AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında İranın, Rusiyanın, Fransanın apardığı siyasətə dair hazırladığı material geniş müzakirələrə yol açıb. Dövlət televiziyasının rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan proqramda bu ölkələrin apardığı siyasət tənqid edilib. İranla yanaşı Rusiyanın da son dövrlər apardığı siyasi kurs və Rusiyanın dövlət kanallarının Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağı “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməsi sərt qınanılıb.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, Qərbin Moskvaya yönəlik çoxvektorlu embarqoları fonunda Azərbaycanın Rusiya ilə pisləşən münasibətləri regionda yeni reallılqar yaradıb. Bu əsnada Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri, səfər çərçivəsində münasibətlərin gələcək inkişafına dair səsləndirilən qarşılıqlı bəyanatlar da diqqətdən yayınmır. İddialar mövcuddur ki, Azərbaycan Türkiyə ilə birlikdə Qərbə inteqrasiya etmək niyyətindədir və bundan Rusiya, İran kimi dövlətlər ciddi təşviş keçirir.
Bu arada, İran Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında “Qüdrətli İran” adlı hərbi təlimlər keçirir. Rəsmi açıqlamada təlimin illik plana uyğun olaraq keçirildiyi bildirilsə də, hərbi təlimin İran hakimiyyətinin “sərhədlərin dəyişməzliyi” ilə bağlı son bəyanatları, Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsi fonunda təşkil olunması bunun məqsədyönlü olduğunu deməyə əsas verir.
İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycan sərhədləri yaxınlığında üç hərbi təlim keçirib. Budəfəki təlim əvvəlkilərdən fərqli olaraq bütün sərhədi əhatə edir. Qüvvə və vasitələrin həcmi, eləcə də təlimin əhatə etdiyi coğrafiya bu dəfə daha genişdir. İranın Azərbaycana qarşı açıq təxribatlara getməsi regionda yeni münaqişə ocağının yaranacağı ilə bağlı müzakirələrə səbəb olub.
Dünyada siyasi nizamın dəyişdiyi, beynəlxalq münasibətlər sisteminin gərginləşdiyi və regional konfliklərin hökm sürdüyü mövcud şəraitdə Azərbaycanın Rusiya və İranla pisləşən münasibətləri ölkəmizə hansı perspektivləri vəd edir? AYNA mövzunu ekspertlərlə müzakirə edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov Rusiyanın “Birinci kanal”ı tərəfindən Azərbaycana qarşı hücumları təsadüf hesab etmir: “Azərbaycan artıq bununla bağlı nota təqdim edib. Bu fikirlər dövlət televiziyasında Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonov tərəfindən səsləndirilir. Təbii ki, bunlar sifarişlidir və məqsədli şəkildə həyata keçirilir. Bu, artıq birinci belə hal deyil. Bundan qabaq daha bir rusiyalı parlamentari Azərbaycanın neft quyularının bombalanması təklifi ilə çıxış etmişdi. Onlar unudurdular ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü fonunda danışmalı olduqları yeganə mövzu bu işğal siyasəti ilə bağlı olmalıdır. “Öz gözlərində tiri görmürlər, başqalarının gözündə çöp axtarırlar”. Hesab edirəm ki, baş verənlər Rusiyanın Qarabağ münaqişəsində rolunu unutdurmamağa hesablanıb”.
“Rusiyanın məramı aydındır. Əslində, rusların nə etmək istədikləri və məqsədləri bəllidir. Bu da ondan ibarətdir ki, rus sülhməramlıların ərazidə qalma müddəti uzadılsın, onlara rəsmi status - mandat verilsin və beləcə, məsələni uzada bilsinlər. Yəni bundan Azərbaycana və Ermənistana qarşı qarmaq kimi istifadə etmək istəyirlər. Özü də bunu təkcə Rusiya yox, İran da edir. Rusiya və İranın Azərbaycana qarşı iddiaları var. Amma Azərbaycan o iddiaları rədd edir. Rusiya və İran Azərbaycana təzyiq etməklə nələrəsə nail olmağa çalışırlar. Amma istəkləri boşa çıxacaq”, - deyə Musabəyov bildirib.
