Rusiyanın regional forpostundan ABŞ və Qərbin "geopolitik alət"inə çevrilməkdə olan Ermənistan üzərindən "Bolton planı"nın reallaşdırılması prosesi artıq son mərhələyə keçirilmək üzrədir... Bu planda rəsmi İrəvan üçün qələbə təminatı mövcud deyil və bütün variantlarda Ermənistanın birdəfəlik darmadağın olması qaçılmaz nəticəyə çevrilə bilər...
Ermənistanın Cənubi Qafqazda yeni savaşa başlamaq istiqamətində "cəsarətləndirilməsi" ilə bağlı proses artıq intensivkəşdirilib. ABŞ və Qərbin bu istiqamətdə xüsusi plan üzrə fəaliyyət göstərdiyi açıq-aşkar nəzərə çarpır. Və bu prosesin region, eləcə də, Ermənistan üçün hansı nəticələri doğura biləcəyi də böyük ölçüdə aydınlaşdırmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, bu prosesə ABŞ-ın əsas xüsusi xidmət servisi CİA-nin şefi Uilyam Börnsün Ermənistana müəmmalı səfəri ilə start verilib. Bundan sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana qalmaqallı səfər edib. Ardınca ABŞ-ın digər xüsusi xidmət servisi FBİ-nin kəşfiyyatçıları Ermənistana gəlib, Rusiya əleyhinə fəaliyyətin koordinasiyasını reallaşdırlblar.
Eyni zamanda,Paşinyan hakimiyyətinin bəzi rəsmiləri ABŞ və Fransada həm siyasi dairələrlə, həm də xüsusi xidmət servisləri ilə qapalı məsləhətləşmələrə cəlb olunublar. Nəhayət, ABŞ Nümayəndələr Palatasının daha bir qrup üzvü Ermənistana səfər edib. Həmin qrupa rəhbərlik edən Devid Prays isə İrəvanda açıq mətnlə Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsi barədə iddialar irəli sürüb.
Maraqlıdır ki, hazırda Ermənistanın siyasi dairələrində D.Praysın iddiaları ciddi şəkildə şərh edilir. Ermənistan parlamentində Paşinyan hakimiyyətini təmsil edən deputat Eduard Aqadjanyan D.Praysın fikirlərinə münasibət bildirərkən, onun Rusiyanın Ukrayna savaşında resurslarını tükətməsini nəzərdə tutduğunu vurğulayıb: "Ona görə də, indi Rusiyanın Ermənistan və "Dağlıq Qarabağ" ətrafında cərəyan edən proseslərə təsir imkanları məhduddur".
Ancaq erməni deputat onu da qeyd edib ki, amerikalı konqresmenin optimist fikirləri ilə yanaşı, rəsmi İrəvan Ermənistanın mövcud problemləri barədə də düşünməlidir. Onun fikrincə, Ermənistanın həm Rusiya, həm də KTMT ilə olduqca ciddi problemləri mövcuddur. Yəni Rusiya və KTMT-nın indiki mövqeyi Ermənistanın təhlükəsizlik maraqlarına ümidverici reaksiyadan çox uzaqdır.
Göründüyü kimi, Paşinyan hakimiyyəti tamamilə ABŞ və Qərbin təsir dairəsinə düşməyə başlayıb. İndi Qərbdən gələn bütün təlimatlar rəsmi İrəvan tərəfindən dərhal icra edilir. Və Paşinyan hakimiyyəti hazırda Rusiyanın Cənubi Qafqazdan sıxışdırması planlarında xüsusi rol alması ilə diqqəti çəkir.
Son günlər rəsmi İrəvanın Azərbaycanla sərhəd bölgələrinə hərbi qüvvə toplamasının ABŞ və Qərbin planları əsasında baş verdiyi qətiyyən istisna deyil. Hər halda, Qərbdən aldığı "cəsarət porsiyası" ilə Ermənistanın genişmiqyaslı hərbi təxribatlara hazırlaşdığı artıq qətiyyən şübhə doğurmur. Böyük ehtimalla bu hərbi təxribatlar yenə də beynəlxalq himayədarların təlimatlarından qaynaqlanır.
