Son günlər Azərbaycanın cənub qonşusu ölkəmizə qarşı qərəzli mövqe sərgiləməkdə davam edir. Qafanda konsulluğun açılması, Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi və bu kimi addımların arxasında həm də bir sıra iqtisadi maraqların dayandığı düşünülür.
Belə ki, 44 günlük Vətən müharibəsini zəfərlə başa vuran Azərbaycan Ermənistanı bəyannaməni imzalamağa məcbur etmiş, həmin bəyannamədə Naxçıvanla yeni nəqliyyat kommunikasiyaların inşası məsələsi xüsusi qeyd olunmuşdu. Bu yol Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət imkanları yaradır.
Bəs bu dəhlizin açılması İranı niyə narahat edir? İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Azərbaycanın Cənubi Qafqazda yaradılacaq yeni koridorlarla bağlı mövqeyi heç bir ölkənin dominantlığının mümkün olmaması yönündədir.
Qeyd edək ki, Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir.
Böyük İpək yolunun üzərində yerləşən bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olaraq Rusiya vasitəsilə Asiyadan Avropa bazarlarına məhsulların tədarükündə problemlərin yaranmasıdır.
İqtisadçı deputat Vüqar Bayramov isə bildirir ki, Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur koridorunun işə düşməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirə bilər. Bu dəhlizin strateji və iqtisadi baxımdan birləşdirəcəyi təkcə türk dövlətlərinin nominal ÜDM-i 1.1 trilyon dollardan çoxdur.
V. Bayramovun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevirildikcə ənənəvi Türk düşmənləri daha da aktivləşirlər. “Əgər Türk ölkələri bir dövlət olsaydılar o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı”, - deyə o əlavə edib.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, İranın son zaman Ermənistandan keçən dəhliz xətlərinə aqressiv münasibətinin səbəbi bu xətlərin öz ərazisindən keçməsi istəyidir.
Zəngilanın işğaldan azad edilməsinin ikinci ilində Azərbaycana səfər edən və İlham Əliyevlə birgə Zəngilan Hava Limanının açılışını edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlığın reallıqdan uzaq olduğunu deyib.
Prezident İlham Əliyev bu il ərzində xarici ölkələrə səfərlərində və iştirak etdiyi beynəlxalq konfranslarda Azərbaycanın Orta dəhlizin reallaşması üçün çox mühüm addımlar atmaqda olduğunu deyib.