Rusiya Azərbaycanı və Ermənistanı özünə qarşı çevirib, Tiflis bəyanatı buradan qaynaqlanırRusiya mətbuatı oktyabrın sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Vladimir Putinin dəvəti və iştirakı ilə Soçidə görüşəcəyi barədə məlumat yayıb. Bakıdan və İrəvandan bu barədə nə təsdiq, nə də təkzib yoxdur. Üçtərəfli görüş ideyası MDB dövlət başçılarının ötən həftə Astanada keçirilmiş zirvə görüşündə ortaya atılmışdı. Amma Putin İlham Əliyevlə ayrıca görüş keçirsə də, Paşinyanla bir araya gəlmədi. Müşahidəçilər bunu son zamanlar Moskva-İrəvan arasında münasibətlərin hədsiz soyuması ilə izah edirlər.
44 günlük müharibədən sonra Putinin iştirakı ilə bir neçə dəfə görüşlər keçirilib, birgə bəyanatlar qəbul edilib. Habelə, kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi ilə məşğul olacaq komissiya yaradılıb və onun toplantıları keçirilib. Amma Rusiya 10 noyabr bəyanatı ilə rəsmən vasitəçi tərəf olmasına baxmayaraq, münaqişənin həlli ilə bağlı irəliləyiş əldə etmək mümkün olmayıb.
Ekspertlər yaranmış durğunluğu təbii hesab edirlər. Müharibə dayanan gün Rusiya rəhbəri V.Putin bəyan edib ki, münaqişənin birdəfəlik həlli gələcək nəsillərin işidir. Kremlin Qarabağ regionunda müəyyən etdiyi status-kvo qalmalıdır və bunu tərəflərin heç biri poza bilməz. Amma hər şey Kreml strateqlərinin planlaşdırdığı kimi getmədi, xüsusən Ukraynaya qarşı aparılan işğalçı müharibə bu regionda da yeni situasiya yaratdı.
İlk növbədə, Avropa İttifaqı və ABŞ münaqişənin həllində səylərini artırdı və Brüsseldə ikitərəfli formatda 5 görüş keçirildi. Qərb, Rusiyadan fərqli olaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Əlbəttə, bu, kifayət qədər mürəkkəb məsələdir, Azərbaycan və Ermənistan arasında dərin ziddiyyətlər var və Qarabağın statusunun olub-olmayacağı bu mübahisələrin başında gəlir. Oktyabrın 6-7-də Praqada keçirilmiş dördtərəfli görüşün yekunu olaraq bəyanat qəbul edilib, ona əsasən, İrəvan və Bakı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa razılaşıblar.
Razılaşmaya görə, noyabrın birinci həftəsində Brüsseldə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası, demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə dövlət komissiyalarının üçüncü iclası keçiriləcək. Xatırladaq ki, komissiyalar sonuncu dəfə avqustun 30-da Moskvada iclas keçirib, ilk iclas isə mayın 24-də Ermənistanla Azərbaycan sərhədinin Naxçıvan hissəsinin Arazdəyən qəsəbəsi istiqamətində baş tutub.
Praqa razılaşmasının daha bir mühüm hissəsi ondan ibarətdir ki, Ermənistana 2 aylıq Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası göndəriləcək. Oktyabrın 17-də Aİ Nazirlər Şurasının iclasında bu missiyanın mandatı müəyyən edilib, onu Bakının razılığı olmadan əhəmiyyətli dərəcədə genişləndirilib, eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədində qalma müddətinin uzadıla biləcəyi barədə bənd əlavə edilib.
Ekspertlərə görə, Putinin Rusiyada liderlərin yeni görüşünü təşkil etməsi Qərbin vasitəçiliyini pozmağa, itirilmiş mövqeləri bərpa etməyə yönəlib. Amma Moskvanın bu cəhdlərinin səmərə verəcəyi o qədər də inandırıcı deyil. Çünki Kreml bölgədə öz oyununu oynayır, nəticədə həm Ermənistanla, həm də Azərbaycanla münasibətlər kifayət qədər korlanıb.
