“Siyasi partiyalar haqqında” Qanun layihəsindəki buxovlar

Hüquqşünas Ənnağı Hacıbəyli
Qanun layihəsində saysız-hesabsız nöqsanlar var
Yeni qanun layihəsi siyasi partiyaların, siyasi fəaliyyətin, ölkə siyasi sisteminin inkişafına xidmət etmək ehtiyacından yaranıb. Ancaq təəssüf ki, layihə qanunvericiliyin inkişafında bir addım geriləyir. 
“Siyasi partiyanın təsis edilməsi və fəaliyyət prinsipləri” adlanan 4-cü maddə başdan-başa qadağalardan ibarətdir. Layihə müəllifləri sanki qarşılarına siyasi fəaliyyətin legitim hədlərini müəyyən etmək deyil, siyasi fəaliyyəti buxovlayan qanun yazmaq vəzifəsi qoyublar.
Qanun layihəsində saysız-hesabsız nöqsanlar var. Yazının həcminin imkan verdiyi dərəcədə onların ən mühümlərinə toxunacam.
2.2-ci maddəyə əsasən siyasi partiyanın seçkilərdə və referendumda iştirakı Seçki Məcəlləsi (bundan sonra – SM) ilə tənzimlənir. Belədirsə, onda seçkilərdə iştirakla bağlı layihədə çoxlu sayda normalar (adətən, qısıdıcı) müəyyən edilməsinin məqsədi nədir və nizamlama dəyəri nədən ibarətdir? Təkrar və ya SM-də nəzərdə tutulmayan normaların layihəyə daxil edilməsi “Normativ hüquqi aktlar Haqqında Konstitusiya Qanununa (bundan sonra KQ), o sıradan qanunvericilik texnikasının qaydalarına ziddir.
Yeri gəlmişkən, bu qaydaların bəzilərini xatırladım.
Öncə Konstitusiya qaydaları barədə.
Ondan başlayaq ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır (m.149).
Bu qaydalar KQ-da detallı şəkildə müəyyən olunub.
Qanunun 8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Konstitusiyanın 149-cu maddəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
 Konstitusiyaya uyğunluq və qanunların üstünlüyü;
– aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;
 beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;
– mütənasiblik;
– dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;
– normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;
– normativ hüquqi aktların ziddiyyətsizliyi;
– insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;
– ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.
KQ-nin 50-ci maddəsinə görə qanun normativ tənzimləmə predmetinə və  normayaratma texnikasına uyğun olmalıdır.
53-cü maddəyə görə normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilir.
KQ-nin 62-67-ci maddələri:  normativ hüquqi akta onun tətbiqi zamanı sui-istifadəyə yol verilməsinə şərait yaradan normalar daxil edilə bilməz.
Mənafelər balansının pozulması nəticəsində bir subyektlər qrupunun zərərinə olaraq başqa subyektlər qrupuna güzəştlərin və imtiyazların xüsusi norma müəyyən edilməsi yolu ilə verilməsinə yol verilmir.
Bunları yadda saxlayaq və qayıdaq layihəyə.
Layihədə 20 illik oturaqlıq senzi müəyyən olunur. 
5-ci maddəyə görə siyasi partiyanı ölkə ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) təsis edir. 
15.5. Siyasi partiyanın icra orqanının rəhbərliyində yalnız ölkə ərazisində son 20 il daimi yaşayan partiyanın üzvü təmsil oluna bilər. 
16.5. Siyasi partiyanın sədri və sədr müavinləri yalnız ölkə ərazisində son 20 il daimi yaşayan partiya üzvləri sırasından seçilə bilər. 
Mədəni dünyanın çoxdan dəfn elədiyi oturaqlıq senzi mürtəce seçki qısıtlaması sayılır. Ondan ancaq müstəsna hallarda və son dərəcə qənaətlə yararlanırlar. AR Konstitusiyasının 100-cü maddəsinə görə ölkə Prezidenti üçün bu müddət 10 ildir. Yəqin ki, 20 illik müddətin aktiv siyasi fəaliyyəti qısıtlayan antikonstitusion norma olduğunu sübut etməyə ehtiyac qalmır.