Xüsusilə də, ABŞ və Fransanın Cənubi Qafqazda genişmiqyaslı hərbi münaqişədə birbaşa maraqlı olduğunu düşünmək üçün ciddi əsaslar mövcuddur. Çünki, Minsk Qrupunun fəaliyyətini dayandırmasından sonra bu iki ölkənin Cənubi Qafqazda hər hansı ciddi təsir mexanizmi qalmayıb. Yalnız Rusiyanın for-postu olan Ermənistanın "sürüşkən xarici siyasət" davranışları ilə Cənubi Qafqazda yerləşmək mümkün deyil. Ona görə də, ABŞ və Fransa Ermənistandan "geopolitik alət" kimi istifadə edərək, Cənubi Qafqazda hərbi-siyasi qarışıqlıq yaratmaq, regionda yeni təsir mexanizmi formalaşdırmağa çalışır.
Təbii ki, ABŞ və Fransa Cənubi Qafqazda yeni hərbi münaqişə ilə Ukrayna savaşında zəifləyən Rusiyanı regiondan tamamilə sıxışdırıb, çıxartmaq niyyəti güdür. İlk növbədə regional proseslərdən Rusiyanın kənarlaşdırılması, ardınca isə Ermənistanda olan Rusiya hərbi bazalarının çıxarılmasına nail olmaq əsas hədəf kimi görünür. Yəni, Ermənistan bu prosesdə sadəcə, "geopolitik alət" rolunu oynayır.
Paşinyan hakimiyyəti ümid bəsləyir ki, əgər, ABŞ və Fransanın təlimatlarını yerinə yetirərsə, Ermənistan üçün yeni geopolitik imkanlar açıla bilər. Yəni, rəsmi İrəvan ABŞ və Fransanın dəstəyini qazanmaqla, regional sülh prosesində daha sərfəli situasiya qazanmaq istəyir. Və Paşinyan hakimiyyətinin son vaxtlar daha avantürist mövqeyə meyllənməsi də bunu təsdiqləyir.
Digər tərəfdən, Paşinyan hakimiyyəti onu da anlayır ki, hərbi təxribatlar törətsə belə, Azərbaycanın hərbi qüdrəti qarşısında uzun müddət tab gətirə bilməz. İstənilən halda, Ermənistan ağır məğlubiyyətə məhkumdur. Ona görə də, rəsmi İrəvanın hərbi təxribatları məhz ABŞ və Qərbin regiona siyasi müdaxilə cəhdlərinə paralellik təşkil edir.
Paşinyan hakimiyyəti sərhəd bölgəsində silahlı toqquşmalarla Ermənistanın təhlükəsizliyinə beynəlxalq təminat mexanizmləri yarada biləcəyini düşünür. Buna nail olmaqla, sülh danışıqlarında qüvvələr nisbətini balanslaşdırmağı planlaşdırır. Son günlər Paşinyan hakimiyyəti hətta bölgədə hələ rəsmən fəaliyyətə başlamamış Avropa Birliyinin mülki müşahidəçilərinin uzunmüddətli və yaxud daimi qalmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Ardınca isə bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin gətirilməsi ilə bağlı niyyətinin olduğunu da gündəmə gətirməyə çalışır.