Ermənistanla:Paşinyan Aİ müşahidəçilərinin Ermənistan sərhədinə gətirilməsinə razılaşdı, amma ölkəsinin də üzv olduğu KTMT müşahidəçilərinə razılıq vermədi;Ermənistan rəhbəri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, Qarabağdakı separatçı rejimə siyasi dəstəyini azaldır və bu da həm onları, həm də Kremli qıcıqlandırır;Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana 10 noyabr bəyanatından kənar, yəni Rusiyasız ikitərəfli anlaşma təklif edir. Çünki həmin sənədə görə, Naxçıvana veriləcək yola Rusiya xüsusi xidmət orqanları nəzarət etməlidirlər. İrəvan bunu istəmir, Azərbaycana dəhliz statusunda yol vermək niyyətində deyil; İrəvan Azərbaycanla münaqişəni həll etmək üçün bütün diplomatik, siyasi resurslarını ancaq Qərblə əlaqələndirir və Moskva ilə rabitəni demək olar ki, kəsib və s…Azərbaycanla:Rəsmi Bakı gözləyir ki, Ermənistanın Moskvanın müəyyən etdiyi “oyun qaydalarını” pozması 10 noyabr bəyanatının icrasına “yaşlı işıq” yandıracaq. Yəni erməni silahlı birliklərinin Qarabağı tərk etməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı təzyiqləri gücləndirəcək. Amma Kreml Ermənistana ciddi təsir göstərmək niyyətində deyil;Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı irəliləyiş yoxdursa, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyir. Amma böyük ehtimal, Moskva bu addımın reallaşmasına imkan vermir;Azərbaycan Qarabağdakı qanunsuz silahlı birləşmələri ləğv etmək üçün müəyyən tədbirlər görə bilər, yenə böyük ehtimalla, Kreml bu ləğvetmə əməliyyatına razı deyil.Həmçinin:Rusiya Qarabağ separatçılarını daha sıx tellərlə özünə bağlamağa çalışır. Ruben Vardanyanın Xankəndinə göndərilməsi, Rusiya rəsmi mətbuatında Qarabağın “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunmağa başlaması bu niyyətdən xəbər verir. Dünən Azərbaycan Rusiyadakı səfirliyi Rusiya XİN-ə sərt etiraz notası verib. “Dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir”, – deyə notada vurğulanır.Beləliklə, Rusiyanın regionda apardığı siyasət artıq Azərbaycan və Ermənistanın etirazı ilə qarşılanır, hər iki ölkə Moskvanın təxribatçı, tormozlayıcı rolundan təngə gəliblər. Ona görə də liderlərin Rusiyada keçiriləcəyi istisna olunmayan görüşü də əvvəlkilərin taleyini yaşaya bilər və bəlkə də bu seriyadan sonuncu üçtərəfli görüş ola bilər. Ukraynaya qarşı müharibədə küncə sıxılmış işğalçı Rusiyanın münaqişə həll etmək potensialı və marağı yoxdur. Putinin nə Əliyevə, nə də Paşinyana verəcəyi heç nəyi yoxdur. Bu dəfə onları dayandırmaq gücü də artıq əvvəlki qədər deyil.
Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Tiflisdə gələcəkdə Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli məsləhətləşmələrin başlanması məsələsini gündəmə gətirməsi diqqət çəkir. Dövlət başçısı Azərbaycanın buna hazır olduğunu bildirib:
“Qarabağ münaqişəsi başa çatdı və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamaq vaxtı yetişdi. Niyyətimiz budur. Biz 5 əsas prinsipdən ibarət təklifimizi Ermənistan tərəfinə təqdim etmişik. İnanırıq ki, Ermənistan həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan bu əsas prinsiplər əsasında siyasi iradə nümayiş etdirəcək və sülh müqaviləsini bağlayacaq. Bununla Cənubi Qafqaza sülh gələcək və əməkdaşlıq imkanları yaranacaq. Biz Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı da fikir mübadiləsi apardıq. Ermənistan tərəfi də buna razıdırsa, biz hazırıq”.
İ.Qaribaşvili də çıxışında Azərbaycan Prezidenti ilə regiondakı vəziyyəti, Azərbaycan və Ermənistan arasındakı görüşləri və sülh prosesini müzakirə etdiklərini söyləyərək,
“Mən və hökumətimiz Azərbaycan və Ermənistan arasında sülhün qorunması üçün əlimizdən gələni edəcəyik” – deyib.
Bu açıqlamaya il reaksiya ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnandan gəlib. O bəyan edib ki, İlham Əliyevin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair bəyanatı çox müsbət və ümidvericidir:
“Gürcüstanın vasitəçi roluna gəlincə, biz bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımların atıldığını və məhbusların azad edilməsində Gürcüstanın oynadığını rolu çox yaxşı xatırlayırıq. Bu, Gürcüstanın bu prosesdə uğurlu vasitəçilik hekayəsi idi…”Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik etməsi ABŞ-ın təşəbbüsü idi, amma səfirin də qeyd etdiyi mina xəritələri və hərbi əsirlərin dəyişdirilməsindən sonra irəliyə aparmaq mümkün olmadı, daha doğrusu, Rusiya dərhal mane oldu. Prezident İlham Əliyev yenidən bu məsələyə qayıtması Rusiya rəhbərliyinə verilən çox güclü mesajdır. Belə demək mümkünsə, rəsmi Bakı üçün Moskvanın vasitəçilik təşəbbüsünün artıq bitdiyinə bir işarə sayıla bilər…Pressklub
Tarix: 26-10-2022, 09:46