Ayrı-atrı şəxslər üçün qanun yazılması halları dövlət üçün böyük xəcalətdir. Bəllidir ki, belə qaydalar ölkədəki qeyri-demokratik mühitdən canını götürüb xaricə getmiş şəxslər üçün uydurulub.
Layihənin 5.2-5.8-ci maddələrində göstərilən qaydalar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun (bundan sonra – QQ) predmetidir və bu qaydaların layihəyə salınması da qanunvericilik texnikasının qaydalarına ziddir.
6.1-ci maddəyə əsasən dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır. Ölkə gerçəkliyi belədir ki, bu tələbə ən yaxşı halda maksimum üç partiya – YAP, AXCP və Müsavat cavab verə bilər. Bu qayda ölkədə siyasi fəaliyyətin qısıdılması deməkdir və ölkə vətəndaşlarının ölkənin idarə edilməsində və siyasi həyatında iştirak hüquqlarını qanunsuz olaraq məhdudlaşdırmaqdır, Konstitusiyada təsbit edilmiş siyasi hüquqların mahiyyətinə ziddir. Qeydiyyat normasının on dəfə artırılması qeydiyyat tələsindən başqa bir şey deyil və gerçək müxalifət partyalarının qapadılması və “avtobus müxalifəti”nin sıralarının genişləndirilməsi məqsədi güdür.   
7.1-ci maddə siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarət edən orqanın, çox güman ki, Ədliyyə Nazirliyinin səlahiyyətlərini sadalayır. Burada sadalanan çoxsaylı səlahiyyətlərdən siyasi partiyanın fəaliyyətinə maneələr yaradılması, hətta partiyanın ləğvi üçün istifadə olunmayacağına heç bir normal qarantiya yoxdur. QHT-lərlə bağlı Ədliyyə Nazirliyinin gördüyü tədbirlər – QHT-lərin qeydiyyatında süründürməçilik, onların qapadılması ilə bağlı iddialar qaldırılması və s. sübut edir ki, bu normalar qanunun məqsədlərinə zidd formada gerçəkləşdirilə bilər. Bundan başqa, İPM-in 125-ci maddəsinə əsasən siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı mübahisələrə apelyasiya məhkəmələrində baxılır (əvvəllər bu işlərə baxılması KM-in səlahiyyətinə aid idi). Məhkəmə hakimiyyətinin müstəqil olmadığı şəraitdə bu işlərə qanuni və ədalətli baxılacağına heç bir qarantiya yoxdur. QHT-lərlə bağlı məhkəmə praktikası da bu təhlükəni mübahisəsiz sübut edir. Üstəlik, QHT-lərin qeydiyyatı və qapadılması ilə bağlı bütün qərarlar Ədliyyə Nazirliyinin xeyrinə çıxarılıb və Avropa Məhkəməsinin bu praktikanı dəfələrlə qanunsuz saymasına baxmayaraq qüsurlu məhkəmə praktikası davam etməkdədir. Seçkilərin Monitorinqi Mərkəzi, Azərbaycan Hüquqşünaslar Forumu, Azərbaycan Demokratiya və Rifah Hərəkatı İB, onlarla başqa ictimai birliklər məhz Ədliyyə Nazirliyinə verilmiş belə səlahiyyətlərin qurbanlarıdır.
8.3-cü maddəyə əsasən siyasi partiya icra hakimiyyəti orqanının müəyyən etdiyi pozuntuları xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə məlumat vermədikdə, onun fəaliyyəti apelyasiya məhkəməsinin qərarı ilə 1 il  müddətinə dayandırıla bilər. Bu qayda başqa nəticələrlə yanaşı həm də siyasi partiyanın seçkilərdə iştirakı üçün ciddi təhlükə yaradır. Seçkilər ilində hər hansı bəhanə ilə partiyanın fəaliyyətinin dayandırılması siyasi partiyanı seçkilərdə iştirakdan, yəni əsas fəaliyyət formasından məhrum edəcək.
