Azərbaycanın Xankəndi şəhərində erməni separatçıların “mitinqin”dən görüntülər paylaşılıb. Görüntülər həqiqətən də diqqət çəkir. İlk diqqətçəkən məqam isə şübhəsiz mitinqdə minlərlə adamın iştirak etməsidir.
Azərbaycan tərəfində olan məlumatlara görə, hazırda Xankəndi və ətrafında 25 mindən az erməni əhali yaşayır. Araik Arutyunyan isə sentyabr ayında rəsmi olaraq elan etmişdi Qarabağ bölgəsində 33 minə yaxın erməni əhali var. Mitinqdən paylaşılan görüntülərə baxdıqda da 20-30 min insanın iştirak etdiyini görmək olar.
Aydın məsələdir Xankəndi şəhərində erməni separatçıların təşkil etdiyi “mitinq” aylar öncədən planlaşdırılıb. Çünki qısa zamanda belə böyük mitinq təşkil etmək mümkün olmazdı. Belə ki, 33 minlik əhalinin mitinqində bir neçə yüz nəfər, uzağı 1000 nəfər ola bilərdi.
O zaman belə bir sual yaranır:
Mitinqə bu qədər adam necə toplanıb?
Birincisi, mitinqdə iştirak edənlərin 90%-i Ermənistandan gəlib! Bu aksiyada təşkilatçılıq və mitinq üçün lazım olan elementlərin hamısı Ermənistandan daşınıb. Bu prosesdə isə Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan yaxından iştirak edib. Belə ki, Vardanyan mitinqdə iştirak edənlərin sayının çox olması üçün Xankəndidən kənarda olanların öz maşını ilə mitinqə qatılması üçün 8 litr pulsuz benzin verib, Ermənistandan gələnlərə isə 50 dollar mükafat ayırıb.
İkincisi, i̇nsanlar həm də mitinqə zorla gətirilib. Belə ki, bütün inzibati metodlardan istifadə edərək hamının - müəllimləri, həkimləri, hərbçiləri, polisi, kənd və şəhər sakinlərinin mitinqdə gətirilməsi sayın çox olmasını açıqlayır.
1988-ci il effekti yaradılmağa çalışılır!
Aksiyanın baş tutması onu göstərdi ki, burada Rusiya sülhməramlılarının əli var. Çünki Laçın dəhlizi Rusiya sülhmərmalılarının nəzarətindədir və Laçın dəhlizindən bu qədər insanın Xankəndidəki mitinqə gətirilməsi sülhməramlıların icazəsi olmadan mümkün deyil.
Görünür, Rusiya 1988-ci il effektini yaratmağa çalışır. Hətta aksiyada səsləndirilən şüarların da eynilik təşkil etməsi bunu təsdiqləyir. Həmin vaxt da SSRİ rəhbərliyində olanların birbaşa dəstəyi ilə bu cür aksiyalar başlamışdı.
Ntəicə etiabri ilə görünür Rusiya Qarabağda öz məqsədlərini reallaşdırmaq istəyir. Bunun üçün isə yenidən erməni kartından istifadə edir.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 31-10-2022, 12:54