Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. Ərdoğan gəldiyi Zəngilan Beynəlxalq Hava Limanından yola salınıb. Türkiyə prezidentinin səfəri bir çox baxımdan diqqət çəkdi.
Əvvəla, Ərdoğanın Zəngilana səfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başladığı dövrə təsadüf etdi. Təsadüf adlandırırıq, çünki bu səfər öncədən planlaşdırılmışdı və hələ Füzuli aeroportunun açılışı zamanı Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının da açılışında iştirak edəcəyini demişdi. Ərdoğan Cəbrayıl şəhərində mətbuata açıqlamasında “Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur” dedi. Aydın məsələdir ki, Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı qorxu və narahatlıq keçirən “bəzi dairələr“ deyərkən konkret İranı nəzərdə tutub. Çünki regionda yalnız İran Zəngəzur dəhlizinin açılmasından narahatdır. İranın bu Zəngəzur dəhlizi ilə bağlı narahatlığını göstərən digər fakt da rəsmilərin tez-tez dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” ifadəsidir. “Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb Orta Dəhlizi marşrutu üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”, - deyə Türkiyə Prezidenti qeyd edib. Ərdoğanın bu ifadəsindən də görünür ki, Bakı və Ankara üçün Zəngəzur dəhlizi hazırda Qarabağın işğaldan azad edilməsi qədər vacibdir. Zəngəzur dəhlizi, hətta Türkiyə və Azərbaycan üçün “qızıl almadır” və Zəngəzur dəhlizi heç bir ölkə üçün təhdid, təhlükə demək deyil. Əksinə, regionun inkişafı sabitlik sülh və əmin-amanlıq baxımından zəruri, vacib məsələdir. Bununla belə, Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Ankara bununla bir daha Tehran mesaj verir ki, heç kəs Bakı ilə təhdid ritorikasında danışa bilməz. İranın Araz çayı boyunca keçirilən təlimlər rəsmi Bakı üçün açıq mesaj idisə Ərdoğanın Zəngilana və Cəbrayıla səfər etməsi də rəsmi Tehran üçün mesajdır. Prezident İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü zamanı da İranın Araz çayı boyunca keçirdiyi təlimləri müzakirə etmələri mümkündür. Tehranın açıq hədələrinə qarşı Ankara və Bakını hansı addım atmalı olduğu müzakirə mövzusu ola bilər. Ərdoğanın səfərinin bir digər diqqətçəkən məqamı da əlbəttə ki, onun “İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil” sözləri oldu. Göründüyü kimi Türkiyə bu vəziyyətdən məmnundur. Çünki hava limanları həm də hərbi-siyasi infrastrukturun tərkib hissəsidir. Aeroportların ölkələr üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, hava hücumundan müdafiə strategiyasını beynəlxalq mərkəzləşmiş idarəetmə sistemi çərçivəsinin içərisinə daxil edir. Buna görə də Ərdoğanın həm Füzuli, həm də Zəngilan aeroportlarının açılışına qatılması iki ölkənin regional aviasiya siyasətinin inkişaf etməsi kimi şərh edilə bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az