Avropa Parlamentindən Azərbaycana insan haqları, demokratiya şərti

avroparlament1

Bu gün – oktyabrın 25-də Avropa Parlamentinin Xarici Əlaqələr komitəsində Avropa İttifaqının (Aİ) Azərbaycanla münasibətlərinə dair hesabat müzakirəyə çıxarılır. Hüququ öhdəliklər qoymayan hesabatı məruzəçi Zeljana Zovko hazırlayıb.
Sənəddə qeyd olunur ki, Sovet İttifaqı dağılandan sonra Ermənistanla Azərbaycan arasında münaqişə onminlərlə insan itkisinə, nəhəng dağıntılara, yüzminlərlə insanın köçkünə çevrilməsinə səbəb olub. İkitərəfli, ölümlə nəticələnən qarşıdurmalar periodik baş qaldırır.

Aİ ilə danışıqlar dörd ildir gedir

Avropa Parlamenti Cənubi Qafqazın təhlükəsiz, sabit, dinc və çiçəklənən bir region kimi görmək istədiyini vurğulayır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel görüşlərinin ümidverici nəticələri olduğunu bildirir.
Sənəddə Azərbaycanın Aİ-yə etibarlı karbohidrogen xammalı təchizatçısı kimi rolunun əhəmiyyətinin getdikcə artdığı vurğulanır.
Eyni zamanda Aİ ilə Azərbaycan arasında yeni Tərəfdaşlıq Razılaşması üzrə danışıqların 2018-ci ildən bəri davam etdiyi, Azərbaycanın insan haqları və fundamental azadlıqlar üzrə göstəricilərinin hələ də qənaətbəxş olmadığı qeyd edilir.

Davamlı sülh

Qurum hesab edir ki, Ermənistanla Azərbaycan arasında davamlı sülh hərbi yolla əldə edilə bilməz, bundan ötrü beynəlxalq hüquqa uyğun olaraq hərtərəfli siyasi həll lazımdır. Qurum bu il 12 sentyabr sərhəd toqquşmalarını, onların sülh prosesinə təsirini qəti şəkildə pisləyir. Qeyd edilir ki, Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır və Aİ regionda uzadılmış münaqişələrin həllində daha fəal iştiraka hazırdır.
Sentyabrın ortasında baş vermiş toqquşmalarda üst-üstə 300-dək hərbçi həlak olub. Tərəflər bir-birini provokasiyada ittiham edib.
Azadlıq radiosu
Tarix: 26-10-2022, 10:18
Xəbəri paylaş





Xəbər lenti