“Rusiya və İranın Azərbaycana qarşı iddiaları var” - deputat
Son günlər Rusiya-Azərbaycan münasibətlərində yenidən gərginlik hiss olunur. Bu gərginliyin mənbəyi həmişəki kimi Rusiyadır. Rusiyanın “Birinci kanalı”nda gedən “Böyük oyun” verilişində Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb, Xankəndi şəhərindəki separatçı rejim az qala, ciddi qurum kimi təqdim edilib. Belə qənaətə gəlmək olar ki, Rusiyadakı hansısa dairələr Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqla Qarabağda yeni təxribatlara zəmin yaratmağa çalışırlar.
Siam.az xəbər verir ki, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Reyting.az-a müsahibəsində Rusiya-Azərbaycan münasibətlərindən danışıb.
- Rasim müəllim, dünən Azərbaycan Rusiyaya nota təqdim edərək ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını tələb edib. Bakı çox nadir hallarda Moskvaya belə notalar təqdim edir. Vəziyyəti necə şərh edə bilərsiniz?
- Düz edib nota təqdim etmişik, ona görə ki, onlar əndazəni aşırlar. İndi yeridirmi, onlar Azərbaycana bu cür yanaşırlar? Özü də bu, hansısa bir “Youtube” kanalı deyil, Rusiyanın “Birinci kanalı”dır. Həmin kanalda ağızlarına gələni danışırlar. Üstəlik, bu, ilk hadisə deyil.
Həm də Azərbaycan əleyhinə son belə cəfəng fikirləri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonov səsləndirir. O, hakim partiyanın üzvüdür. Bu şəxs Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Ona görə də Azərbaycan haqlı olaraq nota təqdim edib.
Beynəlxalq məsələlər komitəsi sədrinin digər müavini Mixail Delyaqin bir müddət əvvəl Azərbaycanın neft quyularını bombardman etməyə çağırmışdı, nüvə zərbəsi endirməklə bağlı çıxış etmişdi. Bizim qəti etirazımızdan sonra onun ağzını bir müddət yumdular. Ancaq son günlər yenə telekanallara çıxarırlar.
Dumanın MDB üzrə müvafiq komitəsinin sədr müavini var - Zatulin. Bu adam Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alır. Bütün bunlara etiraz bildirilməli idi və bildirilib. Əslində mən gözləmirəm ki, bu etiraz nəticəsində davranış və danışıqlarına çəki-düzən verələr. Amma bunlar başa düşməli və görməlidirlər ki, sabah Azərbaycan kanallarında, mediasında Rusiyaya xoş gəlməyən məsələlərdən - Ukraynanın işğalından və digər yaramaz fəaliyyəti barədə çıxışlar ola bilər.
- Bu şəxslər Rusiya hakim partiyasının deputatlarıdır. Sizin fikriniz necədir, onlar özfəaliyyətlə məşğuldur, yoxsa bu, sistemlidir və təlimatlar Kremldən gəlir?
- Bunun Vladimir Putin səviyyəsində tapşırıq olmasına inanmıram. Amma son zamanlar Qarabağ məsələsi, Ermənistan-Azərbaycan münasibətləri elə bil ki, Rusiyanın təsirindən çıxıb. Ola bilsin, hansısa səviyyədə deyiblər ki, onları qıcıqlandırın və unutmasınlar ki, bu məsələdə Rusiya və onun mövqeyi də var. Ancaq ehtimal etmirəm ki, bu dövlət başçısı səviyyəsində sifariş edilib. Lakin hər bir halda bu, Kremldə, Prezident Administrasiyasında nizamlanır.
- Dünən məlumat yayılıb ki, Azərbaycan ilə Rusiya prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli görüşü keçiriləcək. Bu görüş ərəfsində Rusiyada Azərbaycan üçün arzuedilməz açıqlamalar görüşün keçirilməsinə problem yarada bilərmi?
- Bununla bağlı sözsüz ki, narazılıq ifadə olunur. Ancaq Putin dəvət etdiyi halda düşünmürəm ki, “Birinci kanal”dakı belə yaramaz fikirlərə görə görüş rədd edilsin. Hər bir halda onlar görürlər ki, hər yerdə əlləri boşa çıxır. Məsələn, Qazaxıstanda boşa çıxdı, Qırğızıstanda da eyni ilə. Görün nə günə qalıblar ki, Tacikistan prezidenti çıxışında “Bizə hörmət etmək lazımdır, biz keçmiş sovet respublikaları deyilik”, - deyir.
- Hazırda Rusiya telekanalları Xankəndi şəhərində peyda olan erməni milyarder Ruben Vardanyanı da təbliğ edir. Ruslar bununla Xankəndində nə etmək istəyirlər?
- Əslində rusların nə etmək istədikləri və məqsədləri bəllidir. Bu da ondan ibarətdir ki, rus sülhməramlıların ərazidə qalma müddəti uzadılsın, onlara rəsmi status - mandat verilsin və beləcə, məsələni uzada bilsinlər. Yəni bundan Azərbaycana və Ermənistana qarşı qarmaq kimi istifadə etmək istəyirlər.
- Əslində indi Rusiya ilə yanaşı İranda da anti-Azərbaycan fəaliyyəti artıb. Bu, Moskva və Tehranın koordinasiyalı fəaliyyəti deyil ki?
- Belə düşünmürəm. İranın Azərbaycana haçansa yaxşı münasibəti olubmu? Yox! Əslində Rusiya və İranın Azərbaycana qarşı iddiaları var. Amma Azərbaycan o iddiaları rədd edir. Rusiya və İran Azərbaycana təzyiq etməklə nələrəsə nail olmağa çalışırlar. Amma istəkləri boşa çıxacaq.
- Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik perspektivdə nə vəd edir?
- Heç nəyə nail ola bilməyəcəklər. Çünki ikisinin də kifayət qədər problemi var. Rusiya Ukraynadan özünü necə çıxarmaq haqqında düşünür, amma bunun yollarını tapa bilmir. Faktiki olaraq Ukraynada bataqlığa düşüb.
İranın da daxildə min problemi var. Odur ki, yaxın zamanda İran kənar məsələlərlə deyil, daxildəki problemləri ilə məşğul olacaq.
Yaxşı olardı ki, həm Rusiya, həm də İran öz problemləri ilə məşğul olsunlar.