İran hazırda dünyada təklənmiş və Qərbdəki bəzi gizli, missioner dairələrdən başqa kimdənsə dəstək almayan dövlətdir. İranın daxilində başlayan proseslər, habelə işğalçı, anti-İslam mövqeli Ermənistanı özünə qardaş elan etməsi, heç zaman ona pislik etməyən Azərbaycanı isə “düşmən” gözündə görməsi, təhdidlər yağdırması əslində onun durumunun son dərəcə kritik olmasının göstəricisidir.
Hazırda dünya ondan Ukraynada istifadə olunmaq üçün Rusiyaya silah satmasının hesabını sorur, bəlli güclər İran İslam Respublikasının dünyəvi dövlət olması, parçalanması projesi üzərində çalışırlar. Rəylər bundan ibarətdir ki, yaxın zamanlarda İran parçalana biləcəyinin fərqindədir və bu zaman Güney Azərbaycan Cümhuriyyətinin yaranacağından, Azərbaycanın ona dəstək verəcəyindən, Turan ideyalarından bərk narahatdır. Digər versiya odur ki, Qarabağın azadlığından sonra İran bu bölgədən narkotranzit kimi istifadə edə bilmir və milyardlar itirir, həm də bu səbəbdən Azərbaycana hikkəlidir. Ancaq proses təbii ki, bunlardan ibarət deyil: İranla bağlı dünyanın daha böyük planları var və Tehranda bunları bilirlər. Sadəcə, İran nə İsraili təhdid edə bilir, nə də Amerikanı, yalnızca ona heç zaman pislik etməyən Azərbaycana diş qıcamaqla, qorxulu ssenarilər gəerçəkləşdirə biləcəyi ilə guya dünyaya mesaj verir, özünü göstərir... Ancaq bu addımları ilə nəyəsə nail ola bilmirlər. Dünya ondan hesab sorur və artıq etiraflarda bulunurlar: məsələn, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Ukrayna müharibəsindən əvvəl Rusiyaya silah göndərdiyini etiraf edib. Yəni hiylə işlədərək deyirlər ki, silahı təzəlikcə yox, müharibə başlamazdan öncə göndərmişdi. Nə fərqi var? Abdullahiyan çıxılmaz durumlarını da dolayısı ilə etiraf edib və sözügedən iddiaların araşdırılmasını istəyib: “İran və Ukraynadan olan ekspert qrupu ilə birgə iclas keçirməyə və Ukraynanın əlində olan bütün sübutları bizə təqdim etməsinə hazırıq. Bu görüşdə Rusiyanın İran PUA-larından istifadə etdiyi aydınlaşsa, biz buna biganə qalmayacağıq”.
Bunun ardınca İranın sanksiya “atəşinə” məruz qalacağı şübhəsizdir. Daha sonra isə ölkəni iğtişaşlar bürüyəcəyi, sosial və siyasi partlayışlar olacağı da proqnozlar sırasındadır. Belə bir durumda İran əslində Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya salmalı idi. Ancaq əksini edirlər. Bəlkə artıq o qənaətdədirlər ki, heç bir halda xilasları yoxdur, ona görə tarana gedirlər?
Asim Mollazadə: “İranın süqutu yaxınlaşdığına görə...”
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirdi ki, İran “Ermənistanla bir millət, iki dövlət” olduğunu dəfələrlə bəyan edib: “Ermənistan İranın ən yaxın müttəfiqi, dostu, qardaşıdır. Bunun üçün də hərəkətlərinin çoxu qardaşı Ermənistana dəstək verməkdən ibarətdir. Türk nifrəti ilə yaşayan bu ölkə öz daxilində insanları qətlə yetirir, gəncləri məhv edir. Diqqəti digər istiqamətə yönəltmək üçün Azərbaycana qarşı müəyyən oyunlar oynayırlar. İran təhlükəli ölkədir. Bu dəfələrlə təsdiq olunub. Amma maraqlıdır ki, İran-Ermənistan birliyi dünyada xüsusi diqqət çəlb etməyib. Bir sözlə, "de görüm dostun kimdir, deyim sən kimsən". Bu dostluq tək bizim bölgədə deyil, Orta Şərqdə də birgə terrorist fəaliyyətinin həyata keçirilməsində özünü büruzə verir. Livanda, Suriyada Ermənistan və İran terroristləri bir olublar və terror aktlarını birgə həyata keçiriblər. İranın süqutu yaxınlaşdığına görə onlar aqressivləşirlər, həm ölkənin daxilində, həm də xaricində...”
