“Azərbaycana qarşı qətnamə qəbul edilərsə, bu, Fransanın regiondan rədd olması ilə nəticələnəcək” - RƏY
“Fransanın Azərbaycanın əleyhinə qəbul edəcəyi qətnamə və ya bu qətanmənin mümkün müzakirəsi Makronun Paşinyanla anlaşmasının nəticəsidir. 13-14 sentyabr hadisələrindən dərhal sonra Nikol Paşinyan Fransaya səfər etmişdi. Nəticədə, Ermənistan sərhədlərinin qorunması bəhanəsi ilə ATƏT-in nümayəndələrinin qeyri-qanuni şəkildə Ermənistana gəldiyinin şahidi olduq. Eyni zamanda Avropa İttifaqının xüsusi missiya məsələsi də Fransa tərəfindən qabardıldı. Hazırda onlar Zəngəzurda mövqe tutublar. Bu, əlbəttə, rəsmi Parisin necə təxribatçı olduğunun göstəricisidir. Çünki Fransa bu addımı ilə əslində sülh prosesinə çox böyük zərbə vurur”. Bu sözləri
Pravda.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri
Zaur Məmmədov deyib.
O bildirib ki, noyabrda Fransa parlamenti tərəfindən Azərbaycana qarşı qətnamənin müzakirəsi gözlənilən idi: “Bununla bağlı məlumatlar da var idi. Qətnamə qəbul edilərsə, bu, Fransanın regiondan rədd olması ilə nəticələnəcək. Bütün fransız kampaniyaların Azərbaycandan çıxarılması, fransız şirkətlərin bu və ya digər vəzifələrdə iştirakına da qadağa qoyulması məsələsinə baxıla bilər. Avropa İttifaqının enerji siyasətində Azərbaycan xüsusi rol oynayır. Fransanın Azərbaycana qarşı atacağı addımlar birmənalı şəkildə Avropa İttifaqının enerji təhlükəsizliyinə xələl gətirəcək. İlk növbədə, Azərbaycandan daha çox elə İttifaqın üzvü olan dövlətlər – Almaniya, İtaliya və digərləri Fransanın bu addımını tənqid etməlidirlər. Ümumiyyətlə, Fransının Ukrayna, Cənubi Qafqaz hadisələrində oynadığı ziyanverici rol müzakirə edilməlidir”.
Tarix: 24-10-2022, 22:58