ABŞ Putinin Qarabağ bəyanatını dezinformasiya adlandırır


ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin “Azərbaycan-Ermənistan münaqişəsilə əlaqədar gündəlikdə olan planın Vaşinqton tərəfindən təklif edilib” fikrinə reaksiya verib.
Dövlət Departamentinin sözçüsü Ned Prays bu məsələ ilə bağlı “Turan” İnformasiya Agentliyinin ABŞ-dakı müxbirinin sualına cavab verərəkən Moskvanın təhrif və dezinformasiyalarının davam etdiyini deyib.
“Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək dezinformasiya davam edir”, -Ned Prays deyib.
Çərşənbə günü Putin bildirib ki, Vaşinqton Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınması üçün “plan” təklif edib və əlavə edib ki, Yerevan güzəştə getmək istəsəydi və buna “hazır olsaydı”, Rusiya “Ermənistana daha sərfəli sövdələşmə əldə etməyə kömək edərdi”.
Prays xatırladıb ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır:
“Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq”.
Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan “böyük tərəfdaş yoxdur”.
“1991-ci ildə Ermənistanın, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq öz xarici siyasi və digər maraqlarını həyata keçirmək keçirmək hüququna zəmanət verən əlamətdar hadisə idi”.
Vaşinqton Ermənistan və Azərbaycanı onlara uyğun formatda görüşməyə təşviq edib.
“Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq”, -Prays deyib.
ABŞ Ermənistan və Azərbaycanla bir məqsədlə – “zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq” üçün fəaliyyət göstərir.
Azadlıq radiosu
Tarix: 30-10-2022, 21:14
Xəbəri paylaş





Xəbər lenti