Paşinyan Putini hesaba qatmır: İrəvan “Rusiyasız Qafqaz modeli”nə can atır


 

Rusiyada keçiriləcək üçtərəfli görüş Cənubi Qafqazın gələcək taleyini böyük ölçüdə həll edə bilər... Kreml sahibi Vladimir Putin baş nazir Nikol Paşinyana təzyiq göstərərək, Ermənistanı Rusiyanın orbitinə qaytara bilməzsə, Cənubi Qafqazda yeni situasiyanın yaranacağı qətiyyən şübhə doğurmur...

Cənubi Qafqazda geopolitik proseslər yeni istiqamətlər ala bilər. ABŞ və Qərbin Rusiya ilə regional qarşıdurması artıq həlledici mərhələyə yaxınlaşıb. Hər halda, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonra Cənubi Qafqazda daha fərqli situasiyanın yarana biləcəyi qətiyyən istisna deyil.
Ona görə də, hazırda yekun sülh sazişi ilə bağlı əsasən iki variant müzakirə edilir. Birinci variant Brüssel prosesi çərçivəsində əldə olunmuş anlaşmalar üzərində hazırlandığı bildirilir. Üstəlik, bu varianta ABŞ-ın da müəlliflik etdiyi barədə məlumatlar mövcuddur. Və bu səbəbdən də həmin variantı həm də “Vaşinqton sənədi” kimi də təqdim edirlər.
Ancaq hələlik “Vaşinqton sənədi”nin real mətni barədə heç bir rəsmi məlumat yoxdur. Bu barədə yalnız Rusiya mətbuatı müəyyən iddialar gündəmə gətirib. Eyni zamanda, vurğulanıb ki, Rusiya mətbuatında dərc olunan saziş mətni (Vaşinqton sənədi) Paşinyan hakimiyyətindəki məlumatlı mənbələrdən əldə olunub. Əgər, bu doğrudursa, deməli, sənədin ələ keçirilməsində Rusiya kəşfiyyatı birbaşa iştirak edib.

İndi Rusiya mətbuatı israrla bu sənəd üzərindən həm Paşinyan hakimiyyətinə, həm Azərbaycana qarşı propoqanda aparır. Paşinyan hakimiyyəti Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması prosesində “geopolitik alətə” çevrildiyi xüsusi olaraq, qabardılır. “Vaşinqton sənədi”nin Azərbaycanın maraqlarına cavab verdiyi iddia olunur.
Digər tərəfdən, Rusiya mətbuatının ABŞ və Qərbin sülh yaratma prosesini hədəfə almasına paralel olaraq, Kremlin də “Vaşinqton sənədi”nə alternativ sülh sazişi hazırladığı bildirilir. Ehtimal olunur ki, oktyabrın 31-də Rusiyanın Soçi şəhərində keçiriləcək üçtərəfli görüşdə Kreml sahibi Vladimir Putin həmin sənədi Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın müzakirəsinə təqdim edəcək.
Ona görə də, hesab olunur ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması məsələsində həmin üçtərəfli görüş həlledici nəticələr verə bilər. Ən azından, ABŞ və Qərbin “Vaşinqton sənədi”nin, yoxsa, Rusiyanın alternativ variantının ön planda olacağı dəqiqləşmiş olacaq. Və bu, indiki halda, hər iki tərəf, xüsusilə də, Ermənistan üçün prinsipial xarakter daşıyır.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinə yaxın məlumatlı mənbələr Soçi görüşündə sülh nizamlanması barədə yeni üçtərəfli çərçivə sənədinin imzalana biləcəyini istisna etməyiblər. Onların fikrincə, Kreml bununla Ermənistanı yenidən Rusiyanın orbitinə qaytara və rəsmi İrəvanın Qərblə münasibətlərinə zərbə vura biləcəyinə ümid bəsləyir. Və bu istiqamətdə Paşinyan hakimiyyətinə qarşı təzyiq xarakteri daşıyan bəzi planların artıq işə salındığına yönəlik də müəyyən mesajlar olmamış deyil.