Azər Hüseynov: “Biz bu məsələdə əks-effektiv reaksiya taktikasında olmalıyıq”
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov təmkinli olmağın tərəfdarıdır: “İranda hakimiyyət yekcins deyil. Ona görə məsələlərə emosional deyil, təmkinli yanaşmalıyıq. Hazırda Ermənistana qardaş deyən, sasaniçi qanad xarici siyasətdə öndədir. Sasaniçi qanad Azərbaycanı sevməz. Çünki onu özünün hissəsi hesab edər. Onun üçün din önəm daşımaz. Digər qanad məzhəbçi qanaddır. O da öz işini daha çox Suriya, İraq və Yəməndə gördü. Ağlı başında olan qanad isə tam kənara çəkilib. Rejimin siyasəti nəticəsində əhalinin əksəriyyəti də ciddi sekulyarlaşıb. İslama da aidiyyətləri qalmayıb. Ona görə rejim daxili sosial bazada əziyyət çəkir. Amma rejimə bağlı qruplar da var. Bu isə potensial vətəndaş müharibəsi təhlükəsi doğurur. Bizim güneyli qardaşlarımızın isə bəzi şəhərləri çıxsan, siyasətlə bir işləri yoxdur. "Baba içax" deyib xarici ölkələr gəzirlər. Burada Təbrizdə və digər bölgələrdəki bir sıra millətçiləri istisna edirəm. İndi belə bir ortamda qarşımızda erməniyə qardaş deyən bir rejim var. Biz nə edək? İranda birdən Qərbin çıxara biləcəyi hansısa vətəndaş müharibəsi bizə sərf edərmi? Biz Turan ideyasının hansı mərhələsindəyik? Bu haqda ən çox danışıb birilərini narahat edənlərdən biri də mənəm. Turan ideyasını ayaqda saxlayıb indiki mərhələdə mövqeli, amma praqmatik davranmalıyıq. Regiona, İranın daxilindəki Azərbaycan türklərinə Qərbin idarə edəcəyi dağılma sərfəlidirmi? Axı Qərb İraqda və Suriyada PKK və PYD-ni dəstəkləyib. İraq və Suriya türkmənlərinin durumu məlumdur. Azərbaycan türkləri İranda eyni durumu yaşamaz ki, görəsən? Ona görə bu və yarana biləcək qaçqın ordusu təhlükəsi var. Buna görə bizim bir yolumuz var. Türkiyə ilə qardaşlıq ittifaqının hərbi və koordinasiya tərəflərini gücləndirməliyik. Türk oyanışının, həmişə olduğu kimi, mədəni mərkəzi olmaq vacibdir. Bir də uzaqvuran reaktiv raket və kosmik qüvvələr layihəsini işləmək lazımdır. Biz İrana demirik ki, gəl dalaşaq. O, bizim düşmənimizə qardaş deyir. Ona görə də biz bu məsələdə əks-effektiv reaksiya taktikasında olmalıyıq".
Asif Nərimanlı: “Dini rejimin təklənmiş vəziyyətdə olduğu aydın görünür”
Siyasi analitik Asif Nərimanlı isə indiki İran rejimindən hər şeyi gözləyir: “İranın hazırkı hakimiyyəti iqtidara gələndə sərt siyasət yürüdəcəyi gözlənilirdi. İslahatçıların daha praqmativ siyasət yürütməsindən fərqli olaraq, mühafizəkarlar "tarana getmək" xəttini tuturlar və bu, molla rejiminin ideologiyasını qorumağa hesablanıb. Belə gözləntilər var ki, İranda mövcud hakimiyyətin əsas missiyası iqtidarı tədricən hərbçilərə dövr etməkdir. Çünki rejim teokratik sistemi qorumağın çətinliyini anlayır, post-Xameneyi dövründə bu çətinlik daha da arta bilər. Sistemi bir qədər fərqli formada saxlamaq planları qururlar. Rejimin ideologiyası da yarandığı ilk gündən xarici düşmən obrazına əsaslanır. İranın ideologiyasının təməli belədir ki, İslamın yeganə xilaskarı bu ölkə, bu rejimdir və hər kəslə məhz din uğrunda mübarizə aparırlar. Daxili ictimai rəydə ideologiyanı diri saxlamağın əsas yolu da budur. Buna paralel olaraq, sosial və ictimai etirazları dəfn etmək üçün də düşmən obrazı həlledici amil rolunu oynayır. Bütün bunların fonunda yeni dünya nizamının formalaşması prosesi də gedir və bu prosesdə İranın, daha doğrusu bu ölkədəki dini rejimin təklənmiş vəziyyətdə olduğu aydın görünür. Dünyadakı proseslər və İran daxilində baş verənlər bu ölkənin parçalanması, ən yaxşı halda dini rejimin dəyişdirilməsi ssenarilərini də aktuallaşdırır. İranın bu qədər aqressiyasının səbəbi də təhlükənin yaxınlaşmasıdır. Bu baxımdan, dini rejimin özünü qorumaq üçün mövcud siyasətdən daha sərt yanaşma da sərgiləcəyi, hətta yeni müharibələrə başlaya biləcəyi də istisna deyil".
“Yeni Müsavat”
Tarix: 27-10-2022, 08:44