Total nəzarət: Azərbaycanda hökumət “daha da” avtoritarlaşırmı?


New-Yorkda mənzillənən Freedom House-un yeni açıqladığı İnternetdə Azadlıq hesabatına görə, Azərbaycan 38 balla “azad olmayan” ölkədir.
Düzdür, hesabata görə, onun cənubi qafqazlı qonşuları “azad” ölkə sayılıb, amma Azərbaycanın vəziyyəti böyük qonşuları Rusiya, İran və Türkiyədən daha yaxşıdır.
70 ölkə üzrə vəziyyəti araşdırmış Freedom House ölkə daxilində internet infrastrukturuna nəzarəti mərkəzləşdirən ölkələri, nəzarətin səviyyəsindən asılı olaraq qeyri-azad və ya qismən azad sayır.
Bundan əvvəl dərc etdirdiyi hesabatında isə Freedom House Azərbaycanı “qeyri-azad” və “avtoritar rejim” tərəfindən idarə olunan ölkə kimi xarakterizə edib.
Digər yerli və beynəlxalq insan hüquqları təşkilatlarının son hesabatlarına görə, Azərbaycanda ilin əvvəlindən etibarən siyasi fəallara, jurnalistlərə, müxalifət partiyalarının nümayəndələrinə, eləcə də hökuməti tənqid edən sosial şəbəkə istifadəçilərinə qarşı təzyiqlərin iki dəfə artdığı müşahidə olunur.
Siyasi təhlilçilər və hüquq müdafiəçiləri də ilin əvvəlindən bugünədək hüquq mühafizə orqanları tərəfindən cəmiyyətin ayrı-ayrı fərdlərinə qarşı “aqressiyanın yüksəldiyini” düşünürlər.
Onlar hökumətin tənqidə qarşı dözümsüzlüyünün artmasını Rusiya-Ukrayna müharibəsi, eləcə də Avropa İttifaqı ilə imzalanan qaz sazişi ilə əlaqələndirirlər.
Azərbaycanda hökumət beynəlxalq insan haqları təşkilatlarının ölkə barədə hesabatlarını “qərəzli” hesab edir.

Freedom House-un hesabatı: “not free”

Freedom House deyir ki, bu ilin əvvəlində Azərbaycanda qəbul olunmuş media azadlığı haqqında qanun medianın xarici mənbələr tərəfindən maliyyələşdirilməsini məhdudlaşdırdırır. “…bir çox azərbaycanlı jurnalistlər dövlətin təqibindən qaçmaq üçün xaricdən işləməyə məcburdur”.
Azərbaycanda internetdə fikir azadlığını boğmağa çalışan ən son hal kimi, hüquq müdafiəçiləri Demokratiya 1918 hərəkatının sədri Əhməd Məmmədlinin həbsini qeyd edirlər.
O, sentyabr sərhəd toqquşmalarını pisləyən və sülhə çağırış edən status yazdıqdan sonra saxlanılmışdı. Ancaq polis deyir ki, Əhməd Məmmədlinin 30 sutkaqlıq həbsi “polisə tabe olmaması” ilə bağlıdır.
Freedom House-un 2022-ci il hesabatına görə, qlobal azadlıqlar reytinqində Azərbaycan 100 mümkün baldan cəmi 9 xal toplayaraq qeyri-azad ölkə sayılıb. Ötən ilki nəticələrə görə, Azərbaycan 1 xal geriləyib və 60 ölkə arasında, Azərbaycan Şimali Koreya, Türkmənistan, Tibet, Somali, Belarus, Yəmən kimi ən pis nəticələri olan ölkələrlə bir sırada dayanıb.
Komputer qabağında oturan şəxs
Freedom House bu qiymətləndirməni siyasi hüquqlar, siyasi plüarizm, ifadə azadığı, mülki azadlıqlar, ədalətli məhkəmə, qanunun mötədilliyi kimi göstəricilər üzrə aparıb.
Demokratiyanın vəziyyətinə görə də Azərbaycan “avtoritar rejim” kimi qiymətləndirilib.
Human Rights Watch təşkilatına görə isə, Azərbaycanda hökumət onu tənqid edənlərin səsini boğmaqda davam edir.
Azərbaycan hakimiyyəti indiyədək beynəlxalq təşkilatların, o cümlədən Freedom House-ın hesabatlarını qeyri-obyektiv və qərəzli sayaraq ölkədə seçkili orqanlara azad və ədaləti seçkilərin keçirildiyini, siyasi və vətəndaş azadlıqlarının qorunduğunu bəyan edib.

