Rusiyanın son oyunu: “Azərbaycana qarşı böyük təxribat hazırlayır” - NƏ ETMƏLİ?

Rusiyanın son oyunu: “Azərbaycana qarşı böyük təxribat hazırlayır”
"Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya sərt etiraz notası Moskvanın daha ciddi təxribat hazırlamasından xəbər verir".

Siam.az bildirir ki, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında belə deyib.

Qeyd edək ki, Rusiyanın Birinci Kanalda yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən Azərbaycan əleyhinə açıq-aşkar çıxışlar edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınıb və dövlət xəritəsi təhrif olunub. Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsilə bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib.

Cümşüd Nuriyev hesab edir ki, Rusiya telekanallarının Azərbaycana qarşı qərəzli çıxışları əvvəllər də müşahidə olunub. Lakin Azərbaycan tərəfinin bu dəfə sərt etiraz notası verməsi Rusiyanın daha təhlükəli planları barədə informasiyaların əldə olunduğunu göstərir:

"Rusiyanın dörd telekanalı daim Azərbaycan əleyhinə verilişlər yayımlayıb. Həmin kanallar ermənilərin nəzarətindədir və onlar hər gün efirdən çıxış edirlər. Elə bir gün yoxdur ki, orada hər gün bir erməni danışmasın. Bu baxımdan, Rusiyanın qeyri-səmimiliyi ilə yanaşı, təxribat hazırladığını da görürəm. İranın son günlər güc nümayiş etdirmək cəhdləri, tələm-tələsik Qafanda tövləyə oxşar binada konsulluq açması Rusiyanın hansısa planlarından xəbər verir. Azərbaycan da görünür bununla bağlı məlumatlar əldə edib. Bu təxribat daha çox Qarabağla bağlıdır. Çünki Rusiyanın Azərbaycandakı sülhməramlı qüvvələri öz missiyası ilə məşğul olmur. Onların fəaliyyəti ermənilərin sayını artırmaq, onların hərbi gücünü artırmaqdan ibarətdir. Rusiya Avropa İttifaqının və Fransanın mülki missiyasının Ermənistan-Azərbaycan sərhədinə gətirilməsini qəbul edə bilmir. Bu missiya həm də Rusiyanın fəaliyyəti ilə bağlı hesabat hazırlayacaq. Onlar yaxşı bilirlər ki, Azərbaycan sərhədi pozmayıb və Ermənistana da müdaxilə etməyib. Sadəcə olaraq, Emmanuel Makron ABŞ-ın Rusiyanın bölgədən çıxarılmasına hesablanmış tapşırığını yerinə yetirir. Ona görə də Rusiya çalışacaq ki, bölgədə təxribat törətsin. Hətta Rusiyanın sülhməramlı əsgərini də öldürə bilərlər. Rusiyanın bütün xəyanət tarixinə baxsaq, bu cür üsullardan istifadə etdiklərini görərik”.

Ekspert bildirib ki, Kreml Azərbaycan ərazisində daimi hərbi baza yerləşdirmək istəyir:

“Bu məqsədlə belə hadisələrdən yararlanmağa çalışa bilərlər. Rusiyanın "5-ci kolonu" buna nail olmaq üçün hər cür bütün vasitələrə əl atır. Sosial şəbəkələrdə SSRİ-nin bərpasının vacibliyinə çağıran təbliğat aparılır. Vahid Azərbaycan Kommunist Partiyasının Azərbaycan dövlətinə qarşı yersiz ittihamlar yağdırır, ofisinə arxa qapıdan şübhəli adamlar gəlib-gedir. Təhlükəsizlik orqanları araşdırsa məlum olar ki, Rusiya Azərbaycana qarşı böyük təxribat hazırlayır. Rusiya bu əməllərini Azərbaycandakı ermənilərin əli ilə həyata keçirə bilər. Ona görə də Xarici İşlər Nazirliyi nota verməklə öz mövqeyini diplomatik kanllarla Rusiyaya çatdırdı. Azərbaycan Dövlət Televiziyası etirazını bildirdi. Amma bununla iş yekunlaşmamalıdır. Azərbaycanda Rusiyanın siyasətini bilən politoloqlar, tarixçilər var ki, onlar öz fikirlərini bildirməlidirlər. Media Azərbaycana qarşı təbliğata davamlı şəkildə cavab verməlidir. ABŞ “dərin” dövləti Rusiyanı bölgədən çıxartmaq istəyir. Azərbaycanın regionda baş verəcək qarşıdurmanın mərkəzində olması narahatlıq doğurur. Əsas məqsədlərdən biri də türk dövlətləri birliyinin, yəni Turan ideyasının reallaşmasının qarşısını almaqdır. Qərb dairələri Rusiyanın daxilindəki bəzi qüvvələrin əli ilə təxribat törədib Azərbaycanı rəsmi Moskva ilə üzbəüz qoya bilərlər. Ona görə də Azərbaycan mediası, deputatlar susmamalıdır".
Tarix: 25-10-2022, 21:42
Xəbəri paylaş





Xəbər lenti