Büdcədən seçkilərə pul ayrılıb - 2023-də parlament seçkisi, yoxsa referendum olacaq...


2023-cü ilin büdcəsinin müzakirələri başlayıb. Büdcə layihəsi açıqlanıb və o da məlum olub ki, gələn il Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq.
Qeyd olunub ki, gələn il seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon 531 min 15 manat vəsaitin ayrılması proqnozlaşdırılır. Artıq belə müzakirələr başlayıb ki, gələn il parlament seçkiləri keçirilə bilər.
Qeyd edək ki, hələ 2022-ci ilin əvvəlində 2020-ci ildə formalaşan parlamentin müvəqqəti olması, parlamentin buraxılacağı haqda məlumatlar ilk aylardan yayılmışdı. Hətta 2022-ci ilin payızında yeni seçkilərin keçiriləcəyi bildirilirdi. Lakin bu baş tutmadı və belə izahlara rast gəldik ki, dövlətin diqqəti əsasən Ermənistanla sülh müqaviləsinin imzalanmasına, sərhədlərin müəyyənləşməsinə yönəldiyindən bu proses təxirə salınıb. Həm də belə bir qeydlər də var idi ki, yeni parlamentdə Xankəndini erməni deputat təmsil etməlidir, amma sülh müqaviləsi yoxdur deyə, bunu etmək mümkün olmayacaq. Parlamentin niyə buraxılması və yeni seçkilərə hansı zərurət olmasına gəlincə, bu haqda ekspertlər qeyd edir ki, "Siyasi partiyalar haqqında" qanun qəbul edildikdən sonra həm parlamentdə yerlərin sayı 150-yə çatdırıla bilər, həm də mövcud qanunvericiliklə 2025-ci ildə prezident seçkiləri də keçirilməlidir. Əgər 2020-də formalaşan parlament buraxılmasa, 5 illik müddət gözlənilsə, 2025-də - eyni ildə həm prezident, həm də parlament seçkiləri keçirilməli olacaq. Bu isə ağır bir proses olar. Başqa bir məlumat isə ondan ibarətdir ki, 2023-də referendum da keçirilə bilər. Bunu zəruri edən bir sıra səbəblərin olduğu deyilir...

Niyaməddin Orduxanlı: “Parlamentdə millət vəkillərinin sayı artırılmalıdır və...”
Parlamentdə təmsil olunan müxalifət partiyalarının Mərkəzi Seçki Komissiyasında əvəzedici üzvü Niyaməddin Orduxanlı deputatların sayının artırılmasının vacibliyini vurğuladı: “2023-cü ilin dövlət büdcəsindən Mərkəzi Seçki Komissiyasına maliyyə vəsaitinin ayrılmasında qeyri-adı heç nə yoxdur. Bu, hər il dövlət büdcəsindən ayrılan vəsaitdir. Bilirsiniz ki, hər il qanuna uyğun olaraq seçicilərin siyahıya alınması aparılır. Bütün bunları məhz Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları həyata keçirir. Ayrılan vəsaitin, dediyiniz kimi, gələn il üçün parlament və ya referendumla əlaqədar olması ilə bağlı fikir doğru deyil. Dediyinizi yalnız ehtimal hesab etmək olar. Uzun müddətdir ki, siyasi kuluarlarda qeyri-rəsmi müzakirələr aparılır ki, Azərbaycanda konstitusiya islahatlarına ehtiyac var. Referendum keçirərək proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması və s. məsələlərə baxıla bilər. Azərbaycan 30 il bundan qabaq öz müstəqiliyinə qovuşub və o zaman əhalinin sayı 7 milyon, millət vəkillərinin sayı 125 nəfər idi. Ancaq indi əhalinin sayı 3 milyon artaraq 10 milyonu keçib və yenə də 125 millət  vəkilidir. Digər tərəfdən, Azərbaycan Qafqazda yeganə ölkədir ki, parlamentdə müxalifət fraksiyası yoxdur. Parlamentdə proporsional seçki sistemi yoxdur. Millət vəkilləri yalnız təkmandatlı, mojaritar seçki sistemi ilə formalaşır. Bütün bunlar siyasətçilərin, politoloqların etdikləri müzakirələrdir. Yeni referendumun keçirilməsi cənab Prezident İlham Əliyevin səlahiyyətindədir. Bununla bağlı nə zaman sərəncam imzalayacaqsa, o zaman dediyiniz kimi seçki həyata keçiriləcək. Bütün bunları da MSK həyata keçirəcək. İndiki müzakirələr isə yalnız ehtimal nəzəriyyəsinə söykənir.
Bir məsələni də qeyd edim ki, "Siyasi partiyalar haqqında" yeni qanunla bağlı artıq parlamentdə dinləmələr başlayıb. Rəsmi qeydiyyatdan keçmiş onlarla partiya sədrləri bu dinləmələrə dəvət edilib və müzakirələr aparılıb. Yeni qanunun qəbul olunması gözlənilir. Növbəti parlament seçkilərinin keçirilməsinə 3 il qalıb. Düşünmürəm ki, indiki vəziyyətdə parlament buraxılsın. Unutmaq lazım deyil ki, son parlament seçkiləri növbədənkənar baş verib. Bu səbəbdən də 2025-ci ildə nəzərdə tutulan prezident seçkiləri ilə eyni zamanda olması heç bir problem olmayacaq. Millət vəkillərinin sayının 150 nəfərə qaldırılmasına gəldikdə isə düşünürəm ki, bəli, bu gün parlamentdə millət vəkillərinin sayı artırılmalıdır və proporsional seçki sisteminin tətbiqinə də ehtiyac var. Artıq Azərbaycanda 6 milyon 400 min seçici var. Bir milyon yarıma qədər seçicilər artıb. Bir millət vəkilinin seçicilərinin sayı 40-50 min idisə, indi elə dairə var ki, bir millət vəkilinə 80-90 min seçici düşür... Ancaq bütün bunlar rəsmi qərar olduqdan sonra baş verə bilər".

