Bakı-ATƏT qarşıdurması - qurum haqsız qərarını geri oxuyacaqmı?


Azay Quliyev: “ATƏT-in bu anormal qərarı ölü doğulub”

Avropa Birliyinin (AB) ardınca ötən həftə ATƏT-in “yuyulmamış çömçə” kimi özünü Ermənistan naminə ortaya atması rəsmi Bakının haqlı qəzəbinə səbəb oldu. Məsələ ondadır ki, əgər AB-nin sərhədə 40 nəfərlik müşahidə missiyası göndərməsi qismən Bakının razılığı ilə, son Brüssel anlaşması çərçivəsində əldə olunmuşdusa, ATƏT, daha doğrusu, onun Katibliyi sırf Paşinyan hökumətinin bədniyyətli xahişi ilə, təşkilatın iş prinsipini pozaraq, o sırada heç bir konsensus prinsipi gözlənilmədən (Azərbaycanın razılığı olmadan) bölgəyə bir qrup müşahidəçi göndərmək qərarı verib. Bunun da adını utanmazcasına “faktaraşdırıcı missiya” qoyub.
Halbuki belə bir missiya, təkrar edirik, yalnız bütün üzv ölkələrin razılığı, konsensus əsasında mümkündür. Hansı ki, erməni işğalı dövründə məhz Ermənistanın veto hüququndan istifadə eləməsi üzündən dəfələrlə baş tutmayıb. İndi isə qurum özünün üzdəniraq Minsk Qrupu kimi yenə erməni maraqlarının yedəyində gedərək, bir qrup ermənipərəst ölkənin təşəbbüsü isə bölgəyə Azərbaycanın razılıq vermədiyi nümayəndə heyəti göndərir.   
Gözlənildiyi kimi, ölkəmizin bu hoqqabazlığa reaksiyası sərt olub. Azərbaycan Bakı ilə razılaşdırılmadan ATƏT Katibliyinin Ermənistana ehtiyaclarının qiymətləndirilməsi missiyası göndərmək qərarına cavab olaraq ATƏT-in 2023-cü il üçün büdcəsinin müzakirəsində iştirakını dayandırıb. Bu barədə oktyabrın 21-də Azərbaycanın ATƏT-dəki nümayəndəliyi Daimi Şurada təşkilatın 2023-cü il üçün büdcəsinin müzakirəsi zamanı bildirib.
“Sülhün əldə olunması məqsədlərinə nail olmaq, regionda etimadın yaradılmasına töhfə verməkdənsə, Azərbaycanla əməkdaşlıqdan imtina etmək və birtərəfli qaydada "ehtiyacların qiymətləndirilməsi" missiyasını əvvəlcədən müəyyən edilmiş məqsədlər və nəticələrlə göndərmək əks-effekt verəcək", - Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin bəyanatında deyilir.
“Bu səfər oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqlədikləri yüksək səviyyəli sonuncu görüşdən sonra elan edilib.  Azərbaycan əlavə etimad quruculuğu tədbiri kimi Avropa İttifaqının mülki missiyasının Ermənistan və Azərbaycan sərhədi boyunca Ermənistan ərazisinə keçməsinə etiraz etməyib. Bu hərəkət ATƏT-in regionda "vicdanlı vasitəçi" kimi rolunu daha da məhdudlaşdıracaq, Minsk Qrupunun fəaliyyəti ilə və digər ATƏT strukturları tərəfindən artıq ciddi şəkildə zədələnmiş bu təşkilata inamı daha da azaldacaq. Mövcud vəziyyət düzələnə və ATƏT-in sənədlərinə və qərarlarına uyğunluq bərpa olunana qədər Azərbaycan nümayəndəliyi gələn il üçün büdcə layihəsini nəzərdən keçirməyəcək", - bəyanatda deyilir.
Bu isə gələn il təşkilatın işini iflic edə bilər.
Bundan öncə Azərbaycan XİN analoji sərt mövqe ortaya qoymuşdu.
Bəs ATƏT haqsız qərarını geri oxuyacaqmı? Oxumasa, nə olacaq?