Ancaq Ermənistan mətbuatına sızan digər məlumatlara görə, baş nazir Nikol Paşinyan Rusiyanın təklif edəcəyi sülh nizamlaması barədə hər hansı sənədi imzalamağa hazır deyil. Həmin məlumatlara görə, Rusiya Türkiyə faktorunu nəzərə almaq məcburiyyətindədir. Bu səbəbdən də, Rusiyanın təklif edəcəyi variantın Azərbaycanın maraqları ilə uzlaşa biləcəyi istisna deyil. Halbuki, rəsmi Bakı da hələlik bu məsələdə tam arxayın və ya məmnun görünmür.
Erməni mənbələri hesab edirlər ki, əgər, yekun sülh sazişi birmənalı şəkildə Azərbaycanın şərtlərini ifadə edərsə, bu, Ermənistanda “ictimai-siyasi partlayışa” səbəb ola bilər. Üstəlik, kütləvi etiraz dalğasının təsiri altında Ermənistanda hakimiyyətin hərbçilər və yaxud da generalitetin dəstəklədiyi Qarabağ klanı tərəfindən ələ keçirilə biləcəyi də istisna deyil.
Erməni mənbələri iddia edirlər ki, əslində, Kremlin qurduğu planlar da hazırda elə buna hesablanıb. Çünki hazırda Kreml Rusiya mətbuatı üzərindən məhz Qarabağ klanının siyasi mövqelərinin gücləndirilməsinə yönəlik propoqanda aparır. Eyni zamanda, Ruben Vardanyanın da erməni siyasi elitasına qəbul etdirilməsinə yönəlik manevrlər Rusiyanın Ermənistanda “Gürcüstan modeli”nə bənzər hakimiyyət formalaşdırmağa çalışdığını göstərir.
Ermənistanda nəşr olunan “Hraparak” qəzeti isə iddia edib ki, baş nazir Nikol Paşinyan Rusiyanın təklif etdiyi heç sənədi imzalamaq niyyətində deyil. Erməni baş nazirin öz yaxın ətrafına hətta hakimiyyət çevrilişi təhlükəsi olsa belə, Rusiyanın “sülh sazişi variantı”nı imzalamayacağını bildirdiyi vurğulanır. Baş nazir N.Paşinyan bildirib ki, erməni xalqı hakimiyyəti dəstəkləyir və o, Rusiyanın təhdidlərindən qorxmur.

Ermənistan baş naziri onu da vurğulayıb ki, Azərbaycan ilə sülh sazişinin yaxın vaxtlarda imzalanma ehtimalı o qədər də yüksək deyil. Çünki rəsmi Bakı dəhliz məsələsi Azərbaycanın maraqlarına uyğun şəkildə həll edilənə qədər buna həvəsli deyil. Və bu baxımdan, sülh prosesinin hələ bir müddət uzana biləcəyi ehtimal olunur.
Halbuki, baş nazir N.Paşinyana istinadən yayınlan bu məlumatlara alternativ xarakter daşıyan və “Past” nəşri tərəfindən gündəmə gətirilən digər iddialarda məhz noyabrın ortalarında sülh sazişinin imzalanacağı vurğulanır. Hətta Qərb siyasi dairələrinin rəsmi İrəvana oktyabrın sonlarına qədər sülh sazişinin mətni üzərində işləri yekunlaşdırmağı məsləhət gördükləri də bildirilir. Və bu məsələdə Ermənistan cəmiyyətinin Paşinyan hakimiyyətinə dəstək verdiyi iddia olunur.
Erməni siyasi analitik Boris Navasardyan da hesab edir ki, Ermənistan cəmiyyəti və ekspert dairələri sülh sazişinin Qərb variantına daha çox üstünlük verir: “Halbuki, Qərbin təklif etdiyi variant Ermənistanın milli maraqları baxımından, o qədər də cəlbedici deyil. Çünki, sülh sazişinin Qərb variantında Qarabağın Azərbaycanın tərkin hissəsi kimi tanınması birmənalı şəkildə ifadə olunur. Ancaq buna baxmayaraq, sülh sazişinin Qərb variantı Rusiyanın hazırladığı sənəddən daha çox reallığa yaxındır”.
Göründüyü kimi, ABŞ və Qərb Rusiya ilə Cənubi Qafqaz uğrunda mübarizənin yekun mərhələsinə yaxınlaşır. Rusiyada keçiriləcək üçtərəfli görüş Cənubi Qafqazın gələcək taleyini böyük ölçüdə həll edə bilər. Hər halda, Kreml sahibi V.Putin baş nazir N.Paşinyana təzyiq göstərərək, Ermənistanı Rusiyanın orbitinə qaytara bilməzsə, Cənubi Qafqazda yeni situasiyanın yaranacağı qətiyyən şübhə doğurmur. Və bu halda, Rusiyasız Cənubi Qafqaz dövrünün başlanma ehtimalı tamamilə inandırıcı görünür.
Elçin XALİDBƏYLİ,

“Yeni Müsavat”
Tarix: 27-10-2022, 22:50
Xəbəri paylaş





Xəbər lenti