Hökumət tənqidçilərinə qarşı vəziyyət

Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sentyabrın 1-də açıqladığı rəqəmlərə əsasən, 2022-ci ilin əvvəlindən bəri “ən azı 20 hal üzrə” siyasi fəallar, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, bloqçu və jurnalistlər hüquq-mühafizə orqanlarının “siyasi motivli təqibinə məruz qalaraq, saxlanılıb və ya polisə aparılaraq hədə-qorxuya” məruz qalıblar.
Siyasi təhlilçi Alya Yaqublu hesab edir ki, hökumət öz tənqidçilərinə “hər zaman” dözümsüz yanaşıb və “repressiv davranış” göstərib.
Onun sözlərinə görə, vətəndaşların sosial şəbəkələrdə yazdığı tənqidi statuslara qarşı da hökümət “həmişə dözümsüzlük nümayiş etdirib”.
“Son vaxtlar jurnalistlərin prokurorluğa çağrılması, həbsi və ya ictimai fəal Bəxtiyar Hacıyevin başına gələnlər də həmin siyasətin davamıdır”, – siyasi təhlilçi BBC News Azərbaycancaya bildirib.
İctimai fəal Bəxtiyar Hacıyev avqust ayında bir qrup şəxs tərəfindən izləndiyini, hücuma məruz qaldığını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparıldığını açıqlamışdı. Daxili İşlər Nazirliyi BBC News Azərbaycanсaya bu iddiaları şərh etməyib.
Milli Məclisdə hakim YAP-ı təmsil edən Aydın Mirzəzadə hökumətin tənqidçilərə qarşı dözümsüz olması rəyləri ilə razılaşmır.
O deyir ki, vəzifəsindən və peşəsindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabər olduğundan jurnalist və ya siyasi fəalların da “törətdikləri əmələ görə” prokurorluğa çağırılması normaldır.
“Əgər kimsə həmin qanunları pozursa, Baş Prokurorluğun vəzifəsi həmin vətəndaşı çağıraraq xəbərdarlıq etməkdir. Dünyanın hər yerində qanuna zidd hərəkət edən vətəndaşa qarşı hüquqi addımlar atılır”, – Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.

Hökuməti iki səbəb “aqressivləşdirir?”

BBC News Azərbaycancanın ölkədə insan haqlarının vəziyyətinə dair bir neçə müstəqil hüquq müdafiəçinin təsis etdiyi Müdafiə Xətti təşkilatının yayımladığı aylıq bülletenlər əsasında apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə, bu ilin 8 ayı ərzində hökumətin cəmiyyətin fəal təbəqəsinə, xüsusilə də tənqidçilərə qarşı təzyiq və zorakılıq hallarının təxminən iki dəfə artdığı iddia olunur.
Deputat Aydın Mirzəzadə ölkədə insan haqlarının vəziyyətinə dair toplanan məlumatların obyektivliyinə şübhə ilə yanaşır.
Onun sözlərinə görə, əgər həmin təşkilatlar obyektiv olub-olmamasından asılı olmayaraq, insan haqlarına dair məlumatları toplaya bilirlərsə və tənqidlər səsləndirirlərsə, bunun özü ölkədə tənqidə qarşı dözümsüzlük olması fikrini təkzib edir.
Cədvəl
Şəklin alt yazısı,2021-2022-ci ilin 8 ayı üzrə Azərbaycanda siyasi fəallara, jurnalistlərə, hökuməti tənqid edən sosial media istifadəçilərinə və müxalifət partiya nümayəndələrinə qarşı hüquq mühafizə orqanları tərəfindən törədildiyi iddia edilən halların statistikası

Təbii qaz, müharibələr və insan haqlarını nə birləşdirir?

“Freedom House” təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktoru Marc Behrendt-in sözlərinə görə, iki hadisə – Rusiyanın Ukraynanı işğal etməsi və Qarabağ müharibəsi – Azərbaycanın siyasi elitasına təsir göstərib.
Onun fikrincə, Ukrayna müharibəsi Avropanın enerji təchizatını darmadağın etdiyindən, Azərbaycan nefti və qazı onlar üçün daha cəlbedici görünməyə başlayıb.
“Bu isə Azərbaycan hökumətinə Avropa İttifaqının enerji ehtiyacını siyasi alətə çevirərək Qərbin fundamental insan haqlarına dair tənqidlərindən yayınma imkanı verib. Nəticədə hakim partiya ciddi reaksiyalarla üzləşmədən ölkədə tənqidi fikirlərə qarşı mübarizə aparma gücünü artırmış oldu”, – Marc Behrendt bildirib.

