"Bu gün sərhədə missiya göndərənlər sabah Qarabağın“status” məsələsini qaldıracaq..."


"Bu gün sərhədə missiya göndərənlər
“Əslinə qalsa, Makronun Azərbaycan və Rusiya ilə bağlı son çıxışından sonra Brüssel prosesi, demək olar ki, dayanıb. Yaxud Brüssel prosesi birtərəflidir. Çünki həmin danışıqlar prosesi nəticəsində Ermənistan istədiyi məsələlərə nail olub. Avropa İttifaqının missiyası Azərbaycanla sərhədə gəlib və s. Amma biz görürük ki, Azərbaycana qarşı prosesin mənfi inkişafı artıq göz qabağındadır. Və bunun göstəricisi həm də Fransa prezidenti Makronun çıxışıdır”- bu fikirləri Moderator.az-a açıqlamasında “İşğalçı Rusiyanın dövlət başçısı V.Putinin Qərbin, ABŞ-ın Qarabağ məsələsi ilə bağlı mövqeyinə münasibət bildirdiyi son çıxışların belə çıxmırmı ki, Soçidə Azərbaycan və Ermənistan başçılarının görüşünü təşkil etməkdə onun əsas məqsədi Brüssel prosesini pozmaqdır?”keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.

“Əslində Fransanın nə etmək istədiyini başa düşmək üçün Senatda Qarabağ mövzusunda artıq layihə kimi müzakirə olunan və 15 noyabrda səsverməyə çıxarılacaq sənədə diqqət etmək gərəkdir. Oradan açıq-aşkar görsənir ki, Fransa və Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədindən sonra Xankəndində də humanitar missiya yaratmaq və humanitar mövzularla məşğul olmaq niyyətindədirlər. İndi buna “humanitar mövzu” deyilir. Amma əslində sabah Qarabağın qondarma “status” məsələsini gündəmə gətirməyini planlaşdırırlar…

“Yəni, demək olar ki, bunlar bütövlükdə Avropa İttifaqının marağında olan məsələlərdir?! -sualına isə politoloq belə cavab verib:

“Əlbəttə. Hesab edirəm ki, Fransa ilə Avropa İttifaqını ayırmaq düzgün deyil. Çünki Fransa sözügedən davranışlarıyla həm də göstərməyə çalışır ki, o, bu İttifaqın xarici siyasətində dominant rol oynayır…

Konkret Soçi görüşünə gəldikdə isə əsas iki sual var ortada. Birincisi, Rusiyanın Fransanın, Aİ-nin planlarına qarşı nəsə etmək imkanı varmı? İkincisi isə Moskva əgər nəsə etsə, bunu kiməsə qarşı etməlidir: ya Azərbaycana, ya da Ermənistana. Kreml bunu etmək istəyəcəkmi və kimə qarşı edəcək? Ona görə də mənim indiki mərhələdə ciddi dəyişikliklər baş verə biləcəyinə şübhələrim var. O da ola bilsin ki, Moskva bu görüşü, sadəcə, “mən də varam” gündəmini saxlamaq üçün təşkil edir. Çünki bunun üçün, belə deyək, yaxşı əsaslar var: Praqa görüşündən, Makronun çıxışından sonra… Yəni bununla həm də Qərbə göstərmək istəyirlər ki, Rusiya daha “etibarlı tərəfdaşdır”. Bu baxımdan Soçi görüşündən sonra hansısa ilk baxışdan ciddi görünən bəyanatlar verilə bilər"

"Lakin son günlər Rusiyanın aparıcı telekanallarının və digər KİV-nin Azərbaycana qarşı kampaniyası ona işarə edir ki, Kreml yenə də Ermənistanın könlünü almaq yolunu tutub… Və belə bir şəraitdə Soçi görüşünün hansısa faydalı nəticə verməsi, bir daha deyirəm, şübhə altındadır” -deyə sabiq baş diplomat vurğulayıb.
Tarix: 28-10-2022, 17:09
Xəbəri paylaş





Xəbər lenti