ATƏT missiya göndərir, Azərbaycan hərbi əməliyyatlar planını masada saxlayır – ŞƏRH

ATƏT missiya göndərir, Azərbaycan hərbi əməliyyatlar planını masada saxlayır – ŞƏRH
ATƏT-in Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfinə düşən hissələrinə missiya göndərəcəyi və qrupun 21-27 oktyabr tarixlərində ehtiyacların qiymətləndirilməsini aparacağı gözlənilir.
 
Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət qrup sərhəd boyunca yerləşən rayonlara baş çəkəcək və nəticələr barədə məsləhətləşmələr keçirəcək.
 
Lakin qiymətləndirmə metodologiyasının obyektiv meyarlara deyil, məhz İrəvanın narahatlıqlarına dəstək olmaq səmtinə söykənəcəyi şübhəsizdir.
 
İnandırıcı gəlmir ki, ATƏT-in missiyası hərbi-siyasi ölçüləri düzgün qiymətləndirməklə etimadın möhkənmlənməsinə töhfə verəcək.
 
Bunun üçün ən azı iki səbəb göstərə bilərik:
 
1. ATƏT və onun Minsk Qrupunun funksionallığı hələ Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə özlərinin turist səfərlərinin içərisində itib-batmışdı,
 
2. ATƏT 2014-cü ildən guya Ukraynadakı münaqişənin nizamlanması ilə məşğul olub, amma necə olubsa, Rusiya-Ukrayna müharibəsi dünya gündəmini silkələməkdə davam edir.
 
İndi də ATƏT-in Azərbaycan-Ermənistan sərhədlərində qarşılıqlı etimad üçün konkret və nəticə əsaslı addımlar atmasını gözləmək məntiqsizlik olardı.
 
Çünki ATƏT Azərbaycanla Ermənistanın sərhəddəki fiziki ayrılma zonalarının ayırd edilməsini Bakının şərtlərini arxa plana atmaqla masaya qoymaq istəyə bilər, bu isə İrəvandakı revanşist səslərin ucalması üçün şərait yarada bilər.
 
ATƏT-in Azərbaycan əleyhinə yeni “dəlillər” tapacağını, qızışdırıcı və qeyri-səmimi ritorikasını təkrarlayacağını proqnozlaşdırmaq olar.
 
Avropa İttifaqının missiyasından sonra ATƏT-in də gəlişi regional panorama üçün də təhdidləri körükləmək potensialına malikdir, çünki bölgədə Rusiya ilə əks-qütbdə dayanan qüvvələrin cəmləşməsi Moskva-Qərb rəqabətinin neqativ nəticələr hasil etməsinə zəmin yarada bilər.
 
NƏTİCƏ:
 
ATƏT missiyası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət etməkdən uzaq olduğuna görə, Bakı hərbi əməliyyatlar planını gündəmə gətirəcək.

Tarix: 20-10-2022, 21:21
Xəbəri paylaş





Xəbər lenti