Rusiya prezidentinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşü gözlənilir. Görüş ərəfəsində diplomatik gündəmi müxtəlif mövqelər tutmaqdadır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsinə müxtəlif baxış bucaqlarını təqdim edirik.Dövlət Departamenti: Dünya Rusiyanın tarixini qonşuluğuna gələndə bilir“Ermənistan və Azərbaycanla bağlı niyyətlərimizə gəlincə, müəyyən istiqamətlərdən, o cümlədən Moskvadan yayılan dezinformasiyalar davam edir. Birləşmiş Ştatlar bu iki ölkənin tərəfdaşıdır. Biz onilliklər ərzində bu ölkələrin hər ikisinin tərəfdaşı olmuşuq.”
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Turan Agentliyinin müxbirinin Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı Vaşinqtonun planın olması ilə bağlı dedikləri barədə sualına cavabında bildirib.
Ned Prays deyib ki, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistanın və Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan böyük dəstəkçi yoxdur.
“1991-ci ildə Ermənistanın, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə öz xarici siyasət maraqlarını həyata keçirmək, Moskvadan və ya dünyanın hər hansı digər dövlətindən asılı olmayaraq öz maraqlarını izləmək hüququnu təmin edən əlamətdar hadisə idi,” o qeyd edib.
Dövlət Departamentinin sözçüsü ABŞ-ın iki ölkə arasındakı münasibətlərdə rolundan danışarkən deyib ki, ABŞ Ermənistan və Azərbaycanla əlaqə qurarkən bunu yalnız bir məqsədlə edir, “o da zorakılığa son qoymaq və bu ölkələrin davamlı və hərtərəfli sülh yoluna qədəm qoymasıqdır. Biz bu ölkələri - Ermənistan və Azərbaycanı təşviq etmişik və açıq şəkildə bildirmişik ki, onlar üçün ən faydalı olan formatda görüşməlidirlər. Biz problemlərin həllində və davamlı sülhün əldə edilməsində birbaşa dialoqun faydalı olacağına inanırıq.”
Ned Prays deyib ki, o, Rusiya Federasiyasının səylərini şərh etmək fikrində deyil.
“Ancaq demək istəyirəm ki, bu iki ölkə qarşıdan gələn danışıqlara necə yanaşması barədə özləri qərar verməlidir. Rusiyanın qonşuluğuna gəldikdə, biz – məncə, dünya onun tarixini bilir. Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzü və Ukraynaya qarşı davam edən amansız işğalı göstərir ki, Moskva qonşularının suverenliyinə çox az hörmət edir və o, çətin ki, etibarlı, uzunmüddətli tərəfdaşdır. Biz hesab edirik ki, bu, ABŞ-dan tamamilə fərqlidir. Yenə də bizim yeganə niyyətimiz bu ölkələrə zorakılığa son qoymağa, Ermənistan və Azərbaycan xalqlarının çox arzuladığı davamlı və hərtərəfli sülhə nail olmaqda kömək etməkdir,” o qeyd edib.
Valdimir Putin: Hansı sülh müqaviləsi variantını seçmək Ermənistanın öz işidir. Bu, sülhə gətirib çıxaracaqsa, biz bunun yalnız tərəfdarıyıqOktyabrın 27-də Valday Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan münasibətlərinə və iki ölkə arasında sülh müqaviləsinə toxunub.
Putin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur: "Sülh müqaviləsi, əlbəttə, lazımdır. Və biz sərhəd məsələsinin dinc yolla tənzimlənməsi və həllini dəstəkləyirik. Hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. Bütün hallarda hansı variant olursa olsun, sülhə gətirib çıxaracaqsa, biz bunun yalnız tərəfdarıyıq".
Vladimir Putin həmçinin deyib ki, Moskva heç nə sırımaq istəmir: "Biz Ermənistana nəyisə diktə edə bilmərik və buna hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Vaşinqton variantını seçmək lazım olduğunu düşünürsə, buyursun. Bu variant Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutur," o qeyd edib.
Kollektiv Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə edibRusiya, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 31-də Soçidə gözlənilən görüşü ərəfəsində oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə növbədənkənar sessiyasında Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması diqqət mərkəzində olub.
Sessiyada Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarusun Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev, Qırğızın Prezidenti Sadır Japarov, Rusiyanın Prezidenti Vladimir Putin, Tacikistanın Prezidenti İmaməli Rəhman və KTMT-nin baş katibi Stanislav Zas iştirak edib.
Stanislav Zasın KTMT-nin 2022-ci il sentyabrın 15-də Ermənistana ezam olunmuş missiyasının işi barədə məlumatı dinlənilib.
“Sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşib, ağır silahların və pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə toqquşmalar olub, çoxlu sayda insan tələfatı olub,” Zas qeyd edib.
Rəsmi məlumatda deyilir ki, Kollektiv Təhlükəsizlik Şurasının üzvləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, KTMT-yə üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin kollektiv şəkildə qorunmasına sadiqliyini bir daha təsdiq edərək, regiondakı mövcud vəziyyəti, birgə tədbirləri və Ermənistana yardım göstərmək məsələlərini müzakirə edib.
“Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidenti tərəfindən 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub.
Sessiyanın yekunları üzrə KTMT Kollektiv Təhlükəsizlik Şurasının üzvləri müvafiq qərarlar layihəsini yekunlaşdırmaq üçün bir sıra təkliflər veriblər,” məlumatda bildirilir.