Təbii ki, bütün bunlar Ermənistan üçün olduqca təhlükəli "geopolitik oyunlar"dır. Çünki, Ermənistanın ABŞ və Fransa üçün belə açıq şəkildə "geopolitik alət" rolunu oynamasına Azərbaycan, Türkiyə və Rusiyanın verəcəyi reaksiya bu ölkənin gələcək taleyi baxımından, həlledici xarakter daşıya bilər. Hər halda, ABŞ-Fransa cütlüyü regionda yerləşməyə çalışsa da, Cənubi Qafqazda Azərbaycan-Türkiyə İttifaqı və Rusiya əsas geopolitik iradə mərkəzləridir. Üstəlik, Ermənistanın ABŞ və Fransa üçün "geopolitik alət" rolunu oynamasına münasibətdə atılacaq addımlar baxımdan, Azərbaycan-Türkiyə İttifaqı və Rusiyanın maraqları böyük ölçüdə uzlaşır. Və bu, Ermənistan üçün sonun başlanğıcına çevrilə bilər.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin yeni hərbi təxribatlara hazırlaşması Ermənistan üçün bumerang effekti verə bilər. Çünki, Azərbaycan-Türkiyə İttifaqı və Rusiya Cənubi Qafqazi Ermənistanın himayədarlarına verməzlər. Zamanı çatanda ən sərt addımların atılacağı qətiyyən istisna deyil. Yəni, rəsmi İrəvanın növbəti hərbi təxribatlarının Ermənistan üçün sonuncu cəhd olacağı qətiyyən şübhə doğurmamalıdır. Bu dəfə veriləcək sərt hərbi redaksiyadan isə Ermənistanı ABŞ, Fransa və Avropa Birliyinin mülki müşahidəçiləri xilas edə bilməyəcək.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin Ermənistanı fəlakətə sürükləyən təhlükəli oyunların içində olduğunu anlayan bəzi erməni ekspertlər artıq bu barədə açıq xəbərdarlıq da etməyə başlayıblar. Erməni ekspert Tiqran Köçəryan bildirib ki, Qərbin Ermənistanla bağlı planı artıq uzun müddətdir, hərəkətə gətirilib: "Bu planın başında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton durur. Bu “iş” onun kurasiyasındadır".
Tiqran Köçəryanın fikrincə, Qərbin Ermənistanla bağlı planının iki hissədən ibarətdir: “Birinci və ən əsas hədəf regionda Rusiyanın təsirini zəiflətmək, cəmiyyətdə antirusiya əhval-ruhiyəsi yaratmaq, Ermənistanı Kremlin orbitindən uzaqlaşdırmaq və RF-in Gümrü hərbi bazasının ölkədən çıxarılmasına nail olmaqdır. Planın ikinci hissəsi isə İranla bağlıdır. ABŞ bir güllə ilə iki hədəf vurur. Güllə rolunda isə İrəvandır".
Erməni ekspert hesab edir ki, əgər, heç nə dəyişməzsə, yaxın iki ay ərzində yeni savaşın başlanma ehtimalı qaçılmaz reallığa çevrilə bilər. Onun fikrincə, bütün variantlarda bu proses məhz Ermənistan üçün olduqca təhlükəlidir: "Biz dövlətimizi yeni ilə qədər itirə bilirik”.
T.Köçəryan onu da vurğulayıb ki, "Bolton planı" yalnız bir halda baş tutmaya bilər və bunun üçün sadəcə, Rusiyanın Ukrayna savaşında tez bir zamanda uğur qazanması tamamilə yetərlidir: “Bu halda, Kremlin bizim regiona diqqət yetirmək imkanları artacaq. Ondasa, Ermənistan üçün ikiqat ağır vəziyyət yaranacaq. Rusiya Ermənistanı öz orbitinə geri qaytarmaq üçün güclü rıçaqlara malikdir. Ermənistan və ermənilər üçün ən çətin iki aylıq bir mərhələyə daxil oluruq”.
Göründüyü kimi, Cənubi Qafqazda yeni münaqişənin yaradılması ilə bağlı niyyətlərin olduğunu artıq gizlətmək mümkün deyil. Rusiyanın regional forpostundan ABŞ və Qərbin "geopolitik alət"inə çevrilməkdə olan Ermənistan üzərindən "Bolton planı"nın reallaşdırılması prosesi artıq son mərhələyə keçirilmək üzrədir. Bu, bütün variantlarda Ermənistanın məhv edilməsi ilə nəticələnə biləcək bir plan təsiri bağışlayır. Və bu baxımdan, Paşinyan hakimiyyətinin Ermənistanı "geopolitik intihara" sürükləməkdə olduğu qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
"Yeni Müsavat"
Tarix: 20-10-2022, 22:14