Moskvanın İrəvandakı diplomatı Sergey Kopırkin azsaylı erməni əhalisinin “statusu” məsələsinin gələcək nəsillərin öhdəsinə buraxılmalı olduğunu iddia edib; Tofiq Abbasov: “Rusiya son hadisələrdə kifayət qədər uğursuz gedişlər etdi”
Rusiya Prezidenti Vladimir Putinin “Valday” diskussiya klubunda etdiyi çıxışın siyasətdəki dalğası hələ də davam etməkdədir.
“Yeni Müsavat”ın siyasət şöbəsinin qənaətinə görə, Putin açıq mətnlə ermənilərə mesaj ötürdü ki, sülh müqaviləsinə dair “Vaşinqton variantı” ilə razılaşacaqları halda Qarabağı və statusla bağlı ümidləri birdəfəlik itirəcəklər. Bu mesajdan dərhal sonra Qarabağdakı ermənilər aktivləşdirildi, "erməni kartı"’ yenidən iki dövlət arasındakı münasibətlərin mərkəzi masasının üstünə çırpıldı. Xankəndidə “çoxminli” erməni aksiyası da Rusiyanın masaya çırpdığı "kozır’’lardan hesab oluna bilər. Lakin bu kartlar onlarla oynayanların əlində qaldı - Soçi görüşündən bir gün əvvələ təsadüf edən Xankəndi aksiyasının üçtərəfli görüşdə heç bir əhəmiyyəti olmadı.
Azərbaycanın dövlət başçısı Putinlə ikili görüşdə ictimai qaydada birmənalı bəyan etdi ki, Qarabağ problemi iki il əvvəl həll edilib, onu müzakirə etməyə dəyməz... Yekun sənəddə də Qarabağ haqda heç bir ifadəyə yer verilməməsi erməniləri məyus etdi. Sadəcə, Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Soçidəki görüşdən umduqlarını ala bilməyən ermənilərin “könlünü almaq” üçün həddini aşan açıqlamalar verib. Kopırkin Qarabağda azsaylı erməni əhalisinin “statusu” məsələsinin gələcək nəsillərin öhdəsinə buraxılmalı olduğunu iddia edib. “Qarabağın statusu ədalətli həlli üçün məqbul şərait yarandıqda gələcək nəsillərin öhdəsinə buraxılmalı olan məsələdir”, - deyə o bildirib. Bununla da Soçidəki görüşdən “statusla” bağlı vəd alacaqlarını gözləyən ermənilərə səbirli olmağı məsləhət görüb. O, Soçidə keçirilən üçtərəfli görüşü vacib adlandırıb və Rusiya Prezidentinin bütün məsələlərdə razılığa gəlməyin mümkün olmadığı barədə sözlərini xatırladıb.
Səfir Putinin sözlərini təkrarlayaraq vurğulayıb ki, qəbul edilən bütün qərarlar Ermənistan və Azərbaycan arasında razılaşmanın məhsulu olmalıdır. “Doğrudanmı Əliyevi bəyanatda Qarabağın statusu məsələsinin olmasına inandırmaq olmazdı” sualına cavab olaraq səfir deyib ki, onda heç bir əlavə məlumat yoxdur və o, yalnız ehtimal edə bilər. “Sülh müqaviləsi və ora daxil edilməli olan müddəalara gəlincə, Soçi görüşünün nəticələrinə əsasən, hələ razılaşdırıla bilməyən, üzərində iş aparılmalı olan məsələlər var”, - deyə səfir fikirlərini yekunlaşdırıb.
AzadlıqRadiosunun erməni xidməti isə yazır ki, keçmiş prezident Robert Köçəryanın müxalif “Hayastan” parlament fraksiyasından olan deputat Artur Xaçatryan deyib ki, "...Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna malik olmasını təsbit etməyən istənilən sənəd iflasa məhkumdur’’. İqtidaryönlü deputat Sergey Baqratyan isə bildirib ki, Azərbaycan Prezidenti sülh sazişinə dair Rusiyanın təklifinin 15-ci bəndini qəbul etməyib. Bu bənddə Qarabağdakı ermənilərin statusu məsələsinin qeyri-müəyyən vaxta saxlanması qeyd olunurdu. Deputatın sözlərinə görə, Rusiyanın təklif etdiyi bəyanat mətninin qalan 14 bəndi heç bir mübahisə doğurmayıb. Səfirin açıqlamasını Putinin 44 günlük müharibədən sonra “status gələcəkdə müzakirə oluna bilər” açıqlamasının davamı kimi də qiymətləndirmək olar. Amma səfir bu dəfə “Qarabağın statusu ədalətli həll üçün məqbul şərait yarandıqda” kimi çoxmənalı ifadələr də işlədib. “Ədalətli həll üçün məqbul şərait” nə deməkdir? Yəni Rusiya “status” mövzusunu əbədi olaraq başımız üzərində “Domokl qılıncı” kimi saxlamağa çalışacaq?
Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya son hadisələrdə kifayət qədər uğursuz gedişlər etdi. Onun fikrincə, şimal qonşumuz “tula payı” atmaqla Ermənistanda canfəşanlıq yaratmağa müvəffəq olub: “Azərbaycanın bu problemə münasibəti həmişə şəffaf olub. Biz İrəvandan fərqli olaraq, o cinahdan bu cinaha keçid etmirdik. Bəli, manevrlərimiz var idisə də, olduqca yumşaq və çevik idi. Ermənistan bu illər ərzində bir xətti götürdü - faşizm, türkfobiya, vəhşilik... İndi də bunun fəsadlarını yaşayır, faktiki Ermənistanda xaos və böhran görürük. Çünki ölkənin aydın siyasi kursu və fəaliyyəti yoxdur. Onların xarici siyasəti bir istiqamətdə deyil və ziq-zaq etməklə o stuldan bu stula keçirlər. Misal üçün, Makron, diaspora ermənilərin xarici siyasətidir. Ancaq biz təklif edirik ki, Qarabağı unudun, Rusiya isə deyir "status" gələcək nəsillərə qala bilər. Bəs Putin deyirdi ki, Azərbaycan öz ərazisində müharibə aparır və KTMT müdaxilə edə bilməz, indi “status” gündəliyə gətirilir?! Ona görə Rusiyanın uğursuz manevr etməyə başladığını hesab edirəm".
T.Abbasovun sözlərinə görə, Rusiya iki müttəfiq arasında fərq qoyur, onları bir-birinə qarşı vuruşdurur, sonra sülh müqaviləsindən danışır: “Belə sülhə getmək olar? Sən "Dovşana qaç, tazıya tut" siyasəti aparırsan, sonra sülhə doğru irəliləyişdən danışırsan. Ona görə Rusiya yenə lazımsız keçid etdi. Amma bütövlükdə əsas günahı Ermənistanda görürəm: Paşinyan sönük, boz və uğursuz siyasətçidir, hələ də jurnalist şinelindən çıxmayıb. Bir yandan Köçəryan və digər keçmiş klana aid qüvvələr onu sıxışdırır, nəticədə Ermənistan hakimiyyəti bir neçə stulda oturur. Bizim stulumuz var, tərəfdaşlarımız da bəllidir. O baxımdan Ermənistanın qeyri-müəyyən, belə dağınıq siyasəti ilə sülh müqaviləsi imzalanacağına inanmıram. Amma Fransa, ABŞ, Rusiya İrəvan üzərindən siyasət apardığı halda biz də öz xəttimizi davam etdirməliyik, yolumuzdan dönməli deyilik. Bu prosesdə Xankəndi mitinqi də biabırçılıq idi, kənar əllər görünürdü. Faktiki adambaşı 50 dollardan pul verib mitinqə insanları topladılar. Bu da lazımsız və uğursuz gediş idi..."
Analitik Elxan Şahinoğlu isə məsələyə fərqli aspektdən yanaşır. Onun sözlərinə görə, bəllidir ki, Xankəndidəki izdihamlı mitinqi Rusiya təşkil edib, bunu anladıq. “Aylar öncəsi də proznozlaşdırırdıq ki, Kremlin Qarabağ separatçıları ilə bağlı strateji planları mövcuddur. Bəs biz Kremlin planlarını pozmaq üçün nə edirik və nə etməliyik? Əsas bu sual üzərində düşünməliyik. Kremlin təlimatı ilə Qarabağdakı ermənilərə Rusiya pasportları paylayırlarsa, buna mənim şübhəm yoxdur, bunun qarşısını necə alacağıq? Rusiyanın Qarabağdan çıxarılmasının konsepsiyası üzərində düşünməliyik”, - deyə ekspert vurğulayıb. E.Şahinoğlu qeyd edir ki, Moskvadan Xankəndinə köçən və separatçıların “baş nazir” postuna yiyələnən erməni milyarder Ruben Vardanyanın Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibəsini oxuyub: “Müsahibə o qədər genişdir ki, məşhur "Kommersant" qəzetinin müxtəlif dövlətlərin liderlərindən bu böyüklükdə müsahibə yayımladığını xatırlamıram. Vardanyanın geniş müsahibəsini qısaca belə xarakterizə etmək mümkündür. Birincisi, “Qarabağın "statusu" müəyyənləşməyənə qədər rus hərbçilər bölgəni tərk etməməlidirlər". İkincisi, “rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır”. Üçüncüsü, “iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır”. Müsahibədən o da aydın olur ki, Vardanyan müharibədən qorxur və müsahibədə müharibə adamı olmadığını nümayiş etdirir. Ruben Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib. Vardanyanın Xankəndinə köçməsi Kremlin layihəsidir. Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar. Kreml bizə belə bir mesaj göndərir: “Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutyunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”. Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir: “Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır”.
Politoloq hesab edir ki, Azərbaycan rəsmilərinin Ruben Vardanyanla görüşü istisna olunur: “Bu, ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Ruben Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar”.
Emil SALAMOĞLU
Tarix: 4-11-2022, 14:01