Deputat, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun komitə sədri Azay Quliyev bu barədə “Yeni Müsavat”a çox maraqlı açıqlamalar verdi: “Bu, heç bir presedenti olmayan bir qərardır. Açığı deyim ki, ATƏT-in bütün prinsiplərini ayaqlamaq deməkdir. Bu, quruma qarşı çox böyük bir inamsızlıq yaradır. Milli Məclisdə də bu məsələyə toxundum. Qərar birbaşa polşalı sədrin və baş katibin partizanlığıdır. Bilirsiniz ki, ATƏT-də bütün sənədlər, qərarlar konsensusla qəbul olunur. Polşanın ATƏT-ə 2023-cü ilə qədər sədrlik etməsi Azərbaycanın razılığı olmadan mümkün deyildi. Hazırkı baş katibə Azərbaycan razılıq verməsəydi, o, baş katib ola bilməzdi. Xatırlayırsınızsa, rəsmi Bakı uzun müddət mücadilə etdi, mübarizə apardı ki, işğal altında olan ərazilərinə faktaraşdırıcı missiya göndərilsin. Həmin dövrdə Ermənistan uzun müddət müqavimət göstərdi. Nəhayət, Ermənistanın razılığı ilə ATƏT öz suveren ərazimizə missiya göndərdi. İndi də heç bir müzakirə etmədən, məlumat vermədən, Azərbaycanın rəyini soruşmadan belə bir qərar verib. 2020-ci ildən məsələ qaldırılırdı ki, azad edilmiş ərazilərimizə bir baxış keçirilsin. Lakin Ermənistan buna etiraz edirdi və ATƏT də bəyan edirdi ki, bəs erməni tərəfi narazıdır deyə missiya göndərə bilmirik. Hətta YUNESKO kimi təşkilat belə Azərbaycanın haqlı tələbini gözardı edir və Ermənistanın razılığının olmasını tələb edir. Belə olan halda çoxlu misallar gətirə bilərəm. Bir qərar qəbul olunursa, bu, birbaşa ATƏT-in qaydalarına uyğun qəbul olunmalıdır. İndi nə baş verdi? Üzərində dayandığımız ATƏT-in nizamnaməsi, qaydaları tamamilə çeynəndi, hazırkı sədr və baş katib tərəfindən. Bizim mövqeyimiz açıqdır, birmənalıdır. Erməni saytları, mənbələri deyir ki, əgər ehtiyatlandığınız nəsə yoxdursa, niyə qəbul etmirsiz? Onlara başa salmaq lazımdır ki, heç nədən ehtiyatlanma yoxdur, sadəcə,ATƏT-in burada qaydaları pozmasından söhbət gedir, qanunsuz qərar qəbul etməsindən söhbət gedir. Əsas olan bizim üçün ATƏT-in dinc, şəffaf fəaliyyət göstərməsidir. Sədr və baş katib qurumun üzərinə götürdüyü öhdəlikləri pozmamalıdır. Azərbaycanın mövqeyi burada kifayət qədər qətidir, kəskindir, haqlıdır, legitimdir. Biz heç bir halda ATƏT-in bu cür qərarlarını qəbul etməyəcəyik. Çünki qanunsuz qərarı heç bir halda qəbul etmək olmaz. Heç bir halda hazırlanan hesabatın, edilən məruzənin heç bir hüquqi əsası olmayacaq. Bilirsiniz ki, artıq ATƏT-in büdcəsinin təsdiq olunmasına öz şərtlərimizi irəli sürmüşük. Biz bu məsələdə veto belə qoya bilərik. Təsəvvür edin ki, həm də Azərbaycanın ödədiyi maliyyə ilə bu qanunsuz missiya ərazilərimizə gələcək. Bir həftə, on gün orada qalacaqlar, sonra da geri qayıdanda Ermənistan və onun maraqlarına xidmət edəcək nəsə bir sənəd hazırlayacaqlar. Görün nə qədər haqsızlıq və ədalətsizlik var. Ona görə də düşünürəm ki, ATƏT sədri və rəhbərlik, nəzərə alsaq ki, Minsk Qrupunun həmsədrləri olan ölkələrin vasitəçilik təşəbbüsləri iflasa uğrayıb, qurum faktiki olan ölü bir təşkilata çevrilib, məsələlərə yeni bir baxış formalaşdırmalıdırlar. ATƏT cılız maraqlarından çıxış etməməlidir. Həqiqətən də bu rəzillikdir. Bu çox böyük bir hörmətsizlikdir. Bundan sonra indi ATƏT nəyi müdafiə edəcək? Hansı ədalətdən, beynəlxalq hüquqdan danışa bilər? Qurum adına çox böyük bir biabırçılıqdır”.