Fərid Şəfiyev: Rusiyanın təklif etdiyi plan bir qədər qeyri-müəyyənlik yaradırAzərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanla Azərbaycana arasında sülh prosesinə dair çıxışı bir sıra suallar doğurur.
“Bununla bağlı demək istəyirəm ki, ABŞ-a məxsus Ermənistan-Azərbaycan sülh planı adlı sənəd mövcud deyil. Avropa İttifaqı Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses var və bu proses çərçivəsində iki ölkə ərazi bütövlüyünə qarşılıqlı hörmət kimi əsas elementləri özündə birləşdirən sülh müqaviləsi üzərində iş aparır. ABŞ sadəcə bu prosesə diplomatik yollarla dəstək verir.
Bu yaxınlara qədər Rusiyanın belə bir planı mövcud deyildi və yalnız delimitasiya və nəqliyyat məsələlərinə fokuslanmışdı. Rusiyanın təklif etdiyi plan bir qədər qeyri-müəyyənlik yaradır.
Hazırda regionda davamlı sülhə və beynəlxalq hüququn prinsiplərinə qətiyyətlə əməl olunmasına ehtiyacı var.”
Onun fikrincə, geosiyasi rəqabətə görə vəziyyət daha da mürəkkəbləşir.
“Məlumdur ki, Ermənistan və Azərbaycan regional güclərin maraqlarını görməzdən gəlmək fikrində deyillər. Lakin Azərbaycan üçün ən prioritet məsələ müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasıdır. Sülh özü ilə birlikdə böyük iqtisadi inkişaf gətirəcək.
Hazırda Cənubi Qafqazda 3 istiqamətdə vacib diplomatik proses gedir: Ermənistan-Azərbaycan sülh müqaviləsi, Ermənistan-Türkiyə normallaşma prosesi, Prezident İlham Əliyevin təklif etdiyi Ermənistan-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı. İkinci və üçüncü istiqamət birinci istiqamətin nə dərəcədə uğurlu olmasından asılıdır. Regionda sülhün bərqərar olmasında həqiqətən maraqlı olan beynəlxalq aktyorlar bu istiqamətləri dəstəkləməli və bu proseslərə xələl gətirə biləcək istənilən bəyanat və fəaliyyətlərdən çəkinməlidirlər,” o qeyd edib.
Edmon Marukyan: Azərbaycanın layihəsindən əlavə Rusiyanın təklifləri ilə bir layihə də varErmənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Qarabağ probleminin həlli üçün Vaşinqton və ya Rusiyanın heç bir layihəsi yoxdur.
O, “Valday” klubunun iclasında mövzunu ictimaiyyətə açıqlayan Rusiya prezidenti Vladimir Putinin təşəbbüsünü yüksək qiymətləndirib.
"Mətbuat və ekspert dairələri deyirlər ki, iki layihə var - Vaşinqton pisdir, Rusiya yaxşıdır. Mən rəsmən bəyan edirəm ki, sülhə nail olmaq üçün Qərb layihəsi yoxdur: Ermənistan tərəfinə təhvil verilmiş Azərbaycan layihəsi var. Hansı ki, bütün bu işlər vaxtında aparılıb,” diplomat bildirib.
Marukyanın sözlərinə görə, bu istiqamətdə iş demək olar ki, yekunlaşıb və Soçidə keçiriləcək görüşdə Ermənistan tərəfi öz yanaşmalarını təqdim edəcək və müzakirələr aparılacaq.
O, izah edib ki, Azərbaycan layihəsindən əlavə Rusiyanın təklifləri ilə bir layihə də var, hələ sentyabrda təqdim olunub və Ermənistan tərəfi ona müsbət münasibətini təsdiqləyib.
Marukyan qeyd edib ki, Rusiyanın təklifləri yekun həll, yəni Qarabağda yaşayan insanların statusu məsələsinin təxirə salınmasını təklif edir.
“Qərbin təklifləri - şifahi, saziş layihəsi şəklində deyil, beynəlxalq ictimaiyyətin iştirakı ilə Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında mexanizm yaratmaqdır ki, onun himayəsi altında Dağlıq Qarabağ ermənilərinin hüquqları, azadlıqları, təhlükəsizliyi bağlı müzakirələr aparılacaq. Qərb deyir ki, indi belə edək, biz mexanizm yaradacayıq, amma Rusiya hələlik bunu təxirə salmağı təklif edir,” Ermənistanın rəsmi Novosti Armeniya saytı Marukyana istinadən qeyd edib.
Azərbaycan tərəfinin mövqeyindən danışan Marukyan deyib ki, Bakı nə təxirə salmağa, nə də mexanizm yaratmağa razı deyil.
"Ermənistan isə razılığa gəlmək üçün diplomatik səylər göstərir. Ermənistan tərəfi ümid edir ki, Soçi görüşündə Rusiya tərəfi öz təkliflərində israrlı olacaq və Azərbaycan tərəfini razı salacaq. İndi Rusiya Ermənistanın strateji müttəfiqi və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanı razı salmaq və vəziyyəti həll etmək üçün səy göstərməlidir,” Marukyan vurğulayıb.
Onun fikrincə, Ermənistan fəal hərəkətləri ilə lazım olandan artıq iş görür və təhlükəsizlik diplomatiyasına əl atır - müşahidəçilər cəlb edir, monitorinq mexanizmlərinə təşəbbüs göstərir, ölkəmizin təhlükəsizlik məsələlərini beynəlxalq səviyyəyə çatdırmağa çalışır.
Amerikanın Səsi
Tarix: 31-10-2022, 10:30