“Güney Azərbaycanla bağlı ehtiyatlı siyasət dövrü bitdi” - NƏ BAŞ VERİR?
Son bir ayda İrandan Azərbaycana qarşı rəsmi və qeyri-rəsmi şəkildə hədələr, təhdidlər gəlməkdədir. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakıya qarşı münasibətində radikal dəyişiklik edən Tehranın İrəvanla yaxınlaşma siyasəti açıq müstəviyə keçib. Zəngəzur dəhlizini bəhanə edərək Ermənistanı “qırmızı xətti” adlandıran İranın davranışları Azərbaycanda etirazla qarşılanır.
İki aya yaxındır daxilində etiraz aksiyaları, xaotik vəziyyət hökm sürən İranın belə bir məqamda Araz çayı vadisində hərbi təlimlər keçirməsi, bununla yanaşı, təhdid xarakterli mesajlar verilməsi, İran mediasında Azərbaycana qarşı “qara piar” kampaniyasına start verilməsi gərginliyi daha da artıran faktordur.
Azərbaycanlı ekspertlər hesab edirlər ki, İran hədələr yağdırarkən ərazisində yaşayan 35 milyondan artıq Güney Azərbaycan türklərinin varlığını unutmamalıdır. Onillərdir soydaşlarımızın hüquqlarını kobud surətdə pozan Tehran rejimi unutmamalıdır ki, Azərbaycan dövləti qonşu ölkənin daxili işlərinə qarışmaq niyyətində olmasa da, yeri gələrsə, soydaşlarımızın hüquqlarını müdafiə etməyi də bacarır.
Bu, Azərbaycan tərəfindən ən yüksək kürsüdən səsləndirilib. Belə ki, Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdat Amreyevi qəbul edərkən dünyada yaşayan azərbaycanlıların hüquqlarından danışıb, güneyli soydaşlarımızın müdafiəsi məsələsinə toxunub.
Ölkə başçısı xatırladıb ki, Türk dünyası TDT üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir: “Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq. Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı - on milyonlarla qan qardaşlarımızı - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.
“Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”, - deyə Əliyev vurğulayıb.
Güneylilərin Azərbaycana qarşı İranın təhdidlərinə münasibəti, İranda gedən proseslər mövzusunda AYNA-nın suallarını Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- İranın rəsmi və qeyri-rəsmi şəkildə Azərbaycana hədələri, təhdidlərinə Güney Azərbaycan türklərinin yanaşması necədir?
- Güney Azərbaycan xalqı türkləri hər addımda aşağılayan, “gəlmə xalq”, “geriqalmış” kimi təqdim edən molla rejiminə nifrət edir. Bunu “Traktor” futbol klubunun oyunları zamanı 80 minlik “Səhənd” (əsl adı “Yadigari imam”dır) stadionunda səslənən şüarlardan da görmək olar. Sovetin son illərini yəqin xatırlayırsız. O zaman da “Neftçi” ilə Ermənistan “Ararat”ının oyunu bu cür gərgin keçirdi. İndi Təbrizdə belədir. Fars klubları ilə hər oyun qarşıdurmalarla, əsəb müharibəsi ilə yadda qalır. SSRİ-nin son illərində bizim ürəyimiz Təbrizlə, Türkiyə ilə döyünürdü. Eyni durum indi Güneydədir. Uğurlarımıza sevinirlər, acılarımza şərik olurlar. Təbrizli millət vəkilləri Məsud Pezeşkiyan və Əhməd Əlirzabeygidi dəfələrlə parlamentdə çıxış edib Azərbaycanın haqq işini dəstəkləyiblər. İran rejiminə səsləniblər ki, Zəngəzur siyasətiniz, erməniyanlı davranışlarınız yanlışdır, bu siyasətiniz Şimaldakı 10 milyon soydaşımızı narazı və incik salır. Milli Hərəkat birmənalı şəkildə Azərbaycanı, Türkiyəni müdafiə edir. 44 günlük savaş zamanı milli fəallar İran TIR-larını odlamış, Ermənistana silah daşımalarına əngəl olmuşdular. Bir sözlə, Güney Azərbaycan bizə boylanır, bizdən mədəd umur. İndi sıra bizdədir.
- “İndi sıra bizdədir” deməklə nəyi nəzərdə tutursunuz?
- Qorxaq siyasət dövrü bitdi. İndi balans siyasətinə ehtiyac yoxdur. Bizim kiminsə torpağında gözümüz yoxdur axı... İrana ərazi iddiası da irəli sürmürük. Amma 35 milyon azərbaycanlı var orda. Biz onların mədəni hüquqlarını tələb etməliyik. Onlara təhsil hüququ verilməlidir. Bu, hər bir xalqın, toplumun doğal haqqıdır. Bunu kimsə onların əlindən ala bilməz.
- Prezident İlham Əliyev TDT-nın baş katibi ilə görüşdə Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımıza dəstək veriləcəyini bildirdi. Sizcə, bu dəstək hansı formada olacaq?