9.3.4-cü maddədə müəyyən edilir ki, siyasi partiya parlament, Prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə nəzarət orqanının iddiası ilə partiya ləğv edilə bilər. Bu norma Konstitusiya və qanunvericiliyə ziddir və hakimiyyətin xoşuna gəlməyən rəqibləri siyasi arenadan kənarlaşdırmaq məqsədi güdür. 
Birinci, seçkilərdə iştirak partiyanın hüququdur, vəzifəsi deyil. 
İkinci, Azərbaycanın seçki praktikasında namizədlərin kütləvi şəkildə, qanunsuz olaraq qeydə alınmaması praktikasi var və müxalifyönümlü şəxslər, hətta aktiv siyasi fəaliyyətlə məşğul olmayan tərəfsiz şəxslər 2000 və 2010-cu illərin parlament seçkilərində, Prezident və bələdiyyə seçkilərində dəfələrlə bu qanunsuzluqlarla üzləşiblər. Belə çıxır ki, namizədləri qanunsuz qaydada seçkilərdə qeydə alınmamış partiyalar istənilən vaxt ləğv edilə bilər. Bu absurd, mürtəce  qayda həm də siyasi partiyaları buxovda saxlamaq məqsədi ilə layihəyə daxil edilib. 
10.7-ci maddəyə görə Dövlət Bayrağı siyasi partiyanın bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə), siyasi partiyanın bayrağının ölçüsü Dövlət Bayrağının ölçüsündən böyük ola bilməz. Bu bayrağomaniya  normasının mənası nədir? Bir az yekə bayraq tikdirmiş partiya ləğv edilə və ya fəaliyyəti dayandırıla bilərmi? Mühüm ictimai münasibətləri nizamlamalı olan normativ akta – qanuna belə qaydanın salınmasının hüquq nizamlamasında dəyəri nədir? Üstəlik, praktika göstərir ki, yekə bayraqlar ancaq bir partiyanın monopoliyasındadır və başqalarının belə lüksü də yoxdur. 
11-ci maddə siyasi partiyanın fəaliyyət istiqamətlərini imperativ qaydada sadalayır. Siyasi partiyanın əsas nizamlama və fəaliyyət sənədi olan nizamnamədə başqa fəaliyyət istiqaməti göstərilə bilməzmi? Ölkənin siyasi sisteminin başlıca atributlarından olan siyasi partiyanın fəaliyyəti nədən belə sərt çərçivəyə salınmalıdır? Nizamnamədə başqa bir istiqamət göstərmiş siyasi partiya qeydə alına və ya qeydiyyatı saxlana bilərmi? 
Siyasi partiyanın hüquq və vəzifələrini müəyyən edən 12-ci maddədə də belə əsassız qısıtmalar var.
12.1.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iclaslar, görüşlər konfranslar və müşavirələr keçirmək. 
Başqa adda tədbir keçirmək olarmı? Keçirilərsə, bunun sanksiyası nə olacaq?
12.1.11 və 15.2.5-ci maddələr: “Media haqqında” Qanuna uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq). “Media haqqında” Qanunun 26.4-cü maddəsi siyasi partiyalara yalnız çap mediası təsis etməyə icazə verir. Nəyə görə ancaq çap mediası? Əslində, məqsəd aydındır – televiziya böyük qüvvədir və xalqı tez yoldan çıxarır. “Media haqqında” Qanunda nəzərdə tutulan bu əsassız qısıtma media və informasiya azadlığına da ziddir. Bütün televiziyaların hakimiyyət partiyasının monopoliyasında olduğu şəraitdə bu, həm də Konstitusiyanın 149-cu maddəsinin (normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır), 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnun pozulmasıdır. Bu pozuntulara şərait yaradan səbəblərdən biri də Konstitusiyanın siyasi fəaliyyətlə bağlı ana maddə olmalı olan 54-cü maddəsinin (“Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ”) düşünülmüş xəsis deklarasiya olmasıdır: “Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır”. Vəssalam. Bu fəaliyyətin formalarını cari qanunvericilik, o sıradan “Siyasi partiyalar haqqında” Qanun müəyyən edəcək. O isə qadağalardan və qısıtmalardan ibarət olsa, bu, Konstitusiyanın günahı deyil!
