İran-Ermənistan ittifaqı: Bir molla valsı...


Son günlərin ən çox müzakirə olunan mövzuları sırasında İranın Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi təlimlər var. Qonşumuzun ölkəmizə qarşı sərgilədiyi mövqe və münasibəti 44-günlük müharibədə Azərbaycanın Zəfəri və erməni işğalı altında olan ərazilərinin azad olunması ilə daha da kəskinləşib. Sanki islam dövləti olan İran şiə müsəlmanlarının çoxluq təşkil etdiyi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini qorxulu yuxu kimi qəbul edirdi və bundan son dərəcə məyus olub. Səbəbi nədir? Müsəlman dövlətinin digər müsəlman dövlətinə qarşı nümayiş etdirilən bu gizli nifrəti nədən doğur? Erməni sevgisi həqiqətənmi Azərbaycan nifrətini oyadıb İranda?
Qısa olaraq son hadisələrdən nümunə gətirək. Oktyabrın 13 də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə qarşıdan gələn dövr üçün Azərbaycanın sədrliyi irəli sürüldüyü zaman, bütün ölkələr dəstəklədiyi halda İran texniki məsələləri əlinə bayraq alaraq buna qarşı çıxdı.
Burada təbii ki, İran İslam Respublikasının torpaqlarımızı 30 il ərzində işğal altında tutan, orada bütün islam mədəni-tarixi irsi məhv edən Ermənistana olan sevdası və bundan irəli gələn dəstəyindən danışmamaq mümkün deyil.
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian 3 gündür ki, Ermənistanda səfərdədir. Deyəsən, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə nail olmadan, şəxsən “fars-erməni sevgisi, birliyi və əbədiliyi” hekayəsini ona anlatmadan Tehrana dönmək fikrində deyil.
İranın qeyd etdiyimiz hərbi təlimləri həm də İslam Respublikasının Ermənistanın Qafan şəhərində Baş Konsulluq açması ilə müşayiət olundu. Hər birimiz həmin diplomatik missiyanın binasının nə vəziyyətdə olunduğunun şəkillərdən şahidi olduq, bu rəzillik bir ayrı mövzudur. Əsas məsələ isə rəsmi Tehranın son zamanlar “regionda sərhədlərin dəyişməsinə yol verə bilmərik” və Qafandaki Baş konsulluğun açılması ilə “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün buradayıq” kimi səs-küy salmasıdır. İran tərəfinin dili ilə desək, bu erməni və fars xalqları arasındakı min illik qardaşlığın bəhrəsidir, amma bu səsin sədası nə qədər uzaqlara yayıla bilər? Bugünkü dünyadan faktiki olaraq təcrid edilmiş, sanksiyalar altında yaşana İranın molla rejimi son zamanlar “əzələ (güc) nümayişi” üçün Ermənistanın və onun xalqının taleyi ilə oynamağa çalışır. Bəlli məsələdir ki, İranın Azərbaycandan nə qədər silah-sursatı çox olsa da, bir o qədər də siyasi cəhətdən Azərbaycanından zəifdir. Sözün açığı, 50-60-cı illərdə Sovetlərdən alınma dəmir-dümürə hərbi texnika demək də artıq bir o qədər düz olmaz. Siyasi dəstəyə gəldikdə isə, İranın kimə güvəndiyi heç bəlli deyil; Rusiya Ukraynada apardığı müharibədə o qədər qəliz vəziyyətdədir ki, onun özünə dəstək lazımdır. Qonşuları Pakistana ya Əfqanıstana? Cavab bəllidir.
Belə olduğu halda, Azərbaycanın müttəfiq və tərəfdaşları kimdir? İran üçün region ölkəsi olaraq Türkiyə faktorunu anlamamaq savadsızlıq və cahillikdən başqa bir şey deyil. Yoxsa İran onun Avropaya, demək olar ki, yeganə və təhlükəsiz çıxışı olan, onun təbii qazını alan tək-tük ölkələrdən olan Türkiyəyə qarşı da təxribat planı hazırlayıb? İsrail faktoruna gəldikdə isə, ilk növbədə Azərbaycan kiminlə və hansı səviyyədə əməkdaşlıq etməsini İrana məruzə edəcək ölkələr səviyyəsində deyil. Elə bu da İranın nə qədər siyasi cəhətdən sinifdə qaldığının bariz nümunəsidir. Birinci Qarabağ müharibəsi zamanı danışıqlar vasitəsi ilə Ermənistan üçün vaxt udmalarını heç kim unutmayıb. İsrail isə müharibədən sonra Azərbaycan ordusunun texniki cəhətdən Ermənistan üzərində üstünlük qazanmasına əvəzolunmaz yardım edib. Digər tərəfdən, əgər İran onun düşmənlərinin bölgədə hansısa şəkildə varlığından narazıdırsa, MDB ölkələri arasında personal sayı və aktivliyi baxımından ABŞ-ın Ermənistandakı səfirliyinin mövcudluğundan xəbərdardır? Yoxsa ABŞ artıq İranın düşməni deyil? Nəticə etibarı ilə İran müsəlman həmrəyliyi adlandırdığı maskanın altında gizlənən Erməni sevgisi və ona qarşı olaraq Azərbaycan nifrətini biruzə verdi.
Xülasəsi, İranın son zaman nümayiş etdirdiyi “güc” daha çox vals partiyasında tamaşaçıların alqışlarını səbirsizliklə gözləyən, “əsas iştirak etməkdir, qalib gəlməsək də olar” düşüncəsindəki rəqqasın ümidlərinə bənzəyir. Məlum, tək başına vals oynamaq müşkül məsələdir. Amma əgər İran bu partiya üçün partnyor olaraq “min illik sevgilisi” Ermənistanı seçibsə, keçmiş olsun deyə bilərik. Tehrana Yerevanın hansı tezliklə partnyorlarını dəyişdiyini, geniş qəlbli olduğunu və ya ümumiyyətlə qol-qanad sındırmaq halında olmadığını qulağına pıçıldayan olsa, bəlkə oyuna başlamamış uduzduğunu anlayar, nəhayət, yuxudan oyanar. Amma bu da başa düşüləndi, molla nə bilir vals nədir...
Tarix: 23-10-2022, 21:25
Xəbəri paylaş





Xəbər lenti