Hüquq müdafiəçisi Anar MəmmədliAzərbaycan hakimiyyəti Putinin aşağılayıcı açıqlaması qarşısında susqunluğunu qoruyur. Putin öz siyasi karyerasının ən miskin dönəmini yaşayır və belə bir dönəmində bu cür bəyanat üçün özündə cəsarət tapır.
İlham Əliyev hakimiyyəti əbədi deyil və bugün münaqişənin həllində buraxacaqları yanlışlıqlar uzun illər boyu ölkəni darana dirəyə, münaqişənin həlli ilə bağlı imkanları məhdudlaşdıra, yeni hərbi gərginliyə rəvac verə bilər.
Məsələn, ikinci Qarabağ müharibəsinin sonunda tələm-tələsik atəşkəs sazişi tərtib etdilər, bölgədə yeni status-kvo yaratdılar – Rusiya bölgəyə ciddi siyasi imtiyazlarla qayıtdı. Bu da azmış kimi Zəngəzur koridoru kimi populist mövzuda təbliğata başlayıb Putini daha da həvsələndirdilər.
İki il öncə ATƏT-in Minsk qrupunun missiyası başa çatdı dedilər, amma iki ildir bu qurumun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar aparır, Kaspirşikin Tiflisdə və Yerevandakı təmasları davam edir.
Biz təklif edəndə ki, Avropa Birliyini prosesə vasitəçi kimi qoşmaq lazımdır, susqun qaldılar. Yalnız Ukraya müharibəsindən sonra Avropa Birliyi bu prosesə fəal şəkildə qoşuldu. Çünki Əliyev iqtidarı Rusiyanın başladığı işğaldan qorxmuşdu.
Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan heç bir mövqe nümayiş etdirməyib. Bu imkandan istifadə etmək lazımdır. AB heç bir halda Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrdəki münaqişələrin həlli üçün siyasi presedent yaradacaq addımlara yol verməz. Ona görədə münaqişənin Azərbayanın ərazi bütövlüyün çərvisəində həllinə çalışacaq, Qarabağ ermənilərinin təhlükəsizliyi və mədəni-siyasi hüquqlarının müdafiəsi mövzusunda təkliflər gözləyəcəklər. Amma Rusiya bu cür siyasi vizyona sahib ölkə deyil və uzun müddət də olmayacaq.
.
Münaqişəni etnik-milli zəmindən siyasi müstəviyə keçirmək vaxtıdır. Etnik nifrətin aradan qalxması üçün Əliyev hakimiyyəti hər iki ölkədə müharibə cinayətlərinin araşdırılmasını, milli mədəni mirasa hörmət və ehtiramı gündəmə gətirməli, Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının birgəyaşayışı mövzusunda planlarını açıqlamalıdır.
Nəhayət, çıxıb bəyan etməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan heç bir dövlət münaqişədə vasitəçilik edə bilməz, Qarabağ ermənilərin təhlükəsizliyi və mədəni kimliyinin müdafiəsi Azərbaycan dövlətinin Konstitusiyası, qoşulduğu beynəlxalq sənədlərlə tənzimlənəcək. Yəni Avropa Şurasının regional idarəçilik və milli azlıqların hüquqlarının müdafiəsi barədə konvensiyaların tələblərinə Qarabağ ermənilərinin mədəni və siyasi hüquqlarının müdafiəsi üçün əməl ediləcək. Bununla da münaiqşənin həlli ilə bağlı yeni siyasi çərçivəni müəyyən edib imperialist maraqları olan dövlətlər üçün qırmızı xətti göstərəcəklər.
Tarix: 30-10-2022, 21:12