12.1.15. konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər keçirmək.
Bu maddə 12.1.5-ci maddəni təkrar edir. Ancaq bu dəfə layihə müəllifi bir az səxavətli olub – “digər ictimai tədbirlər”ə də icazə verib. 
12.2-ci maddə siyasi partiyaya sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. 23.1.4-cü maddədə isə göstərilir ki, mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait siyasi partiyanın qanuni gəlir mənbəyidir. Əslində ikinci halda göstərilən fəaliyyət sahibkarlıq fəaliyyətidir. Ona görə də bu ziddiyyəti aradan qaldırmaq üçün göstərilən maddələr başqa cür ifadə edilməlidir, bu şərtlə ki, oğrunun yadına daş salmaqla – təzə bir qısıtma qoymaqla nəticələnməsin.
12.3.6-cı maddə siyasi partiyanın üzərinə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının,  vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməmək vəzifəsi qoyur. Bunun hədləri necə müəyyən olunacaq? Hansısa orqanın qarşısında piket keçirmək müdaxilə sayılırmı? Sayılırsa, bunun cəzası nədir?
14.1-ci maddəyə əsasən siyasi partiyanın növbədənkənar qurultayı partiya üzvlərinin ən azı üçdə iki hissəsinin icra orqanına (icra orqanı olmadığı halda partiyanın sədrinə) edilmiş müraciəti əsasında da çağırılır. Niyə məhz üçdə iki hissə? 
Birinci, bu məsələ əslində qanunla deyil, nizamnamə ilə müəyyən edilməlidir. Heç olmasa qanun bu normanı diospozitiv qaydada müəyyən etməlidir. 
İkinci, bu say üçdə birdən artıq olmamalıdır. Layihənin qoyduğu aşırı qısıtlama partiyadaxili demokratiya üçün də təhlükəlidir. Nəyə görə növbədənkənar qurultayı çağırmaq üçün az qala bütün partiya üzvləri yekdil olmalıdır? Bu halda minlərlə partiya üzvünün səsi niyə eşidilməsin?
18.3-cü maddə: “Yerli təşkilat siyasi partiyanın azı 100 üzvündən ibarət olmaqla müvafiq inzibati ərazi vahidində formalaşdırılır”. Nizamnamə ilə müəyyən edilməli olan bu qaydanın da məqsədi partiyaların regionlarda fəaliyyətini minimuma endirməkdir. Sanki təkcə bir bədheybət partiya üçün yazılımış bu layihə başdan-başa siyasi fəaliyyətin sərt çərçivələrə salınmasına və dalana dirənməsinə xidmət edir. Siyasi plüralizm, siyasi təşəbbüskarlıq, yaradıcı alternativ fikirə sədd çəkən qanunla ölkədə demokratik idarəçilik, siyasi kadr hazırlığı, siyasi fəaliyyətin gəlişməsi mümkün deyil. Bu günün siyasi partiyası sabahın hakimiyyət partiyasıdır. Biz sabahın idarəçilərini indidən manqurt düşüncəsinə kökləməklə hara gedirik? 
Layihədə siyasi partiyanın maliyyə mənbələri həddən artıq qısıdılıb. Hüquqi şəxslər, o sıradan ictimai birliklər və fondlar, dini qurumlar, beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər  siyasi partiyaya maliyyə yardımı göstərə bilməz. Niyə? Xarici dövlətləri, əcnəbiləri və xarici hüquqi şəxsləri anladıq, bəs qalan qurumlara və şəxslərə qadağan qoyulmasının məqsədi nədir? Siyasi partiyaların, özəlliklə müxalifət partiyalarının maliyyə mənbəyinin yox dərəcəsində olduğu, dövlət büdcəsindən maliyyələşdirmənin saxta seçkilərin nəticələrinə dirəndiyi şəraitdə belə əsassız qısıtmalar müxalifət partiyalarını “ağıllı” olmağa məhkum etmək məqsədi güdür.