Milli Məclisin üzvü Aydın Hüseynov da qonşu ölkələrin Azərbaycanın güclənməsindən narahat olduğu qənaətindədir: “Qeyd edim ki, İran və Ermənistan hakimiyyətləri arasında bir çox oxşarlıqlar mövcuddur. Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il müddətində İran heç bir zaman Azərbaycana dəstək nümayiş etdirməyib, Xocalıda insanlıq əleyhinə bəşəri cinayətə göz yumub. Ermənistana isə mütəmadi yardımlar göstərib. Bu, həm iqtisadi, həm də hərbi yardımlar şəklində özünü büruzə verib. Təəssüf ki, cənub qonşumuz hər zaman Azərbaycana münasibətdə qısqanc və düşmən mövqeyindən çıxış edib. Fars rejiminin Ermənistan sevgisi sistemli fəaliyyət müstəvisində olub və bu gün də beldir”.
“Molla rejimi görəndə ki, Azərbaycan öz doğma torpaqlarını işağldan azad edib və artıq qalib ölkədir, bizə qarşı təzyiqlərini daha da artırıb. İranın Qafanda konsulluq açması, İranın Xarici Siyasət İdarəsi rəhbərinin “Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq” açıqlaması bunun bariz nümunəsidir. İran rejimi Ermənistana hərtərəfli dəstək göstərməklə, əslində Azərbaycana qarşı ənənəvi təzyiq siyasətini yenidən işə salıb”, - deyə həmsöhbətimiz söyləyib.Hüseynovun sözlərinə görə, İranın bütün cəhdlərinin arxasında regional üstünlüyü qorumaq niyyəti gizlənir: “Rəsmi Tehran bu məsələdə Ermənistandan istifadə edir. Çünki Ermənistan məğlubdur və aqoniya vəziyyətindədir. Belə bir şəraitdə Ermənistana dəstək verməklə, bununla həm Azərbaycana, həm də Türkiyəyə mesajlar verməyə çalışır. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə bir dəfə də olsun Araz çayı ətrafında hərbi təlim keçirməyən İran indi bunu ənənəyə çevirib. Müxtəlif səviyyəli rəsmilər də açıqlamalarında bu təlimlərin Azərbaycana qarşı olduğunu gizlətmirlər. Lakin unudurlar ki, bu yolla bizi geri çəkməyə məcbur edə bilməyəcəklər”.
“O ki qaldı Rusiyaya, rus telekanlları tərəfindən ölkəmizə qarşı aparılan təbliğat, habelə “Dağlıq Qarabağ Respublikası” adının vaxtaşırı olaraq tirajlanması onların da məkrli niyyətlərindən xəbər verir. Necə ki, cənab Prezident İlham Əliyev deyir, heç bir təzyiq bizi yolumuzdan döndərməyəcək. Ona görə də, özlərini yormasınlar. Onsuz da bütün cəhdləri mənasız və puçdur”, - deyə deputat vurğulayıb.
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, İran nə qədər hərbi təlimlər keçirsə də, Azərbaycana heç bir təsiri olmayacaq: “İran Azərbaycana qarşı hərbi addımdan istifadə edə bilməz. Çünki belə olacağı təqdirdə İsrailin onu vuracağından əmindir. Bu gün İran ciddi iqtisadi böhran keçirir, oranın özündə kütləvi işsizlik hökm sürür. Daxili narazıqlılar pik həddə çatıb. Əhalinin əksər hissəsinin sosial ehtiyac içində olduğu bir şəraitdə bir qrupun zəngin həyat sürməsi daxildə narazılıqları artırıb”.
“Əhali kütləvi şəkildə etirazlara qalxır. Rəsmi Tehran artıq bunun qarşısını almaqda aciz görünür. Bu gün Azərbaycanın müttəfiqləri daha çoxdur və İran ölkəmizə qarşı heç bir real siyasi təsir alətinə malik deyil”, - deyə analitik qeyd edib.Əlizadənin fikrincə, İran sadəcə görüntü yaradır: “Bu görüntü də ondan ibarətdir ki, guya Azərbaycan Zəngəzura girsə, İran onu vuracaq. Lakin unudur ki, belə olduğu təqdirdə Türkiyə Azərbaycanın yanında olacaq. Eyni zamanda İsrail də bizim yanımızda olacaq. İranda 30 milyon azərbaycanlının yaşadığını unutmamalıdırlar. Mövcud vəziyyət İranın xeyrinə deyil və o, risklərə getməyəcək”.