Əli Orucov: “Referendum keçirilməsini şərtləndirən başqa amillər də var”
AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü, seçki mütəxəssisi Əli Orucov isə fərqli düşüncəyə sahibdir: “Hər şeydən öncə bilmək və müəyyənləşdirmək lazımdır ki, hakimiyyət nə istəyir və niyə istəyir. Çünki Azərbaycanda proseslər təbii və cəmiyyətin, eləcə də dövrün tələbatına uyğunlaşmadan gedir. Odur ki, hansısa təhlillər əsasında düzgün proqnoz vermək bir qədər çətin olur. İstər daxildə, istərsə də, bizim xaricimizdə çox sürətli hadisələr baş verir. Dünya getdikcə daha dinamik və daha mütəhərrikləşir. Böyük güclər arasında dünyanın siyasi coğrafiyasının və nüfuz dairələrinin bölüşdürülməsi uğrunda ciddi, hətta olduqca sərt mübarizə gedir. Azərbaycan da məcburdur öz maraqlarını müdafiə etmək, yaxud da real təhlükələrdən qorunmaq üçün çevik və rasional xarici və daxili siyasətini uğurla həyata keçirə bilsin. Xarici və daxili siyasət bir-biri ilə bilavasitə əlaqəli olur və bu vəhdətin biri pozulduqda qarşıya qoyulan məqsədə və hədəflərə çatmaq müşkül olur.
Bu prizmadan yanaşsaq hesab etmək olur ki, Azərbaycan hakimiyyəti anlayır ki, daxildə dayanıqlı, təməl prinsiplərə söykənən, ictimai-siyasi nizamı sivil normalar əsasında qaydaya salmadan, sosial-iqtisadi problemlərin həllinin yolunu açmadan uğurlu siyasi xətti davam etdirmək mümkün olmayacaq.
Etiraf etmək lazımdır ki, yuxarıda sadaladığımız sahələrdə çözülməsi vacib ciddi problemlər var və bütün bunların da açarı demokratik seçki prosesində və siyasi sistemin dəyişdirilməsində, eləcə də idaretmənin təkmilləşdirilməsində və metodologiyanın köklü surətdə dəyişməsindədir. Mənim düşüncəmə görə, Azərbaycan hakimiyyətinin buna getməkdən başqa alternativi yoxdur. Konstitusiyanın dəyişdirilməsi və əlavələrin edilməsi barədə məsələ kluarlarda müzakirə olunurdu.
Seçkilərlə bağlı cəmiyyətdə gərginlik və təlatümlər demokratik cəmiyyətlərə xasdır. Çünki orada çox ciddi rəqabət və açıq mübarizə gedir. Azərbaycanda isə seçki mühiti heç hiss olunmur, seçkiləri reallıqda seçki komissiyaları deyil, icra qurumları keçirir. Odur ki, prezident seçkiləri ilə parlament seçkilərinin eyni vaxta düşməməsi, yəni 2025-ci ilə təsadüf etməməsi üçün parlament seçkilərinin ertələnə biləcəyi ehtimalını, yaxud say tərkibinin artırılacağı səbəbindən zərurətə çevriləcəyini, düzü, ehtimal etmirəm.
Məncə, referendum keçirilməsini şərtləndirən başqa amillər də var. Təbii ki, qanunverici hakimiyyətlə bağlı məsələlər də öz həllini tapmalıdır. Yəni seçki sistemi, deputatların sayı, səlahiyyətləri və s. Eləcə də icra hakimiyyəti və bələdiyyələrlə bağlı aktual məsələlər var. Ancaq statistikaya və formalizmə deyil, keyfiyyətə diqqət göstərilməlidir. Xüsusən də deputatların sayları ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Ali Sovetin 300-dən çox deputatı var idi. Demək olar ki, heç nəyə yaramırdı. Yaxud indiki 125 deputat yeri olan Milli Məclisin ölkənin həyatında elə bir önəmi yoxdur. Bunu sabah 150 etsələr də, nəticə və keyfiyyət dəyişməyəcək. Odur ki, ilk növbədə seçkilərə və seçkili qurumlara münasibət dəyişməlidir, etimad və etibar artırılmalıdır. İcra hakimiyyətindən asılılıq deyil, qarşılıqlı əlaqə və nəzarət mexanizmi işlədilməlidir. Fəlsəfə və təsəvvürlər dəyişməlidir. Çox vaxt elə anlayırlar ki, deputat ancaq öz seçki dairələrinə uyğun fəaliyyət göstərməli, iş görməlidir. Təəssüflər olsun ki, təxminən 6-7 ildən bir konstitusiyaya dəyişikliklər edilir və hər referendumdan sonra anlayırlar ki, bu hakimiyyətin maraq və istəklərini tam qarşılaya bilmir. ABŞ Konstitusiyasına 300 ildən çox müddət ərzində cəmi 17 düzəliş edilib. Yaxud Birləşmiş Krallığın heç konstitusiyası yoxdur. Amma dünyanın ən inkişaf etmiş və aparıcı dövlətləridir.
Demokratiya və inkişaf heç də qanunlardan deyil, qanunların icrasından və cəmiyyətlərin və hakimiyyətlərin buna necə yanaşmasından, xüsusiyyət və fəlsəfəsindən asılıdır".

“Yeni Müsavat”
Tarix: 27-10-2022, 11:13
Xəbəri paylaş





Xəbər lenti