23.2.7-ci maddəyə görə “adını, soyadını, atasının adını, həmçinin fərdi identifikasiya nömrəsini, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslərin siyasi partiyaya maliyyə yardımı göstərməsi qadağandır”. Maraqlıdır, görəsən nəyə görə layihə müəllifləri başqa məlumatları – yardımçının ailə vəziyyəti, arvadının və uşaqlarının iş yeri, qohumlarının siyasi mənsubiyyəti barədə məlumatları tələb etməyiblər?
24.6  24.7-ci maddələrdə siyasi partiyalara verilmiş ianələrə nəzarət səlahiyyəti MSK-ya verilir. Bu qayda düzgün deyil. 
Birinci, MSK yalnız seçkilərlə bağlı xərclərə nəzarət edə bilər. 
İkinci, bu norma (həm də 27.5-ci maddədəki qayda) SM-in nizamlama predmetidir və bu qanunda belə məsələlərin nizamlanması qanunvericilik texnikasının qaydalarına ziddir. 
25-ci maddədə dövlət maliyyələşməsinin meyarı kimi seçkilərdə iştirak və onun nəticələri götürülür. Ölkədə keçirilən heç bir seçki azad, ədalətli və demokratik seçki olmayıb. Belə şəraitdə seçkilərin meyar kimi götürülməsinin heç bir obyektiv, ədalətli, ağlabatan əsası yoxdur. 
İkinci, seçkilərin boykot edilməsi də siyasi partiyanın normal seçki siyasəti sayılır. Hətta namizədlərin normal qeydiyyatının keçirilmədiyi ölkədə maliyyələşmənin seçkilərlə əlaqələndirilməsi normal, obyektiv, qərəzsiz, ədalətli kriteriya sayıla bilməz. Üstəlik, siyasi partiyaların maliyyə mənbələrinin bu qədər qısıdıldığı şəraitdə, ümumiyyətlə, siyasi partiyaların hamısı bu və ya başqa məbləğdə büdcə vəsaitləri ilə təmin edilməlidir. Bu qayda onların fəaliyyətinin minimum təminatı ola və qanunsuz maliyyələşmənin qarşısını ala və ya ondan çəkindirə bilər. Qanunun qadağaları alternativ qanuni davranış qaydası olduqda qanuni və ədalətli sayılır. Onsuz da bu qanun partiyaların sayını kəskin şəkildə azaldacaq.
26.4-cü maddə siyasi partiyanın əmlakının tərkibini də həddən artıq daraldır: “Siyasi partiyanın mülkiyyətində torpaq, sənaye müəssisələri, kooperativlər, həmçinin istehsal müəssisələri ola bilməz”.Niyə? Nədən publik hüquqi şəxslərə, QHT-lərə tətbiq edilən qayda – nizamnamə məqsədlərinə xərclənən məhdud dairədə gəlir mənbələri olması qaydası partiyalara tətbiq edilməsin? Ölkədə siyasi partiyaların normal fəaliyyətinə şərait yaradılanadək, müxalifət partiyalarına maliyyə yardımı göstərmək istəyənlərin təqib olunması və sərt cəzalandırılması praktikasına son qoyulanadək bu imkan qanunvericilikdə əksini tapmalıdır. Layihədə təklif olunan qadağa qanunsuz sahibkarlığa, qanunsuz maliyyələşməyə şərait yaradacaq.
