqladıqdan sonra bu ölkənin mətbuatı Avropanın ikiyə bölünəcəyini və təbii qaz xəritəsinin tamamilə dəyişəcəyini yazıb.
V. Putinin Rusiyanın “Şimal axını”ndan göndərilməsi mümkün olmayan təbii qazı Qara dəniz vasitəsilə göndərə biləcəyi, hətta Avropa üçün Türkiyədə təbii qaz mərkəzi də yaradılacağı barədə dedikləri gündəmdən düşmür.

Rusiya mətbuatı yazır ki, layihə reallaşacağı təqdirdə Avropa İttifaqının enerji bazarı köklü şəkildə yenidən formalaşacaq.

Putin Rusiyadan Avropaya qaz nəqli üçün istifadə edilən “Şimal axını-1” boru kəmərinin keçən ay baş verən zədə və sızmalardan sonra sıradan çıxdığını və bunun yerinə Türkiyə üzərindən Avropaya təchizat mərkəzinin yaradılmasını təklif edib.

Rusiya mətbuatı yazır ki, layihə reallaşacağı təqdirdə daha əvvəl Rusiya ilə qaz əməkdaşlığından iqtisadiyyatı qazanan ölkələr ciddi itkilərlə üzləşsə də, Türkiyə üstünlük qazanacaq.

Rusiya Enerji və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin vitse-prezidenti Sergey Kondratyev deyib ki, Türkiyə təkcə Avropanın ən böyük qaz mərkəzi olmayacaq, böyük ehtimalla yeganə olacaq.

Kondratyev iki ehtimalın gündəmdə olduğunu bildirib: “Ya Türkiyə Rusiya qazının Avropa İttifaqı sərhədinə qədər tranzit ölkəsi olacaq, ya da Rusiya qazı Türkiyənin mülkiyyətinə keçib yenidən satılacaq. Birinci ehtimal reallaşarsa, Ankara tranzit ödənişlərindən ciddi gəlir əldə edəcək”.

Rusiyalı ekspertin fikrincə, buna görə də Türkiyə yaxın illərdə Avropada qazın qiymətinin ən aşağı olduğu ölkələrdən birinə çevrilə bilər.

Rusiya qazının Türkiyəyə ümumi həcmi 55 milyard kubmetr olan “Türk axını”nın iki yeni qolundan keçəcəyi ehtimal edilir.

Kondratyev bu qənaətdədir ki, ucuz qaz xüsusilə problem içində olan Türkiyə iqtisadiyyatına ciddi töhfə verəcək. Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə bu məsələdə həm Rusiya, həm də Avropa istehlakçıları ilə razılığa gəlsə, bu, hətta qazın qiymətinin müəyyənləşdirilməsinə də təsir edə bilər.

Rusiyalı mütəxəssis qeyd edib ki, Balkan ölkələri, Mərkəzi və Cənubi Avropa Türkiyədən verilən qazdan faydalana biləcək: “Xüsusilə Macarıstan, Avstriya, Yunanıstan, Bolqarıstan, Serbiya və İtaliya kimi ölkələr üçün Türkiyədən qaz almaq çox əhəmiyyətli olacaq”.

Türkiyədə yaradılması planlaşdırılan təbii qaz mərkəzi Avropanın qaz xəritəsini də dəyişəcək. Rusiya mətbuatı Avropanın iki fərqli bazara bölünəcəyini yazıb. Bir tərəfdən Almaniya, Baltikyanı ölkələr, Polşa və Skandinaviya ölkələri olacaq ki, onlar Amerikanın bahalı LNG və Norveç qazının tədarükünə diqqət yetirəcək, digər tərəfdən isə Balkanlar, Cənubi və Mərkəzi Avropa ölkələri olacaq. Rusiyadan Türkiyə vasitəsilə daha ucuz qaza meyl edəcəklər.

Kondratyev vurğulayıb ki, bu vəziyyətin təsirləri xüsusilə Avropanın şimalında çətinliklər yarada bilər: “Şimal-qərbi Avropada həyat səviyyəsində ciddi azalma ola bilər. Əczaçılıq və maşınqayırma müəssisələri dövriyyənin azalması və durğunluqla üzləşəcək”.

Reyting.az
Tarix: 19-10-2022, 22:05
Xəbəri paylaş





Xəbər lenti