Aİ ilə qaz sazişi hökuməti “ürəkləndirib”

Alya Yaqublu da hesab edir ki, hökuməti insanlara qarşı “daha da aqressiv olmağa cəsarətləndirən” əsas amil məhz Qərblə enerji sahəsində ortaq məxrəcə gəlməsidir: “Avropa ilə qaz sazişi tənqidçilərə qarşı repressiv siyasətdə hökumətin daha da arxayınlaşmasına səbəb olub, hökuməti daha da ürəkləndirib”.
Lakin o, hökumətin “arxayınlaşmasını” yalnız bununla əlaqələndirmir. Onun sözlərinə görə, cəmiyyətin passiv olması və ictimai-siyasi proseslərə laqeyd münasibəti hökumətin “zorakı əməllərdə daha da irəli getməsinə” gətirib çıxarır.
O əlavə edib ki, hətta Avropa İttifaqı ilə qaz sazişi imzalanmasaydı belə, mövcud iqtidar “repressiv siyasətini davam etdirəcəkdi”. Alya Yaqublu bu fikrini Azərbaycanda “idarəetmə formasının çoxdan avtoritar qaydalara əsaslanması” ilə əlaqələndirib.
Millət vəkili Aydın Mirzəzadə isə bu iddiaları əsassız sayır: “Görünür, Azərbaycanın Avropa ilə qaz sazişləri imzalaması və enerji sahəsində əməkdaşlığını genişləndirməsi kimlərisə narahat edir. Ona görə də, iqtisadi məsələləri siyasiləşdirməyə çalışırlar”.

Qarabağ amili

Təhlilçi Marc Behgrendt-in sözlərinə görə, Azərbaycan ordusunun Qarabağ müharibəsində uğur qazanması bəzi hökumət tənqidçilərinin və daha geniş ictimai kütlənin həmin müddətdə hakim elitanı dəstəkləməsinə gətirib çıxardı.
“Bunun əvəzində isə hökumət əldə etdiyi populyarlığı müxalifət nümayəndələrinə qarşı təqibləri artırmaq üçün istifadə etməyə başladı”, – Behrendt bildirib.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Cəfərli isə hesab edir ki, 30 ildən sonra Qarabağın işğaldan azad edilməsi nəticəsində hökumətin vətəndaşlar arasında nüfuzu əhəmiyyətli dərəcədə artsa da, mövcud iqtidar “siyasi kapitalı” əlində saxlaya bilmədi.
“Bu cür böyük siyasi kapital iki il çəkmədi ki, xərcləndi və insanlar arasında narazılıqlar artdı, çünki müharibədən sonra real islahatlar aparılmadı. Bura siyasi islahatlarla yanaşı, insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılması da daxildir. Təəssüflər olsun ki, bunlar baş vermədi, əksinə insanların haqları daha çox tapdandı”, – hüquq müdafiəçisi deyib.

Hökumət avtoritarlaşırmı?

Etirazçılar
Marc Behrendt-in sözlərinə görə, ilin əvvəlində qəbul edilən media haqqında yeni qanun hökumətin “total nəzarət imkanlarını daha da gücləndirib”.
O bildirib ki, qanundakı “kütləvi informasiya vasitələri” sözlərinin “media subyekti” ifadəsi ilə əvəz olunması hökumətə sosial şəbəkə fərdlərini də hədəf alma imkanı yaradıb.
“Hakim elitanın tutduğu yol Azərbaycanda siyasi sistemin daha da avtoritarlaşmasına doğru aparır”, – Marc Behrendt deyib.
“Müdafiə Xətti” təşkilatının həftəlik bülletenlərində iddia olunur ki, hökumət tənqidçilərinə qarşı edilən hədə-qorxu, saxlanma və təhdid əməllərində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilk pillədədir. Növbəti yerləri isə müvafiq olaraq Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Milli Təhlükəsizlik Nazirliyi tutur.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev açıqlamasında polis orqanlarına qarşı irəli sürülən ittihamları qəbul etməyib. O bildirib ki, polis konkret şikayətlər əsasında araşdırmalar aparır və baş verənlərə hüquqi qiymət verir:
“Özlərini hüquq müdafiəçisi adlandıran həmin şəxslərin ittihamları əsassızdır. Həmin hüquq müdafiəçiləri təhqir və tənqid arasında bir seçim etməlidir. Görünən odur ki, həmin şəxslər və əksəriyyət özlərini demokratiya, hüquq müdafiəçisi adı altında vətəndaşları təhqir edirlər. Vətəndaş qanunauyğun olaraq şikayət edəndə isə deyirlər ki, onların hüquqları, söz azadlığı pozulub. Onların demokratiyanın olmaması ilə bağlı iddialarının kökündə yanlışlıq var. Bunlar qərəzli fikirlərdir”, – Elşad Hacıyev deyib.