Beləliklə, siyasi partiyaların maliyyələşməsi ilə bağlı iki variant təklif etmək olar:
1) Bütün siyasi partiyalara dövlət büdcəsindən vəsait ayrılması;
2) Siyasi partiyalara nizamnamə məqsədlərinə xərclənən məhdud dairədə (məsələn, bütün gəlirlərin 50 %-i həddində) gəlir əldə etmək imkanının verilməsi. İkinci variant büdcə vəsaiti almayan partiyalara şamil edilməlidir.
Publik hüquqi şəxslərə, QHT-lərə tətbiq edilən qaydanın məhdud dairədə siyasi partiyalara şamil edilməsini həm də onunla əsaslandırmaq olar ki, siyasi partiyalar da mahiyyətcə publik hüquqi şəxsin və ictimai birliyin bir növüdür.
Təbii ki, ikinci variant arzu olunan variant deyil. Lakin siyasi partiyaları müflis olmağa və ya pul vəsaiti üçün aktiv prinsipial siyasi mübarizədən imtina etməyə məcbur edən indiki və qanunda təklif olunan variantlardan daha ədalətlidir.   
28-ci maddə “Siyasi partiyanın maliyyə fəaliyyətinə nəzarət” adlanır. Dövlət maliyyə yardımının xərclənməsinə nəzarət Hesablama Palatasına, başqa maliyyə fəaliyyətinə nəzarət MSK-ya tapşırılır. Yuxarıda deyildiyi kimi, MSK yalnız seçkilərlə bağlı xərclərə nəzarət edə bilər. Üstəlik, MSK maliyyə və partiya nəzarəti orqanı deyil, ümumiyyətlə, ona belə funksiya verilməsi bu orqanın mahiyyətinə ziddir.
“Keçid müddəalar” adlanan 30-cu maddə də bu qanunun predmeti deyil. Orada göstərilən məsələlər QQ ilə nizamlanmalıdır. Üstəlik bu maddədə göstərilən bir çox normalar qeydiyyat haqqında qanunu və bu qanunun özünü təkrar edir.
Layihənin fəlsəfəsi nizamlamaq istədiyi ictimai münasibətlərin mahiyyətinə uyğun deyil. Layihə demokratik, hüquq dövləti ideyasına və qaydalarına ziddir. O, bu tipli dövlətin siyasi sisteminin gəlişməsinə xidmət etməli olduğu halda, sadəcə, avtoritar dövlətin nəzarət orqanının (bu halda yəqin ki, Ədliyyə Nazirliyinin) müstəqil siyasi təsisata sərt nəzarət təlimatı kimi tərtib edilib. Əslində siyasi partiyanın nizamnaməsi ilə tənzinmlənməli olan çoxsaylı xırda, hətta texniki məsələlərin layihədə səylə sadalanması layihənin məhz təlimat xarakterini müəyyən edir və yüksək ranqlı normativ hüquq aktının tələblərinə də uyğun deyil. Əksər Avropa ölkələrində, ümümiyyətlə, siyasi partiyalar haqqında qanun yoxdur və bu, heç bir ölkədə fəlakət doğurmayıb.
2000-ci ildə QHT-lər haqqında Qanun müzakirə olunarkən vətəndaş cəmiyyətinin təmsilçiləri bu təşkilatlara Ədliyyə Nazirliyinin sərt nəzarətini təmin edəcək qaydalara (o sıradan iki xəbərdarlıqdan sonra təşkilatın ləğvi) qarşı çıxanda hökumət nümayəndələri and içib qəsəm eləyirdilər ki, bu qaydalar, sadəcə, çəkindirici xarakter daşıyır. 2014-cü ilin yanvarında məhz Ədliyyə Nazirliyinin donosvari məlumatı əsasında demək olar bütün müstəqil, tənqidçi QHT-lər barədə cinayət işləri qaldırdılar və bu, həmin təşkilatların qapadılması, aktiv vətəndaş cəmiyyətinin süqutu ilə sonuclandı.
İndi bu aqibət gerçək siyasi partiyaları gözləyir.
Meydan tv
Tarix: 24-10-2022, 09:46
Xəbəri paylaş





Xəbər lenti