İrəvanla YEKUN SÜLH nədən yubanır? - İNCƏLƏMƏ...

İrəvanla YEKUN SÜLH nədən yubanır?
“Halhazırda Avropa İttifaqı tərəfindən, eyni zamanda, digər dövlətlər, xüsusən də, Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Ərdoğan tərəfindən Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı atılan addımlar öz bəhrəsini verməkdədir. Bu addımların atılması və sülh müqaviləsinin bağlanmasını, regionda sabitliyin bərqərar olunmasını istəməyən müxtəlif dövlətlər, müxtəlif beynəlxalq təşkilatlar və müxtəlif qüvvələr var ki, onlar Cənubi Qafqazda sabitliyin hökm sürməsini istəmirlər”
Siam.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin açılması nəticəsində Ermənistan dövləti müəyyən dairələri təsirindən çıxacaq və Ermənistan dövləti inkişaf etməyə başlayacaq. Digər dövlətlər artıq öz təsirlərini orada diktə edə bilməyəcəklər.

“Təbii, bütün bunlara görə də həmin qüvvələr var güclərini qoyublar ki, bu sülh danışıqları baş verməsin, sülh müqaviləsi imzalanmasın. Ona görə də Ermənistanı bir növ həvəsləndirirlər və öz qüvvələrini hərəkətə gətirirlər. Ancaq, mən belə düşünürəm ki, bizə qonşu ölkələrin rəhbərlikləri, müəyyən səlahiyyətli şəxsləri Ermənistana səfərlər etməsi, İranın sərhədə qoşun yığması və İranın konsulluq açma təklifləri və açması Ermənistanı bir növ daha da, bataqlığa sürükləməkdir. Çünki, Ermənistanda revanşist qüvvələr hərəkətə gələcək və Paşinyan artıq bu sülh müqaviləsindən yayınmağa çalışacaq. Məcbur yayınacaq. Ona görə də müəyyən bir müharibə şəraiti yaranacaq və yaxud da ki, erməni təxribatları çoxalacaq və Azərbaycan yenidən əks hücuma keçəcək və cavab tədbirləri görəcək. Nəticədə biz yaxşı bilirik ki, Ermənistanın baş naziri yenidən yalvarışlara başlayacaq. Müəyyən ölkə rəhbərlərinə yalvaracaq ki, müharibə dayansın. O zaman Ermənistan hansısa ölkələrin təsirində olacaq və ölkələrin yanında yenə başı aşağı qalacaq.

Ermənistanın baş naziri və Ermənistanın baş bilənləri oturub fikirləşsinlər ki, onların çıxış yolu Cənab prezidentin dediyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi Ermənistanın ən yaxşı variantı sülh müqaviləsini imzalasınlar və regionda artıq sabitlik yaransın və Ermənistan dövləti bataqlıqdan çıxsın. Əks halda qeyd etdiyim kimi İran qoşunu yığırsa, yığsın İran çox yaxşı bilir ki, Azərbaycanın çox güclü bir ordusu var” - deyən ekspert hesab edir ki, İranın Azərbaycana hücum etmək məsələsi qeyri-mümkün olan bir məsələdir. Çünki, Azərbaycan çox güclü bir dövlətdir və güclü bir ordusu var, Azərbaycanın güclü əlaqələri var. Azərbaycan Türkiyə ilə hərbi müttəfiqdir və Azərbaycanın Şuşa bəyənnaməsi var. Azərbaycan eyni zamanda Rusiya ilə müttəfiqdir. Azərbaycan İsrail ilə müttəfiqdir. Pakistan ilə müttəfiqdir. ABŞ ilə birgə çıxış ediblər. Azərbaycanın ABŞ ilə çox yaxşı münasibətləri var. Avropa ilə çox yaxşı münasibətləri var. Bütün bunlardan əlavə də ən əsas məsələ İranda 40 milyon azərbaycanlı var.