A.Quliyev bununla bağlı ATƏT toplantısında məsələ qaldıracaqlarını da söylədi: “Bu məsələdə sona qədər öz prinspial mövqeyimizi qoyacağıq. Nəticəyə nail olana qədər mücadiləmiz davam edəcək”.
Müsahibimiz Azərbaycan tərəfin dirənişindən sonra ATƏT-in qərarından geri çəkilib-çəkilməyəcəyi barədə sualımıza belə cavab verdi: “ATƏT-in bu anormal qərarı "ölü doğulub". Əgər bu qərara etimad yoxdursa, axı heç bir təsiri ola bilməz. Qərarın kökündə qanunsuzluq durursa, kim nə deyirsə-desin, Azərbaycana tərif belə söyləsələr, biz o qərarı qəbul etməyəcəyik. Biz hər zaman beynəlxalq hüquqa hörmət etmişik. ATƏT-in prinsipləri və dəyərlərinə daim sayğı ilə yanaşmışıq. Belə olan halda bu qərarı qəbul edən dövlətlər və şəxslər doğrudan da özlərini gülünc vəziyyətə saldılar. Belə görünür ki, bunlar Azərbaycanın xəbəri olmadan onun maraqlarına zidd qərarlar qəbul edirlər. Biz onlarla məsələ qaldırmışıq, onu rədd etmiş, demisiniz ki, Ermənistan buna razı deyil. İndi nə baş verdi? Bir dəfə də olsa, Azərbaycanın rəyini soruşa bilərdiniz. Biz də öz mövqeyimizi ifadə edə bilərdik. Qanuni təkliflərin də irəli sürülməsi mümkün idi. Bəri başdan bu qanunun heç bir hüquqi əsası olmadı. Polşanın sədrliyi bitmək üzrədir. Dekabrda müddət başa çatır. Sadəcə, bu addımı atmaqla erməniləri məmnun etmək istədilər. Yaxud da digər ölkələrin və beynəlxalq qurumların təkidi ilə onların təlimatlarını yerinə yetirdilər. Bu da çox üzücü bir haldır. Növbəti dönəm sədri Şimali Makedoniya olacaq. Çox istərdim ki, bu ölkə Polşanın yolunu getməsin, ATƏT-in prinsiplərinə və dəyərlərinə hörmət etsin. ATƏT bu prinsip və dəyərlər üzərində qurulmuşdu. Sonda sizə çox maraqlı bir faktı da deyim. Təsəvvür edin ki, 2002-ci ildən bu yana 20 il ərzində ATƏT-in Nazirlər Şurasının yekun sənədi qəbul olunmur. Bilirsiniz niyə? Çünki orada konsensus yoxdur. Əgər böyük bir qurum 20 ildir ki, konsensus olmaması səbəbindən bir sənədi qəbul edə bilmirsə, hər kəs artıq bu qurum barədə asan şəkildə münasibət sərgiləyə bilər. 2013-cü ildən indiyə qədər həmin Nazirlər Şurasının 11 iclasında iştirak etmişəm. Bir qərarı qəbul etməyən qurum altdan-altdan Ermənistana dəstək verir. Təmiz biabırçılıqdır. Azərbaycan təkcə büdcə təsdiqi ilə bağlı deyil, həmin şəxslərin gələcəkdə yenidən seçilmələri ilə bağlı öz mövqeyini göstərəcək. İnanmıram ki, Azərbaycan burada konsensusa gələcək. Azərbaycanın haqlı mövqeyi hər kəs tərəfindən qəbul olunmalıdır. Hər kəs Azərbaycana hörmət etməyə borcludur. Necə ki, biz dəyərlərə hörmət edir, beynəlxalq hüquq normalarına əməl edirik".
Tarix: 25-10-2022, 10:04
Xəbəri paylaş





Xəbər lenti