Rusiya üçün “hind filmi” Yaxud "çökən" kimdir?




Şahin Cəfərli
Rusiya demokratik ölkələrdəki hökumət dəyişikliklərini çox yaxından, həvəslə və həyəcanla izləyir.
Putin Qərbdəki siyasətçilərin seçkilərdə və ya partiyadaxili rəqabətdə uduzmasını onların zəifliyi kimi qiymətləndirir. Rusiya rəhbərliyinə daxil olan şəxslər, hətta rəsmi sözçülər bu cür dəyişikliklər baş verəndə həmin qərbli siyasətçiləri ələ salır, onlara rişxənd edir, sanki Rusiya böyük bir qələbə qazanmış kimi reaksiya verir və sevinclərini gizlətmirlər.
Rusiyanın bəlası da budur.
Bu zehniyyət hələ də anlamır ki, Qərbin gücü məhz onun demokratiyasında və daxildə vətəndaş hüquqlarını mərkəzə qoyan anlayışındadır. Seçki yolu ilə baş verən sürəkli dəyişiklik, hökumətlərin, siyasətçilərin davamlı sorğulanması və hesabatlılığı, problemləri həll edə bilməyən hökumətlərin, yaxud xətaya yol vermiş siyasətçilərin seçkilər və ya partiyadaxili mexanizmlər vasitəsilə yola salınması, xidmətlərindən asılı olmayaraq ayrı-ayrı şəxslərin deyil, xalq iradəsinin hegemoniyası tərəqqiyə aparan yoldur. (Xalq iradəsinin həyata keçirilməsini təmin edən sistemlərin nə dərəcədə mükəmməl olduğu mövzusunda mübahisə etmək olar və bunun yeri var.)
ABŞ-ın (Bayden-Harris administrasiyasının) yeni açıqlanan Milli Təhlükəsizlik Strategiyasında belə bir hissə var:
“Rəqiblərimizin problemləri ciddidir və getdikcə artır. Onların həm ölkə daxilində, həm də xaricdəki problemləri yüksək dərəcədə fərdiləşmiş avtokratiyalara xas olan patologiyalarla bağlıdır və həlli daha çətindir, nəinki bizim problemlərimizin. Amerika Birləşmiş Ştatları isə əksinə, həm daxili, həm də xarici problemlərini ölkə içərisində islahatlara və yenilənməyə təkan vermək üçün fürsətlərə çevirmək ənənəsinə malikdir. Biz uğurlarımızdan və uğursuzluqlarımızdan dərslər çıxarırıq. Bu, Amerikanın tənəzzülü ilə bağlı “peyğəmbərlik”lərin keçmişdə dəfələrlə öz təsdiqini tapmamasının və Amerikaya qarşı niyə heç vaxt yaxşı bir “stavka” olmamasının səbəblərindən biridir…”
İndi Rusiya rəhbərliyinin (eləcə də Azərbaycanda, Türkiyədə və digər ölkələrdə onların tərəfdarlarının) Boris Consondan sonra xanım Liz Trassın istefasını da ruh yüksəkliyi ilə qarşıladıqlarını, bunu “Qərbdəki ümumi çöküş”lə (?) izah etməyə çalışdıqlarını görürük. Halbuki keçmiş koloniyadan çıxmış ailənin övladının keçmiş metropoliyada hər hansı diskriminasiya ilə qarşılaşmadan karyera pillələrini sürətlə qalxaraq 42 yaşında hökumətin başına keçməsi müasir parlament demokratiyasının vətəni olan Böyük Britaniya üçün növbəti nailiyyətdir. Üstəlik, etnik mənşə baxımından ingilis olmayan biri mühafizəkar ingilislərin lideri olur. 
Rişi Sunakın baş nazirliyi dövründə, şübhəsiz ki, Britaniya kimi köklü dövlətin xarici siyasəti və müdafiə siyasəti dəyişməyəcək. Ötən ilin martında qəbul olunan “Qlobal Britaniya” strategiyası Avropa Birliyindən ayrıldıqdan sonra dövlətin dünyadakı yerini yenidən müəyyən edir və bu istiqamətdə ana xətləri müəyyənləşdirir. Əlbəttə ki, hökumətlərin və baş nazirlərin bir-birindən fərqlənən siyasəti, yanaşmaları olur və olacaq, amma taktiki səviyyədəki bu fərqliliklər ümumi strategiyanı pozmur.
Biz bundan sonrakı mərhələdə Böyük Britaniyanın xarici və müdafiə siyasətində anqlo-sakson dünyasının lideri ABŞ-la daha çox sinxronluq, NATO ittifaqına daha çox bağlılıq, daha çox silahlanma, nüvə arsenalını böyütmə, dənizlərdə öz nüfuzunu genişləndirmə və Rusiyanı Qara-Aralıq dənizi hövzəsindən sıxışdırma – bu çərçivədə Ukraynaya daha çox dəstək müşahidə edəcəyik.
Həm Britaniyanın, həm də ABŞ-ın strategiya sənədlərində qırmızı xətlə keçən və dəfələrlə təkrarlanan əsas məqam isə texnoloji-innovasion liderliyin əldən verilməməsi məsələsidir. Məqsəd Çinin bu sahədə yüksəlişinin əngəllənməsi və Hind-Sakit okean regionunda bu dövlətə qarşı daha təsirli siyasətin aparılmasıdır. Bu siyasət bir müddətdir başlayıb və xüsusən Bayden administrasiyasının bu istiqamətdə aqressiv addımları, son olaraq yarımkeçiricilər sahəsində Çinə tətbiq olunan ağır məhdudiyyətlər önəmli gəlişmədir.



Tarix: 26-10-2022, 10:11
Xəbəri paylaş





Xəbər lenti