“40 milyon azərbaycanlı heç bir zaman imkan verməz ki, hansısa İranda başda oturan mollanın Azərbaycanla bağlı hərbi təhdidləri olsun və Azərbaycana hücumla bağlı, təxribatla bağlı müəyyən addımlar atsın. Bu, mümkün deyil. İran Azərbaycana hər hansı bir həmlə edərsə, Cənubi Azərbaycanda olan bizim soydaşlarımız, bizim həm yerlilərimiz İranda bir günün içində dövlət çevrilişi edərlər. İran hakimiyyəti həmin dövlət çevrilişinin qarşısını ala bilməz. Bunu İran dövlətində oturan bütün mollalar, şəxslər çox yaxşı bilir. Heç bir zaman İran dövləti bu səhv addımı atmaz. Ona görə ki, Azərbaycanın cənubda olan qardaşları var. 40 milyonluq bir əhalidir və İranın ümumi əhalisindən daha çoxdur, farslardan daha çoxdur. Buna görə də bu addımı ata bilməz və atmaz” - deyən politoloq İranın son zamanlar davranışlarını bununla izah edir ki, İran öz varlığını sübut etmək üçün bu addımı atır.

“Bizim üçün onlar önəm kəsb etmir. Azərbaycan 92-ci il Azərbaycanı deyil. Azərbaycan çox güclü dövlətdir və Azərbaycan bu gün öz tarixi torpaqlarını işğaldan azad edən bir dövlətdir. Azərbaycan prezidenti dünya dövlətləri rəhbərləri tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur, təqdir olunur və çox yüksək səviyyədə qarşılanır. Buna görə də mən hesab edirəm ki, İranın ora yığdığı hərbçiləri Azərbaycan üçün heç bir təhdid deyil, ola da bilməz. Saydığım bəzi şərtlər var ki, İran o şərtləri yaxşı bilir. O addımları ata bilməz. Türkiyə ilə gələcəkdə daha da yaxşı əməkdaşlıq, daha da birgə təlimlər, Azərbaycan Türkiyə əsgərlərinin, hərbçilərinin təlimlərinin birgə keçirilməsi gündəmdədir və bu olacaq. Çünki, Azərbaycan Türkiyə həm qardaş ölkədir, həm strateji müttəfiqdir. Şuşa bəyənnaməsində bu birdaha öz əksini tapıb” - deyə politoloq bildirib.

Politoloq qeyd edir ki, Şuşada Türkiyə konsulluğunun açılması gözəl addım olar. O hesab edir ki, nəinki Şuşada, ümumiyyətlə gələcəkdə Azərbaycanın digər ərazilərində sülh müqaviləsi bağladıqdan sonra, Xankəndində də Türkiyə konsulluğu açılacaq.

“Və buna əminəm. Bu gün Azərbaycan-Türkiyə münasibətləri və hər iki ölkənin prezidentlərinin olan münasibətləri elə bir səviyyədədir ki, dünyanın heç bir ölkəsində, heç bir iki ölkəni göstərə bilməzsiniz ki, belə bir münasibətləri var. Türkiyə dünyada söz sahibi olan güclü bir dövlətdir və bu günlərdə Rusya-Ukrayna münasibətlərində cənab Rəcəb Tayyip Ərdoğanın xüsusi bir çəkisi var. Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olur. Həm Zelenski həm də dünya dövlətləri tərəfindən də, hətta ABŞ prezidenti Joe Biden, Rəcəb Tayyip Ərdoğana təşəkkür etmişdi. Dünyada Azərbaycanın güclü lider olmaqla yanaşı, Azərbaycanın güclü liderinin güclü dostu var, güclü qardaşı var, müttəfiqi var. Bilirsiniz ki, hər iki prezident həm cənab prezident İlham Əliyev həm Rəcəb Tayyip Ərdoğan elə bir münasibətdir ki,onlar üçün fərqi yoxdur. Onlar hansı bir beynalxalq tədbirdə,beynalxalq konfransda,hansısa ölkə səfərində onlar hər ikisi həm Azərbaycanı həm Türkiyəni təmsil edirlər. Bu dünya tarixində mən deyərdim ki,analoqu olmayan və tayı bərabəri olmayan bir qardaşlıq,bir dostluq, bir birlikdir” - deyən Ramiz Alıyev qeyd edib ki, Azərbaycan və Türkiyə tarixində belə bir hal olmamışdı ki,hər iki ölkənin rəhbərliyi bu səviyyədə yaxın olsun. Bu da eyni zamanda dövlətlərimizin yaxın olduğu deməkdir.
Tarix: 24-10-2022, 09:47
Xəbəri paylaş





Xəbər lenti