Kiberhücumlar təzyiqin bir vasitəsi kimi?

Hüquq müdafiəçilərinin iddialarına görə, ayrı-ayrı fərdlərlə yanaşı dövlət qurumlarının işini tənqid edən QHT-lərin və vəkillərin sosial şəbəkə səhifələri də hüquq-mühafizə orqanları tərəfindən kiberhücumlara məruz qalıb.
Klaviatura
Hüquq müdafiəçisi Fikrət Cəfərli BBC News Azərbaycancaya bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin fəaliyyətini tənqid edən statuslar paylaşıldıqdan sonra rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin Facebook səhifəsi və özünün vəkillik fəaliyyətini əks etdirən şəxsi Facebook səhifəsi oğurlanıb.
Siyasi təhlilçi Alya Yaqublu baş verənlərə görə təəccüblənmədiyini deyir və hökumətin gizli şəkildə siyasi fəalların, müstəqil jurnalistlərin sosial şəbəkə hesabları ilə yanaşı mobil telefonlarının da dinlənildiyini nümunə gətirib.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) 2021-ci ilin iyulunda yaydığı araşdırmada Azərbaycan hökumətinin İsrail şirkətinə məxsus “Pegasus” dinləmə casus sisteminə malik olduğunu və bununla da müxalifət təmsilçilərinin, jurnalist və ictimai fəalların telefon danışıqlarının dinlənildiyini yazıb.
“Dinləmə siyahısında olan telefon nömrələrindən 245-nin kimə məxsus olduğu məlum olub. Onların beşdə biri və ya təxminən 50-si reportyorlara, redaktorlara və ya media şirkətlərinin təsisçisinə məxsus olub”, – OCCRP-nin araşdırmasında qeyd olunub.
Azərbaycan hakimiyyəti o vaxt bununla bağlı şərh verməmişdi. Adı bu siyahıda açıqlanmış Müsavat qəzetinin təsisçisi Rauf Arifoğlu bu araşdırma açıqlanandan sonra “ölkənin xüsusi xitmət orqanlarının rəhbər heyəti ilə qeyri-rəsmi məsləhətləşmə” apardığını və onların da bunu “cəfəngiyyat və yalan” adlandıraraq təkzib etdiklərini bildirmişdi.
Deputat Aydın Mirzəzadə siyasi və ictimai fəalların, o cümlədən jurnalistlərin hakimiyyət orqanları tərəfindən kiberhücuma məruz qalması səslənən iddiaların heç bir fakta söykənmədiyini və hüquqi əsasının olmadığını bildirib.
“Nə vaxtdan iddia fakt kimi ortaya qoyulur? Hanı o faktlar? Ona görə də, əsassız olaraq, hüquq mühafizə orqanlarının hədəf alınmasını bəlli olmayan məqsədlərə xidmət etdiyini düşünürəm”, – millət vəkili deyib.

Azərbaycanda hüquq “dəfn olunub”

Hüquq müdafiəçisi Fikrət Cəfərli hesab edir ki, hüquq mühafizə orqanlarının insan haqlarına zidd davranışları cəmiyyətdə gərginliyin yüksəlməsinə gətirib çıxarıb və hökumət insanların haqlı narazılıqlarının qarşısını “qorxu və işgəncə” ilə almağa çalışır.
Onun sözlərinə görə, son 2 ay ərzində 200-dən çox sosial şəbəkə istifadəçisinin tənqidi fikirlərə görə Baş Prokurorluğa çağrılması heç də təsadüfi deyil.
“Son vaxtlar bu halların kütləvi xarakter alması onu göstərir ki, Azərbaycanda hüquq dəfn olunub. Dünyada bir sıra avtoritar hökumətlər olub, islahatlara getməyiblər və nəticədə çöküblər. Azərbaycan hökuməti də islahatlara getməsə, sonda çökən özü olacaq”, – hüquq müdafiəçisi deyib.
Azərbaycan iqtidarı onu söz azadlığını boğmaqda ittiham edənlərin fikirləriylə razılaşmır. Prezident İlham Əliyev çıxışlarında deyib ki, Azərbaycanda “bütün azadlıqlar – söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur”.
Freedom House-un internet azadlığına dair bu həftə dərc olunmuş hesabatı göstərir ki, dünya boyunca bir çox ölkələrdə bu azadlıqlar sıxışdırılmaqdadır.
Bbc
Tarix: 23-10-2022, 09:07
Xəbəri paylaş





Xəbər lenti