- Dövlət başçısı o görüşdə hər şeyi dedi. Prezident bundan artıq nə deməlidir? Milli qüruru olan hər kəs bu mesajı almalıdır. İlk növbədə toplum olaraq güneylilərə münasibəti dəyişməliyik. Telekanallar, radiolar “iranlı” kəlməsini unutmalıdır. “Güney azərbaycanlı soydaşımız”, “təbrizli qardaşımız” deməlidir. Müəllimdən, həkimdən tutmuş vəkilə, maklerə qədər hər kəs bunu etməlidir. İctimai-siyasi təşkilatlar, hüquq müdafiəçiləri Güneyi diqqətdə saxlamalıdır. Telekanallar, radiolar, onlayn media, qəzetlər Güneylə bağlı layihələr etməlidir. Sovet dövründə belə, televiziya, radio Güney mövzusunda bundan effektli işləyirdi. Mənim yadımdadır, Azərbaycan radiosu Güney ləhcəsində “Xəbərlər” proqramı hazırlayırdı. Güneydə hamı izləyirdi bu proqramı. İran adlanan ölkənin bütün ərazilərində yaşayan azərbaycanlılar bizim telekanallara baxırlar. Amma biz onlara nə təqdim edirik? Maarifləndirici proqramlar qalsın bir yana, təbrizli müğənnini bizim manıs təfəkkürlü aparıcı efirdən qovur. Belə olmaz!
Baxın, 2 dəfədir ki, Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov efirdə İranı sərt tənqid edir. Bilirsiz, bu, Güneydə necə xoş qarşılanıb? Amma iki dəfə verilişdə molla rejiminin siyasətini tənqid etməklə bitmir bu iş. Partizanlar kimi bir güllə atıb dayanmaq olmaz. Sistemli və ardıcıl iş görmək lazımdır. Hökumətin də görəcəyi işlər var. Bakıda yaşayan güneylilərə oturum izni asanlaşdırılmalı, müraciət edənlərə vətəndaşlıq verilməlidir. Ali məktəblərin qapısı güneylilərin, kərküklülərin, Borçalı türklərinin üzünə taybatay açılmalıdır. Molla rejimi 30 il milyonlar xərclədi, İran ideologiyasını təbliğ edən 2-3 meyxanaçı, jurnalist yetişdirdi. Biz 1 manat xərcləməmişik, Güney Azərbaycanda ana dilinin minlərlə təbliğatçısı var. Biz onlara sahib çıxmalıyıq. Güneyli yazarları tanıtmalı, çap etməliyik. Bütün İranı oba-oba gəzib Azərbaycan dilində mahnılar, şeirlər oxuyan aşıqlara, müğənnilərə dəstək verməliyik. Onları el şənliklərinə çağırmalıyıq, Bakıda disklərini, albomlarını çıxarmalıyıq. Onların professional musiqi təhsili almasına yardım etməliyik.
- Quzeydəki ictimai təşkilatlar bu yöndə hansı layihələr həyata keçirə bilər?
- Quzeydəki ictimai-siyasi təşkilatlar, partiyalar Güney Azərbaycana diqqəti artımalıdır. 90-larda hər partiyada, təşkilatda Güney Azərbaycan şöbəsi olurdu. İndi yoxdur, bərpa edilməlidir. Son günlər Avropa ölkələrində azadlıq uğrunda savaşan İran xalqlarına dəstək vermək üçün əslən iranlı siyasətçilər nazir təyin edilir, deputat seçilir. Bunu biz niyə etməyək? Bu günlərdə Yazıçılar Birliyinin qurultayı oldu. Orada bir güneyli yazar sədr seçilməli idi. İnanın ki, bu hadisə Güney Azərbaycanda çox yaxşı qarşılanacaqdı. Əslən güneylilər dövlət qurumlarında işlə təmin olunmalıdır. Bu gün-sabah Güneydə dövlət qurulacaq, milli kadrları indidən yetişdirməliyik. İran rejiminin zülmündən xaricə mühacirət etmiş fəal, istedadlı azərbaycanlılar var. Diplomatik xidmətdə onların potensialından istifadə olunmalıdır.
- İranda davam edən etirazların Güney Azərbaycanın özgürləşməsi perspektivinə nə qədər təsirləri var?
- Hazırda İranda baş verən proses vilayəti-fəqih sisteminin əleyhinə olan hərəkatdır. İran xalqları molla rejiminin qaydaları ilə yaşamaq istəmirlər. İndiki mərhələdə bütün millətlər eyni hədəfə vurmalı, molla rejimini tarixin arxivinə göndərməlidir. 80-ci illərin sonu, 90-larda SSRİ-nin bütün bölgələrdində demokratik hərəkat var idi. Moskvada imperiyanı saxlamaq istəyənlər də var idi, respublikaların müstəqilliyinə qarşı çıxmayan Yeltsinin öndərliyində demokratik hərəkat da var idi. Birgə mübarizə ilə SSRİ dağıldı, respublikalar azad oldu. İranda da eyni proseslər gedəcək. Molla rejimi zəifləyən kimi mərkəzdənqaçma sürətlənəcək. İndi parlamentdə, dövlət qurumlarında təmsil olunan soydaşlarımız, SEPAH-ın azərbaycanlı generalları xalqa tərəf keçəcək və milli dövlətin yaranması prosesi başlayacaq.
- Bu aksiyalar sonunda İran rejiminin dağılmasına gətirib çıxaracaqmı?
- Proses ona doğru gedir. İran beynəlxalq sanksiyalarla yıpranmış durumdadır. İqtisadiyyat çöküb, pul azalıb. Molla rejimi yaxın xaricdə dəstəkçi qruplarını saxlaya bilmir. Bir azdan bu proses daxilə keçəcək. Rejim SEPAH-ı, “Bəsic”i saxlamağa pul tapmayacaq. O zaman rejim daxilindən çatlaq səslər çıxmağa başlayacaq. Nazirlər, deputatlar, generallar etirazçıların tərəfinə keçəcək və rejimin bitməsi ilə nəticələnəcək final başlayacaq.